Birillik təxirəsalma, iştirakçı sayının azalması, təşkilatçılığın dəyişməsi, Braziliyada boykot cəhdi...
Dünən start götürən Avropa çempionatından sonra Cənubi Amerikada da yığma komandalar arasında turnirin həyəcanı yaşanacaq. 47-ci Amerika Kuboku regionun ən böyük ölkəsində keçiriləcək. Gedişatın və nəticələrin necə olacağını bilməsək də, bu yarışa artıq “başıbəlalı” təyinini vermək olar. Səbəblərini hadisələrin xronoloji ardıcıllığı ilə izah edəcəyik.
Əvvəlcə onu qeyd edək ki, Amerika Kuboku 2020-ci ildə iyunun 12-dən iyulun 12-dək iki ölkədə - Kolumbiya və Argentinada keçirilməli idi. Lakin koronavirus təhlükəsinə görə AÇ-2020 kimi Okeanın o tayında da təxirəsalma qaçılmaz oldu. Başqa sözlə, martda ötən ilə planlaşdırılan Amerika Kubokunun vaxtında baş tutmayacağı açıqlandı. Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) məcburiyyətdən turnirin 2021-ci ildə 11 iyun – 11 iyul aralığında təşkilinə qərar verdi.
Bu ilin fevralında Amerika Kubokunun Avstraliya və Qətərsiz təşkil ediləcəyi məlum oldu. KONMEBOL-un baş katibinin müavini Qonsalo Bellozu startı iyuna planlaşdırılan turnirin təşkilinin mümkün olacağını bildirmiş, hətta tribunalarda müəyyən sayda azarkeşin görünəcəyini də vurğulamışdı. Qeyd edək ki, Amerika Kubokunda son vaxtlar Cənubi Amerikanın 10 ölkəsinin yığmasından başqa, digər regionlardan dəvət olunan iki komanda da iştirak edirdi. Hələ bir neçə il əvvəl builki yarışda Avstraliya və Qətər yığmalarının iştirakı təsdiqlənmişdi. Lakin bu komandaların məxsus olduqları ölkələr iştirak hüququndan imtina etdilər. Beləliklə, pandemiyaya görə birillik müddətə təxirə salınan yarış yalnız yerli komandaların, yəni 10 yığmanın iştirakıyla təşkil olunacaq. Turnirin əvvəlcədən planlaşdırıldığı kimi Argentina və Kolumbiyada keçiriləcəyi də təsdiqini tapmışdı. Lakin komanda sayı azaldığından yarışın təqvimini yenidən tərtib etmək lazım gəldi. Amerika Kubokunun iyunun 13-də start götürəcəyi, yarışın iştirakçısı olacaq 10 yığmanın əvvəlcə hərəsində 5 komanda olmaqla iki qrupda mübarizə aparacağı bəyan edildi. Argentina və Kolumbiya yığmaları təşkilatçı ölkələrin komandaları olduğundan fərqli qruplara salınmışdı. 5 turdan ibarət olacaq qrup mərhələsinin iyunun 28-də sona çatacağı, qruplarda ilk 4 yeri tutacaq iddiaçıların 1/4 finala vəsiqə qazanacağı, bu mərhələnin oyunlarının iyulun 2-3-də, yarımfinal matçlarının iyulun 5-6-da, final və 3-cü yer uğrunda oyunun isə iyulun 10-da keçiriləcəyi qərara alındı (sonradan 3-cü yer uğrunda oyun iyulun 9-na irəli çəkildi). Qrupların tərkibi isə aşağıdakı kimi idi:
Şimal qrupu: Kolumbiya, Braziliya, Ekvador, Peru, Venesuela.
Cənub qrupu: Argentina, Boliviya, Çili, Paraqvay, Uruqvay.
Pandemiyanın davam etməsi Cənubi Amerikada yaşayan azarkeşləri növbəti dəfə məyus etdi. Apreldə Amerika Kubokunun Kolumbiyadakı oyunlarının tamaşaçısız təşkil olunacağı açıqlandı. Ölkənin prezidenti İvan Duke canlı efirdəki çıxışı zamanı yoluxma planındakı mövcud vəziyyətin ciddiliyini nəzərə almalı olacaqlarını vurğulamışdı. İki ay əvvəl digər təşkilatçı Argentinanın hakim dairələri azarkeşləri çoxdan narahat edən məsələ ilə bağlı qərar verməkdə çətinlik çəkirdi...
Yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Burda da fələk rolunda əsasən koronavirus çıxış etdi. Starta on gün qalmış təşkilatçılıqla bağlı ciddi problem ortaya çıxdı. Amma çətinlik qısa zamanda aradan qaldırıldı. Argentina və Kolumbiya təşkilatçılıq hüququndan məhrum edildi. KONMEBOL-un bu qərarına səbəb kimi hər iki ölkədə koronovirusa yoluxmanın geniş yayılması, üstəlik Kolumbiyada vergi dərəcələrinin artırılmasına qarşı aprelin 28-dən başlayan etiraz aksiyalarının səngiməməsi göstərildi.
KONMEBOL-un rəhbərliyi tələm-tələsik yarışa evsahibliyi etmək hüququnu Braziliyaya verdi. Futbol qurumunun bəxtindən Cənubi Amerikanın ən böyük ölkəsinin prezidenti Jair Bolsonaru təşkilatçılığı öz üzərinə götürməyi hakimiyyətini möhkəmləndirmək üçün böyük fürsət kimi dəyərləndirdi. Lakin onun təkbaşına qərar verməsi ölkəsində heç də birmənalı qarşılanmadı. Bakı vaxtı ilə bazardan bazar ertəsinə keçən gecə start götürməli olan Amerika Kuboku ətrafında həyəcan daha da artdı. Bir problem həllini tapandan sonra digəri ortaya çıxdı. Çox keçmədən Braziliya yığmasının Amerika Kubokunda iştirakdan imtina etdiyi məlum oldu. Bu barədə üstüörtülü də olsa, baş məşqçi Tite ilə komandanın yarımmüdafiəçisi Kazemiro açıqlama verdilər. Onlar bir neçə gün əvvəl KİV-ə qısa açıqlamalarında bütün diqqətlərini DÇ-2022-nin Ekvador və Paraqvayla seçmə oyunlarına yönəltdiklərini və Amerika Kuboku haqda düşünmədiklərini bildirdilər. Kazemiro hər şeyə Paraqvayla oyundan sonra aydınlıq gətirəcəklərini əlavə etdi. Yerli mənbələrə görə, məşqçilərlə oyunçuların turnirin təşkilatçılıq hüququnun Braziliyaya verilməsini sosial şəbəkələrdən öyrənməsi yığma üzvlərində kəskin narazılıq doğurmuşdu. Bu səbəbdən Tite və komandası vətəndə təşkili planlaşdırılan yarışda mübarizə aparmaq istəmirdi. Yerli mənbələr Titenin buna görə istefaya göndəriləcəyini də vurğulayırdı. Mundialın hər iki seçmə oyunu braziliyalıların 2:0 hesablı qələbəsi ilə nəticələndi və Paraqvayla matçdan sonra milli komanda Amerika Kuboku ilə bağlı qərarını dəyişdi. Bu barədə yığmanın qapıçısı Alisson Beker öz sosial şəbəkə hesablarında açıqlama yaydı. O, vətəndə keçiriləcək turnirdə oynamaq qərarına gəldiklərini bildirməklə daha çox dövlət başçısı Bolsonarunu sevindirdi. Bu arada ölkə daxilində təşkilatçılıqla bağlı narazıların sayı da artmışdı. Müxtəlif qurumlarda olduğu kimi parlamentdə də əleyhdarlar kifayət qədər idi. Senatın koronavirusa qarşı mübarizə tədbirlərini öyrənən müxtəlif komissiyalarının üzvləri turnirin məhz indi Braziliyada təşkilinə qarşı çıxdılar. Onlar növbəti təxirəsalmanı zəruri hesab edirdilər. Bu məqsədlə ölkənin Ali Məhkəməsinə müraciət ünvanlamışdılar. Lakin bu instansiya iyunun 10-da turnirin ölkədə təşkilinə qərar verdi. Maraq üçün qeyd edək ki, Ali Məhkəmənin 11 hakimindən 6-sı Senatın üzvlərini sevindirməyən mövqe nümayiş etdirdi və səs çoxluğu ilə prezident Bolsonarunun planı baş tutdu.
Yeri gəlmişkən, 2019-cu ildəki sonuncu turnir də əfsanəvi Pelenin vətənində təşkil olunmuş və meydan sahiblərinin qələbəsi ilə başa çatmışdı. Amerika Kuboku Braziliyada 6-cı dəfə keçiriləcək. Maraqlıdı ki, regionun ən böyük ölkəsi bu planda Argentina (9), Çili və Uruqvaydan (hərəyə 7 dəfə) geri qalır və Peru ilə eyni göstəriciyə malikdi. Xatırladaq ki, Braziliya turnirə daha əvvəl 1919, 1922, 1949 və 1989-cu illərdə evsahibliyi edib. Oyunlara paytaxt Brazilia, Qoyaniya, Kuyaba və Rio de Janeyro şəhərlərindəki stadionlar səhnə olacaq. Final matçı iyulun 10-da Rio de Janeyrodakı 46931 yerlik “Nilton Santos”a təyin olunub.
Ümumiyyətlə, indiyədək ən çox çempion olan yığma Uruqvaydı – 15 dəfə. Argentina 14, Braziliya 9, Paraqvay, Çili və Peru hərəyə 2, Kolumbiya və Boliviya milliləri isə bir dəfə qızıl mükafatçı olub. Budəfəki turnirdə də Braziliyanın qələbə şansı yüksək qiymətləndirilir.
***
Braziliyalıların manifesti
Braziliya yığmasının oyunçuları manifestlə çıxış ediblər. Sosial şəbəkələrdə yerləşdirilən birgə bəyanatda belə deyilir: “Braziliyalı azarkeş kimi dünyaya gəlir. Müxtəlif - humanitar və ya peşəkar səbəblərdən Amerika Kubokunun istər Çilidə, istərsə də Braziliyada keçirilməsindən narazıyıq. Bu müzakirəni heç vaxt siyasi formada etmək istəmədiyimizi vurğulamaq vacibdi. Mövqeyimizin əhəmiyyətini bilirik, mediada və sosial şəbəkələrdə yazılanları izləyirik. Etibarlı faktlar olmadan bizimlə bağlı yalan xəbərlərin yayılmasının qarşısını almağı da təbliğ edirik. Ancaq peşəkar futbolçu olduğumuzu unutmamalıyıq. 5 qat dünya çempionu, nəhəng tarixə malik komandanın sarı və yaşıl rəngli formasını geyinmək missiyamızı davam etdirmək fikrindəyik. Bu il keçiriləcək Amerika Kubokuna qarşıyıq, amma heç vaxt Braziliya yığmasında oynamaqdan imtina etməyəcəyik”.
Turnirin təqvimi
A qrupu: Argentina, Boliviya, Uruqvay, Çili, Paraqvay
B qrupu: Kolumbiya, Braziliya, Venesuela, Ekvador, Peru
Qrup mərhələsi
1-ci tur
13 iyun 01.00 Braziliya – Venesuela
13 iyun 04.00 Kolumbiya – Ekvador
14 iyun 01.00 Argentina – Çili
14 iyun 04.00 Paraqvay – Boliviya
2-ci tur
17 iyun 01.00 Kolumbiya – Venesuela
17 iyun 04.00 Braziliya – Peru
18 iyun 01.00 Çili – Boliviya
18 iyun 04.00 Argentina – Uruqvay
3-cü tur
20 iyun 01.00 Venesuela – Ekvador
20 iyun 04.00 Kolumbiya – Peru
21 iyun 01.00 Uruqvay – Çili
21 iyun 04.00 Argentina – Paraqvay
4-cü tur
23 iyun 01.00 Ekvador – Peru
23 iyun 04.00 Braziliya – Kolumbiya
24 iyun 01.00 Boliviya – Uruqvay
24 iyun 04.00 Çili – Paraqvay
5-ci tur
27 iyun 01.00 Braziliya – Ekvador
27 iyun 01.00 Venesuela – Peru
28 iyun 04.00 Boliviya – Argentina
28 iyun 04.00 Uruqvay – Paraqvay
1/4 final
2 iyul 01.00 1. 2B – 3A
2 iyul 04.00 2. 1B – 4A
3 iyul 02.00 3. 2A – 3B
3 iyul 05.00 4. 1A – 4B
yarımfinal
5 iyul 03.00 1. 2-ci cütün qalibi – 1-ci cütün qalibi
6 iyul 05.00 2. 4-cü cütün qalibi – 3-cü cütün qalibi
3-cü yer uğrunda oyun
9 iyul 04.00 2-ci cütün məğlubu – 1-ci cütün məğlubu
final
10 iyul 04.00 2-ci cütün qalibi – 1-ci cütün qalibi
Qeyd: yeni günə keçən gecə keçirilən oyunların başlama tarixi ötən günə nəzərən göstərilib.