Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Tiflis “Dinamo”suna rəqib olan “Neftçi”nin düşərgəsində hərəkətli günlər yaşanır.
Paytaxt klubu ulduz futbolçusu Keysuke Honda ilə yolları ayırıb. Flaqmanın rəsmi saytının yaydığı xəbərə görə, 35 yaşlı yarımmüdafiəçinin müddəti başa çatan müqaviləsi yenilənməyib. "Ağ-qaralar" yaponiyalı oyunçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, bu ilin martında "Neftçi"yə keçən Honda 7 oyunda 2 qol vurub. "Neftçi"nin milli futbolçuları hazırlığa Bakıda qoşulacaq. İlkin plana əsasən Emin Mahmudov, Namik Ələskərov və qvineyalı Mamadu Kane istirahətdən sonra birbaşa Sloveniyaya getlməliydilər. Ancaq məlumdu ki, Çempionlar Liqasındakı təmsilçimizin yeni mövsümə hazırlıq planında dəyişiklik olub. Belə ki, Samir Abasovun komandasının təlim-məşq toplanışının birinci mərhələsi iyunun 18-dək davam edəcək. Texniki səbəblərə görə “Neftçi” Sloveniyaya həmin gün yollanacaq. Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanış çərçivəsində 4 yox, 3 yoxlama oyunu baş tutacaq. Onu da bildirək ki, yeni transfer, "Keşlə"nin paraqvaylı sabiq yarımmüdafiəçisi Sezar Meza Kolli də iyunun 16-da Bakıya gələrək hazırlığa qatılıb.
"Neftçi” müqaviləsinin müddəti başa çatan daha bir futbolçusu ilə bağlı qərar verib. Voislav Stankoviç yeni anlaşma üçün Bakıya dəvət olunub. Artıq burda olan 34 yaşlı serbiyalı mərkəz müdafiəçisiylə bugünlərdə rəsmi müqavilə bağlanacaq. Stankoviç 2019-cu ilin yayından "Neftçi"də çıxış edir. Anton Krivotsyukun da müqaviləsinin müddəti bitib. Milli üzvü yeni müqavilə təklifinə hələ ki cavab vermədiyindən məsələsi açıq qalır. Gənc müdafiəmi Polşa və Ukrayna klubları yaxından maraqlandığından o, gələcək karyerası barədə hələ qərar verməyib.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Krivotsyukun taleyinə aydınlıq gəlmədiyini söylədi:
"Müdafiəçi ilə uzanan, davam edən danışığımız olmayıb. Biz ona qalması üçün konkret təklifimizi etmişik və şərtlərimizi də demişik. O, ölkə xaricindən təkliflərinin olduğunu, legioner həyatı yaşamaq istədiyini söyləyib. Bizimlə müqaviləsinin müddəti bitib, qalmasını istəyirik. Karyerası ilə bağlı yekun qərarı özü verəcək. Baş məşqçi Samir Abasov da onun qalmasının tərəfdarıdı".
Anton Krivotsyukun "Neftçi"dən ayrılmaq ehtimalının olduğunu Samir Abasov da təsdiqləyib. Klubun rəsmi televiziyasına açıqlama verən 43 yaşlı mütəxəssis bildirib ki, artıq 23 yaşlı müdafiəçinin mövqeyinə yeni oyunçu axtarışlarına başlayıblar:
"Nə qədər dəqiq olduğunu deyə bilmərəm, amma çox güman, Krivotsyuk da bizimlə olmayacaq. Hazırda əlimizdə üç müdafiəçi var. Hücumçunun olmaması isə bizim üçüçn əsl başağrısıdı".
Krivotsyukun “Neftçi”dən getməsi dünən günün ikinci yarısında rəsmi təsdiqini tapıb. 23 yaşlı müdafiəçi “Qarabağ”dan azad agent statusunda ayrılan Mahir Emreli kimi karyerısını Polşada davam etdirəcək. Milli komandanın üzvü Plotsk "Visla"sı ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında “5” nömrəli formada çıxış edəcək. Maraq üçün qeyd edək ki, “Visla” son mövsüm ekstraklasada 16 komanda arasında 33 xalla 13-cü olub. “Qarabağ”ın sabiq müdafiəçisi Yakub Jezniçak da Plotsk təmsilçisinin şərəfini qoruyur.
“Neftçi” böyük ehtimalla daha bir futbolçu ilə yolları ayıracaq. Bu, fransalı Stiven Jozef-Monrozdu. Hücumçunun “ağ-qaralar”la müqaviləsinin müddəti başa çatıb. Bu məsələdə hələ ki “status-kvo” qorunur. Samir Abasovun başçılıq etdiyi məşqçilər korpusu Jozef-Monrozla bağlı konkret qərar verməyib. Bu üzdən məsələ açıq qalıb. “Neftçi” təklif göndərsə də, forvard qalmaqda maraqlı deyil. Oyunçu menecerlərinə daha yaxşı şərtlər irəli sürən komanda axtarmağı tapşırıb. Çünki çempionun şərtləri Jozef-Monrozun ürəyincə deyil.
Samir Abasov əsasən müdafiə haqda düşünür. Belə ki, 43 yaşlı mütəxəssis mərkəz müdafiəçisinin transferini istəyir. Bundan əlavə, sol cinahda Tallisona əvəzləyici tapılması baş məşqçinin əsas hədəflərindən biridi. Düzdü, braziliyalı ilə rəsmən yollar ayrılmasa da, Abasov onun çıxışından narazıdı. Bu səbəbdən də son çempionunun skautları Portuqaliya, İspaniya, Fransanın ikinci və üçüncü liqalarından bu mövqelərdə çıxış edə biləcək oyunçu axtarışındadı.
“Neftçi”nin Sloveniyaya gec getməsi səbəbsiz deyil. Belə ki, komandanın 3 afrikalı futbolçusu viza problemi ilə üzləşib. Bu məlumatı da Rüstəm Allahverdiyev verdi. O, seneqallı Mamadu Mboc, qvineyalı Mamadu Kane və nigeriyalı Yusuf Lavala Şengen vizası alarkən problem yaşadıqlarını dedi:
"Pandemiya səbəbindən Şengen ölkələrində viza ilə bağlı şərtlər dəyişib. Onlar dedilər ki, biz vizanı yalnız iyunun 16-dan sonra verə bilərik. Biz də fikirləşdik və təlim-məşq toplanışın proqramında dəyişiklik etməyi qərara aldıq. Sloveniyaya hamımız birlikdə hərəkət etmək qərarına gəldik. Viza ilə bağlı problem artıq həllini tapıb".
Qeyd edək ki, "Neftçi" sabah təlim-məşq toplanışı üçün Sloveniyaya yollanacaq. İyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanışda üç yoxlama oyunu baş tutacaq ki, iyunun 21-də rəqib Sloveniya “Olimpiya”sı (Lyublyana), 29-da isə Moskva “Spartak”ı olacaq. Rusiya təmsilçisinin rəsmi “tvitter” səhifəsində yer alan xəbərə görə, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19.30-da çalınacaq. İyunun 25-dəki rəqib isə hələ müəyyənləşməyib.
İLKİN SULTANLI