Basketbol üzrə Avroliqada ötən mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb.
Turnirin rəsmi saytı bu ada "Anadolu Efes"in “sükanı arxasında” olan Ergin Ataman layiq görüldüyünü xəbər verib. Türkiyəli mütəxəssisə Aleksandr Qomelskinin adını daşıyan mükafat yeni mövsümdə Avroliqadakı ilk ev oyununda veriləcək.
Xatırladaq ki, "Anadolu Efes" finalda "Barselona"nı 86:81 hesabıyla məğlub etməklə Avroliqanın qalibi olub. Türkiyəli mütəxəssis isə karyerasında 4-cü dəfə qitənin klub turnirini qazanıb. Həmçinin Ataman basketbol tarixinə həm Avroloqanı, həm də Avrokuboku qazanan 3-cü məşqçi kimi düşüb. “Efes”lə builki qələbəsini xatırlatdıq. 2016-da isə “Qalatasaray”la titul qazanıb.
Avroliqada mübarizə aparan başqa komandaların düşərgəsindən gələn xəbərlər də əsasən məşqçilərlə bağlıdı. Məşhur serb mütəxəssis Jelko Obradoviç “Partizan”ın baş məşqçi postuna qayıdacaq. Tərəflər üçillik müqavilə bağlı razılığa gəlib. 1991-93-cü illər aralığında “Parizan”a rəhbərlik edən Obradoviç həmin vaxt komandanı Avroliqada qələbəyə daşıyıb. 61 yaşlı mütəxəssis ötən ilin iyununda “Fənərbaxça”dan ayrılıb və 2020/21 mövsümündə heç bir komandanı çalışdırmayıb. Avroliqanı ümumilikdə 9 dəfə (“Partizan”, “Xuventud”, “Real”, “Panatinaikos” və “Fənərnaxça” ilə) qazanan serb Avropanın ən titullu məşqçisidi.
İnsayder Emiliano Karçianın “tvitter” hesabında yaydığı xəbərə görə, Andrea Trinkyeri “Bavariya”nın baş məşqçi postunda qalacaq. 52 yaşlı italyan Münhen klubu ilə müqaviləsinin müddətini uzadıb. 2020-də “sükan arxasına” keçən Andrea “Bavariya”nı Avroliqanın pley-offuna çıxarıb. Müntəzəm çempionatda 5-ci yeri tutan münhenlilər ilk dəfə pley-offda oynayıb. Maraqlıdı ki, bir neçə gün əvvəl KİV-də Trinkyerinin “Fənərbaxça”nın baş məşqçisi olacağı ilə bağlı xəbərlər yayılmışdı.