“Transfer pəncərəsi” açıqdı və premyer-liqa klubları ilk addımları ata bilər. Hərçənd klubların əksəri bu yay böyük pullar xərcləməyəcək. Tomas Tuxel mövsümü uğurla başa vurduğuna görə “Çelsi”nin bir neçə yeni oyunçu alması gözlənilir. Heyətlə bağlı kütləvi dəyişikliyə ehtiyac yoxdu. Ancaq Tuxel Londonda öz izini qoymağa çalışacaq. Tuxelin bu yay hücumçu mövqeyinə böyük diqqət ayıracağı gözlənilir. Ötən yay Timo Vernerin alınmasına baxmayaraq, “Çelsi” daha bir forvard almaq üçün cani dildən çalışır. Olivye Jiru birillik yeni müqavilə bağlasa da, onun yeni mövsümün əvvəlində komandada qalıb-qalacağı hələ bilinmir.
Bəs kimi almaq faydalı olardı? Erlinq Holannın alınması mümkün transferlər arasında ən ideal variant olardı, çünki “Tottenhem”i tərk etməyə hazırlaşan Harri Keynə “Mançester Siti” hamıdan ciddi maraq göstərir. Bu transfer “Siti”yə ən azı 150 milyon funta başa gələcək. MS və “Çelsi” Keyni və ya Holannı almağa qadirdi. Ancaq “mahmızlar” Keyni həmşəhərlilərinə vermək istəmir. Hər şey ona doğru aparır ki, Holann transfer olunsun.
Eyni zamanda Dortmund “Borussiya”sı ulduz hücumçusunu bu yay buraxmaq istəmir. Çünki Ceydon Sançonun da “Mançester Yunayted”ə qoşulması gözlənilir. İndi əsas sual budu ki, MY dortmundluların istədiyi paranı verəcəkmi?
Hələ Frenk Lempardın dönəmində “zadəganlar”ın əsas hədəflərindən sayılan Deklan Raysı Tuxel də bəyənir. Rays N'Qolo Kanteni problemsiz əvəz edə bilər və onun lazım gələndə müdafiənin mərkəzində oynamağa imkan verən universallığı Tuxel üçün böyük üstünlük olacaq. Kante ilə yeni müqavilənin imzalanması da vacib addımlardandı. 30 yaşlı futbolçunun müqavilə müddəti 2023-də bitir, o, dünyanın ən yaxşı yarımmüdafiəçilərdindən sayıldığına görə “zadəganlar” talismanını uzun müddət saxlamaa borcludu. Holann ilə Raysın imza atması Tuxel üçün ideal variant olardı. Markos Alonso ilə Emerson Palmiyerinin gələcəyi sual altında olduğuna görə daha bir sol cinah müdafiəçisinin alınması artıqlıq etməzdi. Satışa gəlincə, “Çelsi”nin heyəti həqiqətən genişdi və Tuxel vəziyyətə nəzarət etməlidi. Baş məşqçi icarədən qayıdan Ruben Loftus-Çik, İtan Ampadu kimi oyunçuların da taleyinə dair qərar verməlidi.