“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan təlim-məşq toplanışının ilk mərhələsi artıq bitirmək üzrədi.
“Neftçi”nin yeni mövsümə hazırlıq planında dəyişiklik olub. Klub saytında yer alan xəbərə görə, toplanışın birinci mərhələsi iyunun 18-dək davam edəcək. Texniki səbəblər üzündən “Neftçi” Sloveniyaya 18-də yollanacaq. Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanış çərçivəsində 4 yox, 3 yoxlama oyunu keçiriləcək. “Neftçi” iyunun 21-də Sloveniya “Olimpiya”sı (Lyublyana), 29-da isə Moskva “Spartak”ı ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib hələ müəyyənləşməyib. Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək flaqmanın 1-ci təsnifat mərhələsindəki rəqibinin adı iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.
Bakılılar şənbə günü ilk transferini də rəsmiləşdirib. Klub saytının məlumatına görə, paraqvaylı futbolçu Sezar Meza Kolli ilə 2 illik müqavilə bağlanıb. 29 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində "10” nömrəli formanı geyəcək. Son klubu “Keşlə” (2013-16, 2018, 2019-21) olan Sezar 2016/17 mövsümündə “Zirə”də oynayıb. O, həmçinin İtaliyanın “Çezena” (2011-12), “Pavia” (2012-13), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya” (Krayova, 2018) klublarında çıxış edib. Meza Kollinin “Neftçi”yə keçəcəyini 1 ay öncə diqqətinizə çatdırmışdıq.
Bu arada adı paytaxt təmsilçisiylə yanaşı hallanan futbolçu Türkiyə klubuna üstünlük verib. Belə ki, “Eyüpspor” Bolqarıstan “Beroe”sindən ayrılan Teddi Mezaqeni transfer edib. Fransalı futbolçu PTT 1-ci liqa klubunun 102 illik tarixində ilk əcnəbi futbolçu olub. 31 yaşlı müdafiəçinin adı “Neftçi”nin siyahısında yer alsa da, sonda onun transferindən imtina olunub.