İtaliyaya Romada 0:3 hesablı yenilgidən sonra Türkiyə millisinin BOS-da üzləri güldürəcəyini düşünürdük.
Bu qarşılaşma ərəfəsində baş verən müsbət olaylar, qardaşlıq mesajları, möhtəşəm ab-hava “ay-ulduzlular”ı Uelslə matçda irəli aparmalıydı. Amma Şenol Günəşin komandası hər şeyin üstündən çalın-çarpaz xətt çəkdi, azarkeşləri qəm dəryasına qərq etdi. Bu üzdən görüşlə bağlı sosial şəbəkələrdə yer alan paylaşımlar təəccüb doğurmadı.
Rəşad Ergün (komanda.az saytının rəhbəri): “Türkiyə millisi Avropa çempionatında 45 dəqiqə futbol oynadı, o da Uelslə görüşün ikinci hissəsində. İtaliya ilə oyunda və Uelslə matçın ilk hissəsində Şenol Günəşin baş məşqçiliyi tutmasaydı, komandanı guya əks-hücumda, ya da futbola hələ məlum olmayan hansısa taktika ilə oynatmağa çalışmasaydı, indi Türkiyə millisinin azı 1 xalı var idi. Adam rəsmən Avropa çempionatının havasına girmək istəyib taktika-filan, sxem, strategiya icad etmək istədi, girdiyi yer bataqlıq oldu. Bu cür biabirçı oyunlara, nəticələrə görə baş məşqçi bağışlanmamalıdı”. Kənan Həsənov (“Futbol+” qəzetinin redaktoru): “Türkiyədə çıxan Günəş Bakıda qürub etdi...”
Əflatun Amaşov (Mətbuat Şurasının sədri): “Bizə şəkil çəkdirmək qaldı...”
Araz Əhmədov (sportfm.az saytının rəhbəri): “Qorxaq, mühafizəkar, məğlub zehniyyətli Şenol Günəş sayəsində Türkiyə kimi böyük potensiala malik yığma meydanda heç bir varlıq göstərə bilmir. Heyf səndən Uğurcan, heyf səndən, Hakan, heyf səndən, Çağlar, heyf səndən, Merih və başqaları...” Hüseyn Cəbrayıloğlu (“Xəzər Lənkəran”ın sabiq mətbuat katibi): “Türkiyə millisinin içinə Azərbaycan yığması girib”.
Kənan Məstəliyev (rekord.az saytının rəhbəri): “Azərbaycan yığması daha, iki dəfə daha yaxşı oynayardı bu oyunu. Belə taxta taktika ilə Türkiyə heç nəyə ümid edə bilməz. Seçmə mərhələdə fırtına kimi əsən millidən əsər-əlamət belə yoxdu. Səbəbi çox qaranlıqdı mənə”. Emin Süel (“Qarabağ”ın aşağı yaş qrupları üzrə sabiq əlaqələndiricisi): “Neymiş? Maçlar oynanmadan kazanılmıyormuş. Neymiş? Eğer bir sistem oluşturamazsanız, günlük başarılar ile tatmin olmak zorunda kalınıyormuş. Neymiş? Asıl problem Avrupaya oyuncu göndermek degil, mantalitenin değişmesiymiş. Hayatın gerçeklerine hep birlikte hoş geldik”.
Amal Abuşov (köşə yazarı): “Bizim cocuklar" “çərçivə”yə zərbə vursa, Danni Uard o topun tora qovuşmasına əngəl olmasa, İtaliya İsveçrəni udsa, sonra da Uelsi xalsız qoysa, isveçrəli futvolçuların Bakıda qarnı ağrısa və onlar meydana çıxa bilməsələr, Türkiyə qrupdan çıxacaq...” Erkin İbrahimov (agent): “Sən demə, İtaliya o qədər də güclü deyilmiş…”
Elsevər Paşa (“Futbol+” qəzetinin sabiq əməkdaşı): “1996-dan bəri Türkiyənin final mərhələsində bütün oyunlarına baxmışam. Bu qədər bərbad, ruhsuz, bacarıqsız, xaotik, dişsiz, oyun məzmunu olmayan, qorxaq, hətta ürkək milli görməmişəm! Halbuki gözləntilər əvvəlkilərdən daha böyük idi. Tarixində ən güclü legioner heyətiylə, seçmə mərhələdə dünyanın ən güclü komandasından 4 xal alaraq gəlmişdilər. Nə baş verdi? Bunlara nə azar dəydi? Şenol Günəş iki oyundu nə etmək istəyirdi?! Sadəcə, şokdayam...”
İbrahim Cəfərov (futbolxeber.az saytının rəhbəri): “Götürün kalkulyatorları, başlayaq Türkiyə millisinin şanslarını hesablamağa”. Anar Şabanoğlu (köşə yazarı): “Bir millət, bir futbol... Qocaman məşqçi lazım idisə, Fatih Terim olardı. Cavanların qarşını kəsməyin! Bu nə azarkeşlik idi? Hardaydı “Forza Neftçi”, “İmarət”, Atanur Cəfərli və sair?”
Ramiz Mirzəzadə (“CBC Sport”un əməkdaşı): “Türkiyənin AÇ-2020 çıxışı tam bir faciə. Birincisi, Türkiyə futbolunda hazırkı nəsli Mirça Luçesku formalaşdırdı. Bu kişiyə hörmət edilmədi. Bu öz yerində. Şenol Günəşin meydana buraxdığı komandada yarımmüdafiə xəttində topu saxlayacaq oyunçu yoxdu. Ancaq ver cinaha, sonra qapı qarşısına hava ötürməsi və nəticə sıfır. Bir məşqçi niyə düşünməsin ki, Uels Böyük Britaniya futbol məktəbi təmsilçisidi. Onlara qarşı belə oynamaq tam bir fiaskodu. Və daha bir amil - arxayınlıq. "Bizim çocuklar", ay elə, ay belə. Çıxıb vuruşmaq lazım idi. Türkiyə futbolunun ən önəmli amili belə görünmədi, vuruşmadılar. Buna görə həmişə Fatih Terim tənqid olunub. Amma gəlin baxaq, AÇ-2008-də oynayan futbolçular meydanda necə vuruşurdular? Bu gün əzmkar bir komanda var idi meydanda, o da Uels idi. Birinci oyunda qorxaq futbol, ikinci oyunda taktika yox. Avropa çempionatının ən gənc komandasına hələ təcrübə və çox yaxşı bir mütəxəssis lazımdı. Şenol Günəş ilə bu olmadı”. Ürfan Məmmədli (İTV-nin əməkdaşı): “Türkiyə millisi hamıdan tez AÇ-2020 üçün toplaşdı. Türkiyə superliqası digər çempionatlarla müqayisədə 1 həftə tez bitdi. Hamısı buna görəmi? Məşqçi işi sıfır, komanda ruhu sıfır. Təsnifatı uğurla başa vuran Türkiyədən əsər-əlamət yoxdu”.