Bir neçə gün öncə “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovun zədəsinin ciddi olduğu ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlamışdı. Moldova - Azərbaycan matçında zədələnən futbolçunun durumu daha ağır imiş. Bədavi əməliyyat olunacaq. Abbaszadə milli komandanın heyətində zədələnən müdafiəçinin 6 ay meydana çıxmayacağını söylədi:
“Təəssüf ki, tibbi müayinələrdən sonra Bədavi Hüseynovun əməliyyata ehtiyacının olduğu üzə çıxdı. O, diz bağından zədə alıb. Bu isə futbolda ən ağır zədə sayılır. Ona görə də əməliyyat olunacaq. Bu isə o deməkdi ki, futbolçu 6 ay oynamayacaq. Ümid edirik ki, bərpa müddəti daha az olacaq. Amma indiki halda görünən odu ki, Bədavi 6 ay futboldan kənarda qalacaq. Onun harda əməliyyat olunacağını milli komandanın həkimləri bilir. Çünki Bədavi yığmanın oyununda zədələnib. Buna görə də qaydaya uyğun onun bütün xərclərini AFFA qarşılayacaq”.
İLKİN SULTANLI