“Formula-1” komandalarından “Alpin” rəsmi saytında pilotu Esteban Okonla yeni müqavilə bağladığını elan edib.
Fransızla müqavilə 2024 mövsümünün sonuna qədər nəzərdə tutulur. 2020 mövsümü ərəfəsində “Alpin”ə qoşulan Okon ona qədər “Fors-İndiya”da iki il keçirmişdi. Fransız cari mövsümün arxada qalan ilk altı mərhələsində 12 xal toplamaqla ümumi hesabda 12-ci yerdədi.
Bu arada BBC iyulun 18-də keçiriləcək İngiltərə “Qran-pri”si ilə bağlı yeni xəbər yayıb. Böyük Britaniyanın hakim dairələri epidemioloji durumun yenidən pisləşməsi üzündən məhdudiyyətlərin müddətini daha 4 həftə uzatsa da, azarkeşlər tribunalara buraxılacaq. Bazar ertəsi baş nazir Boris Conson lokdaunun iyulun 19-dan tez götürülməyəcəyini bildirib. Yarış isə yuxarıda vurğuladığımız kimi, bundan bir gün əvvəl keçiriləcək. Tribunalara müəyyən sayda tamaşaçının buraxılacağı bildirilir. Hökumət bu yolla həm də sosial məsafə tələbinin ləğvinin yoluxma statistikasına necə təsir göstərdyini üzə çıxarmaq istəyir.