"Qəbələ"də hər şey büdcədən asılı olacaq
Ötən mövsümü 7-ci pillədə bitirən “Qəbələ”nin mövsümlərarası fasilədə təlim-məşq toplanışını ölkə daxilində keçirəcəyindən xəbəriniz var.
Bu haqda ötən saylarımızın birində yazmışdıq. Onu da bildirmişdik ki, “qırmızı qaralar” toplanışın ilk mərhələsini doğma rayonda, ikinci hissəsini isə Bakıda keçirəcək. Elmar Baxşıyevin çalışdırdığı komanda paytaxtda olduğu müddətdə iyulun 16-da “Zirə”, 21-də “Səbail” ilə yoxlama görüşü keçirməyi planlaşdırır.
Bölgə təmsilçisi yay fasiləsində hələ ki heyətə yeni futbolçu qatmasa da, 11 oyunçu ilə yolları ayırıb. Gedənlərdən beşi artıq özünə yeni klub tapıb. Tərlan Əhmədli, Roman Hüseynov, Yusif Nəbiyev “Sumqayıt”la, Merab Qiqauri “Keşlə” ilə anlaşıbsa, xorvatiyalı Milinko Medimoreç Rumıniya təmsilçisi UTA-ya üz tutub. Ceyms Adeniyinin İsrail klubu ilə danışıq apardığı da gəzən söz-söhbər arasındadı.
Bəs “qırmızı-qaralar” yeni mövsüm üçün heyətə kimləri cəlb edəcəklər, komandada ancaq yerli futbolçular olacaq, yoxsa rəhbərlik legionerlərin də xidmətinə ehtiyac duyacaq? “Qəbələ”nin baş meneceri Zaur Əzizov sualımıza belə reaksiya verdi:
“Hər şey klubun büdcəsindən asılı olacaq. Maliyyə vəziyyətimizə uyğun addım atacağıq. Ancaq hələ ki bu məsələ ilə bağlı heç nə bəlli deyil. Yəqin yaxın günlərdə sizə də, bizə də qaranlıq qalan suallara aydınlıq gələcək. Təbii ki, gedənlərin əvəzinə yeni futbolçular dəvət olunacaq. Akademiyamızın yetirmələrinə də şans veriləcək. Təbii ki, gənclərin yanında təcrübəli isimlərin olması vacibdi. Bu üzdən ola bilsin, büdcəmizə uyğun bir neçə legioner də dəvət etdik. Hər şey hadisələrin axarından asılı olacaq”.
RƏŞAD