* Almaniya Portuqaliyanı ardıcıl 5-ci dəfə məğlub etdi. Bundestim üçü qitə, ikisi isə dünya çempionatına təsadüf edən bu oyunlarda pireneylilər üzərində 15:5 hesablı üstünlük əldə edib.
*Almaniya millisi rəqib qapısına 4 dəfə yol tapmaqla dünya və Avropa çempionatlarında vurduğu qolların sayını 302-ə yüksəltdi. Bundestim bununla da Avropanın böyük turnirlərdə 300 qol hədddini aşan ilk komandası oldu.
* Portuqaliya AÇ-də son çempion kimi bir oyunda 4 top buraxan ilk komanda oldu.
* Portuqaliya qitə və dünya çempionatında ikinci dəfə bir oyunda 4 top buraxdı. Maraqlıdı ki, hər iki fakt məhz Almaniya ilə matçlarda baş verib. Xatırladaq ki, bundestim bu rəqibini DÇ-2014-də 4:0 hesabı ilə məğlub etmişdi. Portuqaliyanın nəhəng turnirlərdə 67 oyun keçirdiyini də bildirək.
* Münhendəki oyunda iki avtoqol qeydə alındı. AÇ-2020 bununla da avtoqolların sayına görə (5) AÇ-2016-nı (3) arxada qoydu. Xatırladaq ki, cari turnirdə daha əvvəl Dəmiral (Türkiyə), Şçensnı (Polşa) və Hummels (Almaniya) topu öz qapısına göndərmişdi.
* Ronaldo AÇ-də 23-cü oyununu keçirməklə sahibi olduğu rekordu yenilədi.
* Ronaldo Almaniyaya ilk dəfə qol vurdu. O, bundan əvvəl bu komandaya qarşı keçirdiyi 4 matçda (360 dəqiqə meydanda olub) qapı istiqamətində endirdiyi 23 zərbənin heç birindən sonra sevinməmişdi. Fransa yığması bu baxımdan Kriştiano üçün daha arzuolunmaz rəqibdi. Portuqaliyalı hücumçu “xoruzlar”a qarşı keçirdiyi 6 oyunda qapıya yol tapa bilməyib.
* Ronaldo AÇ-dəki qollarının sayını 12-yə çatdırdı və sahibi olduğu rekordu yenilədi.
* Ronaldo AÇ və dünya çempionatlarının final mərhələsindəki qollarının sayını 19-a (uyğun olaraq 12 və 7) çatdırdı. O, bu göstəriciyə əsasən Almaniya yığmasının sabiq hücumçusu Herd Mülleri (4+14) arxada qoydu. Portuqaliyalı futbolçu indi iki turnirdə ümumilikdə 19 (3+16) qol vuran daha bir almaniyalı Miroslav Kloze ilə şərikli liderdi.
* Ronaldo milli formadakı qollarının sayını 107-yə çatdırdı. O, indi dünya rekordçusu olan iranlı Əli Daeyidən (109) iki top geri qalır.
* Haverts qapıya yol tapmaqla Almaniya millisinin Avropa çempionatları tarixində qol vuran ən gənc oyunçusu oldu. “Çelsi”nin yarımmüdafiəçisi iyunun 19-da 22 yaş 8 günlüyündə idi. O, bu göstəriciyə əsasən DÇ-2010-da Uruqvayın qapıçısını məyus edən Mülleri (20 yaş 300 gün) arxada qoyaraq bundestimin tarixinə nəhəng turnirlərdə qol vuran ən gənc oyunçu kimi də düşdü.
***
Portuqaliya: Almaniyaya ardıcıl 5-ci məğlubiyyət!
İyunun 15-də Münhendə Fransaya uduzmaqla (0:1) qitə çempionatına ilk dəfə məğlubiyyətlə başlayan Almaniya qrupda qalmamaq üçün Portuqaliyanı məğlub etməyə çalışacaqdı. Bundestim son 15 ildə özü üçün münasib rəqibə çevrilən pireneylilər üzərində daha bir inamlı qələbə qazandı.
Fransızlarla oyunda hücum xəttində problemlər yaşayan Yoahim Lövün komandası bu planda çətinliyini tamamilə aradan qaldırmışdı. Son illər arxa xətti inamlı təsir bağışlayan Portuqaliyada isə qəribə problemlər ortaya çıxdı. Əks-hücumda hesabı açan son qitə çempionu fasilə ərfəsində rəqibin böyük təzyiqi qarşısında aciz qaldı. Diaş ilə Gerreyronun topu öz qapısına yönəltməsi almanların hücum gücünün məntiqi nəticəsi idi. Pireneylilər fasilədən sonra da təzyiqə davam gətirə bilmədilər. Matçın qəhrəmanı isə komandasının 4 qolunun hamısında yaxından iştirak edən, bir qol vuran və Havertsə məhsuldar ötürmə verən “Atalanta”nın 26 yaşlı yarımmüdafiəçisi Qosens oldu.