“Qarabağ” heyətini gücləndirmək üçün yeni futbolçular axtarışındadı. Yerli və Türkiyə mətbuatının məlumatına görə, ağdamlılar almaniyalı məşhur ulduz Lukas Podolski ilə yaxından maraqlanır. Məlumatın nə qədər doğru olduğunu dəqiqləşdirmək üçün Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi xəbəri təkzib etdi:
“Biz bu futbolçunun xidmətində maraqlı deyilik. Podolskiylə bağlı menecerlərlə heç bir danışıqlar aparmamışıq”.
Qeyd edək ki, Polşa əsilli forvard Almaniyanın bütün yaş qrupları üzrə yığmalarına çağrılıb. 2004-cü ildən əsas milliyə dəvət olunub və 2017- dək burda keçirdiyi 130 oyunda 49 qol vurub. “Köln”ün yetirməsi karyerası ərzində “Bavariya”, “Arsenal”, “İnter”, “Qalatasaray” və “Vissel Kobe”nin şərəfini qoruyub. 2020/21 mövsümündə “Antalyaspor”un heyətində 36 qarşılaşmada meydana çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qarabağ” İtaliya, İspaniya, Fransa və Portuqaliyanın ikinci liqalarında çıxış edən gənc futbolçularla yaxından maraqlanır. Klub belə oyunçuları heyətə cəlb edərək iki-üç illik müqavilə bağlamaq niyyətindədi. Onların özünü yaxşı tərəfdən göstərməsi gələcəkdə Avropa klublarına satılmasına səbəb ola bilər. Məhz bu səbəbdən ağdamlılar gənclərin axtarışındadı. Gündüz Abbaszadənin bu məsələyə reaksiyası belə oldu:
“Transferlərlə bağlı - kimdi, neçə yaşı var - məlumat vermək istəmirəm. Bu istiqamətdə işlərimiz davam edir. Sadaladığınız məqamlara diqqət yetirilir, önəm verilir. Ümumiyyətlə, transfer olunacaq futbolçu “Qarabağ”ın meyarlarına uyğun olmalıdı. Bu səbəbdən də xüsusi həssaslıqla seçim edirik. Azarkeşlərimizin səbirsizliyini də anlayırıq. Amma biz “Qarabağ”ın tələblərinə uyğun olmayan futbolçunu transfer etmək istəmirik. Hansısa keçid olsa, rəsmi saytımızda məlumat paylaşacağıq. Əlavə olaraq onu deyə bilərəm ki, transfer çalışmaları davam edir. Konkret say açıqlaya bilmərəm. Amma onu deyə bilərəm ki, transferi gündəmdə olan futbolçuların sayı çoxdu. Bəzi mövqelər üzrə axtarışları sürətləndirmişik. Sözün düzü, hazırda transfer məsələləri bir qədər çətindi. Çünki bu işlərə, bayaq qeyd etdiyim kimi, çox həssas yanaşırıq”.