“Legiya” - “Bişofşofen”lə görüşündən sonra Varşava təmsilçisinin forvardı qarşılaşmanı dəyərləndirib.
Mahir Emreli klubun rəsmi saytına matçla bağlı açıqlama verib. Qarşılaşmanın birinci hissəsində het-trikə imza atan Azərbaycan millisinin forvardı bunun o qədər də önəmli olmadığını söyləyib:
“Bu oyun komanda yoldaşlarımı daha yaxından tanımaq fürsəti baxımından mənim üçün vacib idi. Əlbəttə, üç qol vurmaqdan məmnunam, amma mənim üçün ən vacibi uyğunlaşmadır. Hər şey ürəyimcə gedir. Mən hücumçuyam və işim qol vurmaqdır. Ancaq ən vacib məqamlar yaxın gələcəkdə baş verəcəklərdir. Yaxşı oynamağa davam etməliyəm”.
24 yaşlı futbolçu “Legiya”nın fərqli oyun üslubuna malik olduğunu və buna tam öyrəşmək üçün zamana ehtiyac duyduğunu vurğulayıb:
“Rəqib güclü komanda deyildi, ancaq cəsarətlə mübarizə apardı, xarakter göstərdi. “Legiya” topla oynamağı sevir. Fərqli taktikada çıxış edir və heç vaxt belə oynamamışam. 6 il “Qarabağ”da 4-3-3 sistemində çıxış etdik. Yeni taktikaya alışmalıyam, bu barədə məşqçimlə danışdım. Hər şeyi mənə izah edəcəyini və addım-addım buna uyğunlaşacağımı söylədi”.
Qeyd edək ki, Mahir Emrelinin 60 dəqiqə oynadığı qarşılaşmada “Legiya” “Bişofşofen” üzərndə 5:0 hesablı qələbə qazanıb.