“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç klubun rəsmi saytına təəssüratlarını bölüşüb.
O, Azərbaycanda xoşbəxt olduğunu bildirib:
“Yeni müqavilə imzaladığım üçün çox şadam. Ailəm və mən Azərbaycanda çox xoşbəxtik. Burada hər şey ürəyimizcədi. Buna görə də yeni müqavilə imzaladım”.
Ağdam təmsilçisi ilə yeni 2 illik müqavilə imzalayan xorvatiyalı pleymeyker yeni mövsümlə bağlı hədəflərindən də söz açıb:
“Qarabağ” həmişə olduğu kimi, çempionluq uğrunda mübarizə aparır. Mənim də hədəfim çempionluq titulunu geri qaytarmaqdı. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əlavə, Konfrans Liqasında da mübarizəyə başlayacağıq. Artıq rəqibimiz də məlumdu. Bu turnirə ciddi yanaşırıq. Burada qrup mərhələsinə düşməyə çalışacağıq. Əsas hədəfimiz budu və istəyimizi reallaşdırmaq üçün sona qədər mübarizə aparacağıq”.
Qeyd edək ki, Filip Ozobiç “Qarabağ”a 2018-ci ilin yayında “Qəbələ”dən keçib.