Avropa çempionatının oyunları davam edir. Turnirin qrup mərhələsinin ilk turu başa çatıb. Bakı da təşkilatçı şəhərlərindən biridi. A qrupunun üç və 1/4 finalın bir oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Artıq ölkəmizdə iki qarşılaşma baş tutub.
Turnirlə bağlı bir sıra məqamlar əleyhimizədi. Bunlardan ən başlıcası azərbaycanlı hakimlərin oyunlara təyinat almamasıdı. Bunun səbəbləri barədə ötən saylarımızın birində həm Veteranlar İttifaqının sədr müavini Rüstəm Rəhimov, həm də sabiq FIFA referisi Tahir Süleymanov danışmışdı. Onlar hakimlərimizin səviyyəsinin AÇ oyunlarını idarə etmək üçün yetərli olmadığını dilə gətirmişdilər. Bəs azərbaycanlı hakim-inspektorlar və UEFA nümayəndələri nə üçün turnirə təyinat almırlar? Nəzərə alaq ki, AÇ-2020-də həm gürcü, həm də ermənilərin nümayəndələri oyunlara təyinat alıblar. UEFA azərbaycanlıları nə üçün turnirdən kənarda saxlayıb?
Suallarımızı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevə ünvanladıq. Sabiq referi məsələni belə izah etdi:
“Təyinatlarla bağlı qərarları UEFA Hakimlər Komitəsi verir. Onların işinə müdaxilə etmək ixtiyarında deyilik. Onlar özləri adları müəyyənləşdirir, qrafikə uyğun da təyinatları açıqlayırlar. Amma bu o demək deyil ki, azərbaycanlılar zəif iş görürlər. Həm də turnirin hələ ki qrup mərhələsinin 1-ci turu başa çatıb. Ola bilər ki, növbəti görüşlərdə həm UEFA nümayəndələri, həm də hakim-inspektorlarımız oyunlara təyinat alsınlar. Bugünlərdə həm Çempionlar Liqasının, həm Avropa Liqasının, həm də Konfrans Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü atıldı. Düşünürəm ki, UEFA azərbaycanlı FIFA referilərinə burda güvənəcək. Bundan əlavə, həm UEFA nümayənlərimizi, həm də hakim-inspektorları müxtəlif görüşlərə təyin edəcək. Avropa çempionatına gəlincə, mən hələ bu məsələdə ümidliyəm. İnanıram ki, ikinci turun qarşılaşmalarında və ya 1/4 final görüşlərində azərbaycanlı hakim-inspektorlar və ya UEFA nümayəndələri iş başında olacaqlar”.
İLKİN SULTANLI