Bu oyunla bağlı ən müxtəlif proqnozlar var idi. Maraqlıdı ki, artıq fasiləyə qədər üç qol vuruldu və bununla da komandaların “barıtı tükəndi”.
İlk dəqiqələrdən daha fəal görünən italyanlar hissənin üçdəbiri arxada qalarkən topu tora göndərdi. Ancaq Bonuççinin qolu ofsayda görə sayılmadı. “Qırmızı iblislər” buna De Bruyne və Lukakunun zərbələri ilə cavab verdi. Donnarumma komandasını qoldan xilas etdi. Ardından Mançininin komandası qaydalar çərçivəsində qol vurdu. Topu ələ keçirən Verratti Barellanı qapıçı ilə duelə göndərdi. O da iki rəqibin arasından sıyrılmaqla hesabı açdı. Hissənin sonunda komandalar hərəyə bir qol vurdu. Əvvəlcə nəzarətsiz qalan İnsinye özünəməxsus zərbə ilə uzaq küncü nişan aldı. Sonra isə Dokuya qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirən Lukaku intriqanı ölməyə qoymadı. 2-ci hissə birinci qədər dinamik keçməsə də, belçikalılar hesabı bərabərləşdirə bilərdi. Lukaku De Bruynenin ideal ötürməsini boşa verdi. Sonluq əvəzetmələr və zədələr ilə müşayiət olundu. Bu turnirdə əla təsir bağışlayan Spinatsola üçün mübarizə bitdi. Əvəzində onun komandası iyulun 6-da Londonda keçiriləcək İspaniya ilə yarımfinal oyununa hazırlaşmalıdı. Belçikalıların “qızıl” nəsli isə bu dəfə də titula həsrət qaldı.
Rəqəmlər və faktlar
* İtaliya yığması AÇ tarixində hansısa turnirdə ardıcıl 5 qələbə qazanan ikinci komanda kimi düşdü. İtalyanlara qədər yalnız AÇ-84-də ardıcıl 5 qələbə qazanan Fransa bunu bacarmışdı.
* İtaliya yığması seçmə turniri də nəzərə almaqla AÇ-də ardıcıl 15-ci qələbəsini qazandı. Əvvəlki rekord buna qədər ardıcıl 14 qələbə qazanan Belçikaya məxsus idi.