Premyer-liqanın 2020/21 mövsümünü 5-ci pillədə başa vuran “Sabah”ın hazırlıq planı bəlli olub.
Masazır təmsilçisi iyulun 1-də Bakıda yığışacaq. Ramin Quliyevin yetirmələri iki həftə paytaxtda hazırlıq keçəcək.
Təlim-məşq toplanışının ikinci mərhələsinin ölkə xaricində olması planlaşdırılır. Redaksiyamıza daxil olan məlumata görə, “tələbələr” Gürcüstana getmək niyyətindədi. Pandemiya ilə bağlı problemlər həll olunacağı təqdirdə Masazır təmsilçisi qonşu ölkəyə səfər edəcək. Hazırlığın ilk mərhələsində 2, ikinci mərhələsində 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərdən hələ ki biri - “Zirə” ilə qarşılaşma dəqiqləşib.
Heyətlə bağlı komandada hələ ki yenilik yoxdu. Klub rəhbərliyi hazırlığın ikinci mərhələsində düşərgəyə yeni futbolçular cəlb etmək niyyətindədi.
Qeyd edək ki, “tələbələr” transfer dönəmində milli üzvləri Elvin Camalovla Səlahət Ağayevi heyətində qatıb. Təmkin Xəlilzadə, Elçin Mustafayev, Dmitri Klots, Eltun Turabov, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyet, Kevin Kubemba, Elşən Abdullayev, Ruslan Abışov, Filip İvanoviçlə yolları ayırıb. Ramin Quliyev, qapıçı Saşa Stamenkoviç, müdafiəçilər Zurab Oçiqava və Bəxtiyar Həsənalızadə, hücumçu Xulio Sezar Rodrigeslə isə müqavilənin müddəti artırılıb.
İLKİN SULTANLI