19 yaşadək futbolçulardan ibarət yığma təlim-məşq toplanışını tamamlayıb. Hazırlığın əsas hissəsini Moldovanın paytaxtı Kişinyovda keçən komanda yoxlama oyunlarında da gücünü sınayıb. Belarusla qolsuz bərabərə qalan yığma Moldova (1:1, 0:2) ilə bacarmayıb. Toplanışla bağlı fikirlərini öyrənmək üçün U-19-un baş məşqçisi Elxan Abdullayevlə əlaqə saxladıq: “Təlim-məşq toplanışı mayın 26-da Bakıda başladı. İyunun 1-dək “Dalğa Arena”da hazırlıq keçdik. Bakıdakı hazırlığıı tamamlayıb əvvəlcə Minskə, daha sonra Kişinyova getdik. Kişinyovda iki oyun keçirdik. Hazırlıq yaxşı keçdi, futbolçuların performasından razı qaldım. Nəzərə almaq lazımdı ki, bu futbolçular pandemiyaya görə ilyarımdı oynamırlar. İştirak etdikləri sonuncu beynəlxalq oyun 2019-cu ildə baş tutub. Bu amilləri nəzərə alsaq, ustalıq səviyyəsi baxımından çatışmazlıqlar var. Amma özlərini yaxşı tərəfdən göstərə bildilər. Hər birini ayrı-ayrılıqda yoxladıq. Əzmkarlıqlarından, mübarizələrindən razı qaldım. Lakin üzərlərində işləmək lazımdı. Ən qısa müddətdə itirdikləri zamanı bərpa etməyə çalışacağıq”.
Baş məşqçinin əsas narahat olduğu məqam isə futbolçuların fiziki vəziyyəti ilə bağlıdı: “Hazırlıq dönəmində fiziki vəziyyətin bərpası üçün vaxtımız çox olmur. Bu yöndə boşluqlar var. Yeni mövsüm başlayandan sonra vəziyyət sabitləşəcək. “Qəbələ”nin futbolçuları, ümumiyyətlə, heç bir yarışda iştirak etməyib, komandanın əvəzedici heyəti də divizionda olmayıb. Bu baxımdan futbolçuların durumu o qədər də yaxşı deyil. Səviyyə istədiyimiz kimi deyil, amma əlimizdən gələni edəcəyik”.
AYGÜL