
“Real” yeni mövsüm və yeni həyəcan ərəfəsində
Peresin əsas hədəfi Mbappedi
Serxio Ramosla Zinəddin Zidan gedəndən sonra Madriddə gözlər Kilian Mbappeyə dikilib. Son mövsüm “Real” üçün çətin və mükafatsız oldu, belə nəhəng klub isə buna öyrəşməyib və heç vaxt da öyrəşməyəcək.
İndi İspaniya paytaxtında təkcə möhtəşəm “Santyaqo Bernabeu”nun yox, komandanın da yenidən qurulması prosesi gedir. “Real”ın rəhbərliyi hətta bəzi məqamlarda ağrılı görünəcək dəyişikliklərin vacibliyinə əmindi.
İlk böyük dəyişiklik əfsanəvi Zidan gedişi oldu. Onun arxasınca isə heç də az məşhur olmayan Serxio Ramos yollandı. Kapitanın gedişi bir qədər gözlənilməz oldu. “Real” camiəsində əksəriyət belə düşünürdü ki, Peres mövqeyini dəyişəcək və kapitana yeni müqavilə təklif edəcək. Ancaq prezident güzəştə getmədi: “Ramosun gələcəyi onsuz qurmalı olduğumuz haqda fikrini eşitdim. Və yalnız ondan sonra David Alabanı komandaya gətirməyə qərar verdim”.
Karlo Ançelottinin gəlişi bəlkə də keçmişə dönüşdü, ancaq italiyalı özü ilə sadəlik və paltardəyişmə otağına harmoniya gətirib. Don Karlo həmişə bu klubda böyük və haqq etdiyi hörməti görüb.
Florentino Peres qısamüddətli məzuniyyətdən sonra işinin başına qayıdıb. Onun fikri “Real” azarkeşlərini yenidən həyəcanlandırmaqdı. Məsələn, Kilian Mbpappenin gəlişi Madrid üçün şimşək çaxmasına bənzəyərdi.
Ötən mövsümün əvvvəli koronavirus pandemiyası üzündən komanda üçün çətin keçdi. Zidan Qaret Beyl, Xames Rodriges, Dani Sebalyos kimi oyunçulara bel bağlaya bilmədi. Maliyyə çətinlikləri yeni futbolçular almağa da imkan vermədi və komanda tədricən yerində saymağa başladı. Yeni simaların və motivasiyanın yoxluğu rəhbərliklə baş məşqçi arasında münasibətlərin sərinləşməsinə də yol açdı.
Komanda əsas heyətdə oyunçu qıtlığından əziyyət çəkdi – rekord sayda zədələr sabit oyunu əngəllədi. Zidanın komandası ÇL-də və La Liqada sona qədər titul uğrunda mübarizə aparsa da, heç nəyə gücü çatmadı.
Bəli, komanda yeni mövsümə yeni simalar və hədəflər ilə başlayacaq. Superliqa ideyası üzündən UEFA-nın gözündən düşən Peres doğru qərarlar verməklə heç olmasa, Madrid azarkeşinin gözündə ucalmalıdı.