“Brentford”un sahibinin uğur formulu belədi
İngiltərə çempionşipi gözlənilmədən eksperimentlər üçün möhtəşəm meydana çevrilib. Marselo Byelsalı “Lids” ardıcıl iki il liqada “at oynatdı”. Mayın sonunda isə elitaya “Brentford”yüksəldi. 3-cü yeri tutan komanda pley-offda rəqiblərini üstələdi. “Brentford” oyun üslubundan daha çox idarəçiliyə yanaşmasına görə maraqlıdı. Klubu Oksford Universitetinin dahi məzunu idarə edir – riyaziyyatın və analitikanın fanatı olan birisi “Brentford”u İngiltərənin ən ağıllı klubuna çevirməkdədi.
“Brentford”un yüksəlişi zəngin sahibinin – biznesmen Metyu Benhemin adı ilə bağlıdı. Ancaq Abramoviçdən və ərəb şeyxlərindən fərqli Benhem yeni tipli sahibkardı, intellekt əsasında varidata yiyələnib.
Oksford Universitetinin fizika fakültəsini bitirən Metyu bir müddət “Yamaichi International” investisiya şirkətində işləyəndən sonra bettinq dünyasına baş vurub. O, populyar “Premier Bet” bukmeker şirkətində aparıcı treyder vəzifəsinə yiyələnib. Orda Böyük Britaniyanın ən nəhəng betterlərindən sayılan Toni Blumun rəhbərliyi altında çalışıb.
İdman hadisələrinin təhlili sahəsində əvəzsiz təcrübə qazanan Benhem yeni işə başlayıb. 2004-də onun “SmartOdds” şirkəti qeydiyyatdan keçib. Bu adi bukmeker şirkəti deyil, adamlar statistik tədqiqatlar və model qurmaq ilə məşğul olur. Sadə dildə desək, müştərilərə idman hadisələrinin hansı nəticələrinin daha ağlabatan olmasıyla bağlı məsləhət verirlər. Bir qədər qəribə görünsə də, Metyuda hər şey riyaziyyata söykəndiyindən sistem əla çalışırdı. Metyu özü də şirkətinin xidmətindən yararlanır. Onun “SmartOdds”dakı depozit hesabında 800 milyon funta yaxın pul var, biznesmen müntəzəm pul qoyuluşu edir.
2010-cu ildə “SmartOdds” Britaniyada bettinq biznesinin liderlərindən birinə çevrildi, Benhem isə multimilyonçu oldu. Zənginləşən Metyu bütün normal adamlar kimi sevimli futbol klubunu aldı. İlk dəfə “Brentford”un ev oyununa 1979-da baş çəkən Benhem həmin vaxtdan komandanın sadiq azarkeşidi. 2009-cu ildə səhmlərin bir hissəsinə yiyələnib və sonrakı 5 ildə müntəzəm kluba pul qoyub. 2014-də isə səhmlər paketində payını 100 faizə çatdırmaqla vahid sahibə çevrilib.
Benhem “Brentford”u alanda klub 3-cü divizionda yarışırdı. Borcları qapayan biznesmen yeni stadion tikəcəyinə söz verdi və sözünü tutdu. Klubu premyer-liqada görmək istəsə də, onu “Çelsi” və “Siti” kimi pul kisəsinə çevirmək fikrindən uzaq idi. Vacib məqam: Metyunun puluna heyfi gəlmir, sadəcə, müasir futbol nəhəng xərclər ilə onu qıcıqlandırırdı. O, oyuna statistika və riyaziyyatı qatmaqla maksimal effektiv klub qurmağı arzulayır. Planları ona necə ambisiyalı göründüsə, əvvəlcə bunları daha kiçik klub üzərində sınamağa qərar verdi – 2011-in yayında Danimarkanın “Midtülland” klubunu aldı. Metyu ölkə seçimini belə izah edirdi: “Transparency International”ın hesabatına baxsaz, ölkədə korrupsiyanın səviyyəsinə dair indeksi görərsiz – iki ən az korrupsiyalaşmış ölkə Danimarka və Yeni Zelandiyadı. Danimarkada belə hal olmur ki, agent futbolçunun keçidini sürətləndirməyə çalışsın. Biznesin inkişafı üçün yaxşı yerdi”.
Benhemin ideyasının daşıyıcısı 30 yaşlı danimarkalı Pasmus Ankersen oldu – onu “Midtülland”ın direktoru təyin etdilər. Riyaziyyatın oyuna təsirinə dair sübut: “Midtülland” 2014/15 mövsümündə standart vəziyyətdən vurulan qolların sayına görə Danimarkada hamını qabaqladı. 2-ci yerdəki komanda ilə fərq 25 qola bərabər idi. Oyunçu axtarışında da təhlilə əl atılırdı. Ankersen yetərincə qiymətləndirilməyən və baha olmayan, amma komandanı gücləndirməyə qadir futbolçuları üzə çıxarırdı. Nəticədə büdcəsinə görə ölkədə 4-5-ci olan klub bir dəfə də ilk “3-lüy”ü tərk etmədi, üç dəfə çemoionluq, bir dəfə kubok qazandı, 2020/21 mövsümündə Çempionlar Liqasında oynadı.
“Brentford”un inkişafında yeni epoxa 2015-də - Metyu komandanı çempionşipin pley-offuna çıxan baş məşqçi Mark Uorbertonu qovandan sonra başladı. Baş məşqçi bossun seleksiya ilə bağlı mövqeyini bölüşmürdü. Benhem belə menecerə dözmək fikrində deyildi. O, belə hesab edirdi ki, transferlərə görə klub və idman direktoru cavabdehdi, məşqçi dialoqda iştirak edə bilər, ancaq veto hüququndan məhrumdu. Burda məntiq sadədi – klub konkret an üçün yox, uzunmüddətli perspektiv üçün futbolçu axtarır. Uorberton qovulandan sonra Rasmus Ankersen idman direktoru postuna gətirildi və “Midtülland”dakı vəzifəsini qorumaqla paralel şəkildə çalışdı.
Ankersen inkişaf etmiş statistika sayəsində daim hardansa səviyyəli oyunçular tapır. Sonrakı sxem sadədi – bu uşaqlar bir neçə il Brentfordda oynayır, ardından yüksək məbləğ qarşılığında başqa klublara gedirlər. Jurnalistlər belə sistemi “Moneyball” adlandırır.
“Brentford” dərin statistika sayəsində heç kimin ağlına gəlməyən yerlərdə almaz tapır. Forvard Skott Hoqanı 4-cü diviziondakı “Roçdeyl”dən 800 minə aldılar və üç mövsüm sonra “Aston Villa”ya 12 milyona satdılar. Bu siyahıda tanış adlar da var. 2014-də Ceyms Tarkovskini “Oldhem”dən cəmi 300 minə aldılar, bir neçə il sonra “Bernli”yə 4,5 milyona satdılar.
Daha bir axtarış istiqaməti Danimarkadı. Bu təkcə “Midtülland” ilə yaxın əlaqələrlə bağlı deyil. 2016-dan “Brentford”u danimarkalı Tomas Frank çalışdırır. Maraqlısı budu ki, “Brentford” onun karyerasında ilk böyük klubdu. Həmin vaxta qədər Danimarkanın aşağı yaş qrupu yığmalarında və elə “Brentford”da məşqçi yardımçısı kimi işləmişdi. Yarımmüdafiəçi Matias Yensenin fikirləri: “Frank gəncləri yaxşı tanıyır və onları inkişaf etdirməyi bacarır. Bilirəm ki, əksər danimarkalı oyunçular “Brentford”u ona görə seçib”. Yeri gəlmişkən, Yensen və digər danimarkalı yarımmüdafiəçi Kristian Nerqor AÇ-yə yollanan heyətdə yer alıb. “Brentford”da ümumilikdə 7 danimarkalı var.
Parlaq biznesdi: Benhem dönəmində “Brentford” 156 milyon avroluq futbolçu satıb. Elə həmin oyunçuların alınmasına isə cəmi 13,5 milyon xərclənib. Ancaq konsepsiya yalnız oyunçuların transferindən qazanmaqdan ibarət deyil. Metyu istəyir ki, onlar satılana qədər kluba xeyir gətirsin. “Brentford” 2019-un yayında fransız forvard Nil Mopeni “Brayton”a 22 milyona satdı, halbuki iki il əvvəl 2 milyona almışdı. Olli Uotkinsi cinahdan mərkəzə çəkməklə dərhal Mopeyə əvəzedici tapdılar. Elə həmin yay “Trua”dan cinah hücumçusu Brian Mbemonu aldılar. Əks cinahda əlcəzairli Səid Benrahma parlayırdı. 2019/20 mövsümündə bu üç futbolçu 57 qol və 20 məhsuldar ötürmə ilə yadda qaldı. Pis deyil, axı klub onlara görə cəmi 14 milyon xərcləmişdi. Nəticədə Benrahma 23 milyona “Vest Hem”ə, Uotkins 34 milyona “Aston Villa”ya keçdi.
Oyunçuların bir-birini uğurla əvəz etməsi də heyrət doğurur. “Brentford” Uotkinsin yerinə “Piterboro”dan Ayven Touninin tapdı. 25 yaşlı ingiltərəli elə ilk mövsümdə 33 qol vurdu, 10 məhsuldar ötürmə verdi. Fanatlar Tounini “yeni Uotkins” adlandırır, o özü isə “Brentford”a analitika sayəsində düşdüyünü deyir: “Çox qol vursam da, çempionşip klubunu maraqlandırmağa kifayət etmirdi. Yalnız “Brentford” mənlə ciddi maraqlandı. Onların görüşə gətirdiyi statistikadan belə çıxırdı ki, çempionşipdə özümü göstərəcəm. Onlar mənim haqqımda özümdən daha çox şey bilirdilər”.
Benhemin ağıllı yanaşması sayəsində “Brentford” 74 ildə ilk dəfə premyer-liqada oynayacaq. Komanda daha erkən bunu bacara bilərdi, ancaq Metyu üçün prinsiplərə sadiqlik vacibdi: “Brentford”un fanatı kimi, hər şeyi bildiyimiz kimi etməyimizdən qürur duyuram. Axının əleyhinə getmək xoşuma gəlir. Divizionun üç ən yaxşı komandasından biriyik, əvvəllər bizi hesabdan silən adamlar indi tərifləyir. Yenilikçisizsə, daim nəsə düşünməlisiz. Hamıdan irəlidə olmalı və futbolun sərhədlərini genişləndirməyi davam etdirməliyik”.