Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirib.
Samir Abasovun komandası Moskva “Spartak”ı ilə üz-üzə gəlib.
Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçirilən görüş Bakı vaxtı ilə saat 19:30-da başlayıb. Qarşılaşma "Neftçi TV" vasitəsilə canlı yayımlanıb.
Görüş "Neftçi"nin hücumları ilə başlayıb. Üstünlüyü ələ alan "ağ-qaralar" 9-cu dəqiqədə Namik Ələskərovla hesabı açıb. Sabir Burqin və Emin Mahmudovun fəallığı bir neçə epizod da yaradıb. Lakin hücumları məntiqi sonluqla tamamlamaq mümkün olmayıb. İlk hissənin sonlarında Moskva təmsilçisi hesabı bərabərləşdirməyə nail olub. Künc zərbəsindən ötürmədən sonra Mixail İqnatov bərabərlik qolunu vurub. Qoldan 3 dəqiqə sonra Namik Ələskərov "Neftçi"nin yeni transferini qol mövqeyinə çıxarıb. Harramiz Suares fərqlənib - 2:1.
İkinci hissə də eyni ssenari ilə başlayıb. İlk dəqiqələrdə "ağ-qaralar" üstün olub. Lakin sonradan "Spartak" oyunçuları üstünlüyü ələ alıb. Bir neçə dəfə təhlükəli vəziyyət yarada biliblər. Aqil Məmmədov komandanı real qol şanslarından xilas edib. Görüşün gedişində hər iki komanda dəyişikliklərə gedib. Matçda başqa qol olmayıb və görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, flaqmanın yoxlama matçlarındakı ilk qələbəsi olub.
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də yerli “Olimpiya” komandası ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə “Domjale”yə 1:2 hesabı ilə uduzmuşdu.