Azərbaycan premyer-liqasında çıxış edən üç klubun – “Zirə”, “Qəbələ” və “Səbail”in əvəzedici komandaları ötən mövsüm birinci divizionda mübarizə aparmadı. Bunu isə maliyyə və futbolçu çatışmazlığı ilə əsaslandırdılar. Bugünlərdə redaksiyamıza daxil olan məlumata görə, artıq sözügedən klublar növbəti mövsümdən əvəzedicilərini diviziona göndərməyə qərar verib.
Xəbərin dəqiqliyini yoxlamaq üçün klub rəsmiləri ilə əlaqə saxladıq. “Səbail”in icraçı direktoru Fərəc Əliyev əvəzedici komandanın gələn mövsümdən divizionda çıxış edəcəyini təsdiqlədi: “Növbəti mövsümdən etibarən “Səbail-2” divizionda çıxış edəcək. Gənc və yeniyetmə futbolçuları əsas komandaya cəlb etmək istəyirik. Bu məqsədlə də əvəzedici heyətin divizonda çıxış etməsinə qərar verdik. Bizim məqsədimiz çempion olmaq deyil. Baş məşqçi də müəyyənləşib, ona da xüsusi tapşırıqlarımız olacaq. Rəsmi sayt və sosial şəbəkə hesablarımızda paylaşmasaq da, “Səbail-2”ni Ruslan Qafitullin çalışdıracaq”.
“Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə isə əvəzedici heyətin növbəti mövsüm divizonda çıxış edib-etməyəcəyinin məlum olmadığını dedi. Onun sözlərinə görə, bu məsələyə yaxın günlərdə aydınlıq gələcək.
Təəssüf ki, “Qəbələ”dən məsələylə bağlı cavab ala bilmədik. Lakin bizdə olan məlumata görə, bölgə təmsilçisinin ehtiyat qüvvəsi də növbəti mövsüm birinci divizionda mübarizə aparacaq.
AYGÜL