"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"la matçdan sonra jurnalistlərin əhatəsinə düşdü.
“Köhlən atlar”ın çalışdırıcısı toplanışı dəyərləndirməklə yanaşı, həm Konfrans Liqasında rəqibləri olacaq “Aşdod” barədə fikirlərini bölüşdü, həm də “Qarabağ”ın transfer siyasətinə toxundu.
- “Sumqayıt”la oyunla toplanışın ilk mərhələsini başa vurduz. Hazırlıq prosesini necə dəyərləndirirsiz?
- Oyunlara qədər razı qaldığım məqamlar olub. Hansı ki, öz proqramımız var. İyulun 22-dək komandanı tam hazır etmək istəyirik. Məşqlər düşündüyümüz kimi gedir. Futbolçular bu il daha yaxşı istirahət etdilər. Toplanışa daha istəkli gəliblər. Həqiqətən hər məşqdən sonra inamlı oluram. Bugünkü matç iyulun 2-nə və ya 3-nə planlaşdırılmışdı. "Sumqayıt" Türkiyəyə gedəcəyindən proqram dəyişdi. Amma istənilən halda Bakıda iki oyun keçirdik, futbolçulardan istədiyimizi ala bildik. Sadəcə, bu gün hər hissədə fərqli heyətə güvəndik. Qarşılaşma iki gün sonra olsaydı, plan fərqli idi. Hər oyunun müəyyən faydası olur və çatışmayan cəhətləri görürsən. Çalışırıq ki, yaxşı cəhətləri daha da yaxşılaşdıraq və çatışmazlıqları aradan qaldıraq. İki oyundan razı qaldım.
- Hamını narahat edən sual var: "Qarabağ" transferlərdə gecikirmi?
- Bəli, transferlər gecikir. Mən də istəyirəm ki, daha tez reallaşsın və istədiyimiz oyunçuları əldə edək. Çünki Konfrans Liqasına qədər futbolçu nə qədər tez bizimlə olsa, onun performasını yaxşılaşdırmaq üçün böyük imkan yaranar. İnanın ki, danışıqlar dayanmır. Daha çox gücü-qüvvəni transfer məsələsinə yönəltmişik. Ola bilər, bir az gec olsun. Amma transfer etməyi planlaşdırırıq və edəcəyik. Sadəcə, bəzən bizdən asılı olmayan nüanslar olur. 4-5 futbolçu ilə danışıqlar davam edir.
- Konfrans Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağınız "Aşdod" barədə nə deyə bilərsiz? Rəqibin hansısa xüsusi özəllikləri varmı?
- İsrail futboluna maraq son vaxtlar artıb. Çempionatları həddən artıq maraqlıdı. Hansısa klubun yaxşı olması üçün çempionatın səviyyəsinin də yaxşı olması vacibdi. İsrail premyer-liqası son vaxt seçilən çempionatlardan biridi. Rəqibimiz öz çempionatının üçüncüsü olmağı bacarıbsa, bu təsadüf deyil. Bizim üçün çox ciddi rəqibdi. Amma mən həmişə istəmişəm ki, futbolçuların oyunu və performansı daha da yaxşılaşsın. Öz komandamı tam hazırlayandan sonra oyunçulara "Aşdod" barədə məlumat verəcəm. Rəqibin oyunlarını izləmişik və futbolçuların da az da olsa, məlumatı var. Yeni turnirdə hamı yaxşı nəticə əldə etmək istəyəcək. Çalışacağıq ki, qüsurları aradan qaldıraq və bu oyuna tam istədiyimiz kimi hazır olaq.
- Yeni transferlər "Qarabağ"ın gücünə güc qata biləcəkmi?
- Bu gün deyə bilmərəm ki, sırf hansısa futbolçunu götürəcəyik. Çünki 3-4 futbolçu ilə danışıqlar gedir. Amma bunların arasında ən yaxşısını əldə etmək istəyirsən. Komandaya necə fayda verəcəklərini deyə bilməyəcəyəm. Maraqlandığımız hər futbolçunun özünəməxsus üstün keyfiyyətləri var. Hücum xəttinə mütləq transfer etmək istəyirik. Bu mövqedə minimum bir oyunçunun olması vacibdi. Amma çalışacağıq ki, iki futbolçu əldə edək. Müdafiə xəttinə və yarımmüdafiəyə də yeni futbolçu istəyirik.
- Kadi Yuri Borges Malinovski komandaya uyğunlaşa bilir?
- Düşündüyümüzdən daha tez komandaya uyğunlaşacaq. Məşqlərdə hiss edirəm ki, hansısa tapşırıq veriləndə rahat yerinə yetirir. Fikrimcə, qısa zamanda uyğunlaşacaq. Sadəcə, ideal fiziki formasından bir az uzaqdı. Bu günə kimi ondan başqa futbol tələb ediblər. Biz isə başqa şeylər tələb edəcəyik. Düşünürəm ki, komandaya faydalı olacaq.
- Yeni transferlər maddi məsələlərə görə gecikir, yoxsa Azərbaycana gəlmək istəmirlər?
- Bəzi oyunçuların keçidi maddi məsələlər səbəbindən gecikir. Bu isə futbolçuya yox, məhz klubuna görədi. "Qarabağ"ın adına bir az fərqli yanaşırlar. Elə bilirlər ki, 7 ildi avrokubokların qrupunda oynadığımıza görə pulumuz Avropa klubları ilə eyni səviyyədədi. Transferlərə həddən artıq çox pul istəyirlər. Əlbəttə, danışıqlar gedir və məbləğdə müəyyən dəyişikliklər olur. Bu gün yaxşı oyunçunun qiyməti fərqlidi. Sadəcə, bəzən düşündüklərindən artığını istəyirlər. Bəlkə başqa klub istəsə, məbləğ aşağı olacaq. Amma "Qarabağ" istəyəndə görürsən ki, daha artıq məbləğ tələb edirlər. İstənilən halda uyğun qərar verəcəyik. Bizdə də futbolçunun transferi üçün ayrıca məbləğ ayrılmalıdı. Böyük klublarda belədi. Transfer məbləği ilə futbolçunun maaşı arasında çox böyük fərq var. Transfer məbləği hərdən bizə mane olur və futbolçunu götürə bilmirik. Bəzi klublar bizimlə əməkdaşlıq etmək istəyir və hər varianta əl atırıq. Son vaxtlar müsbət yöndə danışıqlar gedir. Əvvəl-axır bizim klublarımız və futbolumuz da böyüyəcək. Bunun üçün bəzi Avropa standartları ilə ayaqlaşmalıyıq. Klub olaraq bunları rəhbərlik səviyyəsində yoluna qoymağa çalışırıq. Dəfələrlə olub ki, bəzi problemləri aradan qaldıra bilmişik. Amma ölkə klubları olaraq bu addımları atmağa məcburuq. Bunu daha da tezləşdirməliyik.
- Bu mövsüm də oyunların azarkeşsiz keçirilməsi gözlənilir. Klub olaraq AFFA vasitəsi ilə məsələnin həlli üçün müraciət etməyi fikirləşirsiz?
- Fikrimcə, ehtiyac yoxdu. Hamı bilir ki, azarkeşsiz futbol elə də maraqlı deyil. Avropa çempionatına, sonra isə digər oyunlara baxandan sonra görürük ki, fanatlarsız futbol yaxşı alınmır. Bizdən asılı olmayan nüanslar var. İnsanların sağlamlığını qoruyub saxlamaq lazımdı. Bəzi qaydalara da riayət etmək vacibdi. Mən də çox istərdim ki, azarkeşləri stadiona buraxsınlar. Futbolçular yenidən basqını, azarkeşin tələbini canlı hiss etsin və meydanda öz potensiallarını göstərməyə gücləri olsun. Ümid edək ki, Avropa çempionatına azarkeşlərin buraxılması bizim oyunlarda fanatların iştirakına kömək edəcək.
RƏŞAD