Sizin reklam burada

Utkin tərbiyəsizdi, Elvin Kərimov isə qorxaq!

Title
Srağagün Rusiyanın “MATÇ TV” kanalının şərhçisi Nobel Arustamyanın Avropa çempionatının final mərhələsi üçün akkreditasiya ala bilməməsi haqda informasiya yayıldı. Bu qadağanı təşkilatçı ölkələrdən biri olan Azərbaycan qoyub. Ölkəmiz bu məsələdə haqlı tərəfdi. Çünki Arustamyan Azərbaycanın ərazi bütövlüyünü pozub. Bu haqda AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov bilgi verib. Qurum rəsmisi proses barədə ətraflı və geniş məlumatı ictimaiyyətin diqqətinə çatdırıb:

“Məsələ barədə məlumatımız var. Vəziyyətə aydınlıq gətirmək üçün ilk növbədə onu qeyd etməliyəm ki, AÇ-2020 UEFA-nın bayrağı altında vahid sistem şəklində təşkil olunur. Bu eyni zamanda qurumun akkreditasiya qeydiyyatı sisteminə də aiddi. Yəni akkreditasiya üçün müraciət edən hansısa şəxslə bağlı AÇ-2020-nin oyunlarının keçiriləcəyi 11 şəhərin hər birinin Təşkilat Komitəsi tərəfindən təsdiq cavabı gəldikdən sonra qeydiyyat təsdiqlənir və müraciət edən şəxs akkreditasiyadan keçmiş sayılır. Konkret bu situasiyada adı çəkilən media nümayəndəsi hansısa problemə üzləşibsə, ona tövsiyə edərdik ki, UEFA-ya müraciət etsin. Bir məqamı da qeyd etməliyəm ki, həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub".


Utkin sərsəmlədi, Rabiner dəstəklədi

Beləliklə, “MATÇ TV”nin əməkdaşı qanunlara riayət etmədiyi üçün AÇ-dən kənarda qalıb. Erməni diasporunun pulları və əlaqələri sayəsində populyarlaşan şərhçi elə həmin qüvvələrin təsiri nəticəsində Azərbaycan ərazisinə müvafiq icazə olmadan ayaq basırdı. İndi isə nə həqiqəti açıb deyə, nə də akkreditasiya ala bilir. Vaxtilə Hadrutda, Xankəndində pozalar verən Arustamyan indi çıxılmaz vəziyyətdə qalıb. UEFA-nın onun yox, Azərbaycanın tərəfində olduğunu görən jurnalist ölkəmiz haqda qarayaxma kampaniyasına əl atmağa başlayıb. O, erməni xislətini nümayiş etdirərək, ətrafına yaltaqlanaraq özü üçün mədət umur. “Dost dar gündə tanınar” prinsipindən istifadə edən, “MATÇ TV” rəhbərliyinin ermənilərə meyilli olduğunu nəzərə alan məşhur rusiyalı şərhçi Vasili Utkin qadağanı “heyvanlıq” adlandırıb. Gəlin, onun statusuna nəzər yetirək:

“Dünyada heyvani bir ədalətsizlik varsa, bu odu! Nobel Arustamyan faktiki AÇ-də işləyə bilməyəcək. O, qeydiyyatdan keçə bilmədi. Nobelə akkreditasiya verilmədi. Çünki AÇ oyunlarının keçiriləcəyi bütün ölkələrdəki təşkilat komitələri bunun üçün razılıq verməlidi. Bakı buna qarşı çıxdı. Bu arada o, Bakıda doğulan biridi. Bu, birləşmiş milli inam prinsipinə əsasən bir insanın peşəsini davam etdirməkdən məhrum edilməsi deyilsə, nədi? Aydındı ki, Nobel Azərbaycana iş görmək üçün getməzdi. İndi Londona və ya Amsterdama da getməyəcək. Çünki dünyada belə heyvanlar var. Bakıdakı AÇ-2020-nin Təşkilat Komitəsi, buzlu nifrətimin şüalarını qəbul edin”.


Bu, “Bakılı oğlanlar” komandasının mərhum kapitanı Anar Məmmədxanovun yaxın dostu olmuş, paytaxtımıza gələrkən ölkəmiz barədə ağızdolusu danışan Utkinin fikirləridi. Qəribədi, deyilmi? Təbii ki, Utkin işsiz qaldığına görə peşmandı. O, 44 günlük müharibədə Azərbaycan ordusu tərəfindən darmadağın olan ermənilərə başqa cür yaltaqlıq edə bilməzdi.

Gəlin indi başqa məqama diqqət yetirək. Görək kimlər Arustamyanı bu məsələdə haqlı sayır? Rusiyanın məşhur “Sport-Ekspress” qəzetinin icmalçısı İqor Rabiner məsələ ilə bağlı iki status yazıb. Onlardan birincisini diqqətinizə çatdıraq:

“Nobellə bağlı vəziyyət tam biabırçılıqdı. Bu, sırf siyasət və xarici düşmənçilikdi. Utkinin məlumatı doğrudusa, Nobelin AÇ-2020 üçün akkreditasiyasına görə hər şey iki həftə əvvəl məlum idi. Bu müddət ərzində heç bir şey edilmədi, deməli, rüsvayçılıq ikiqatdı. Və çox güman, informasiya düzdü. Çünki məsələn, UEFA-dan mayın 19-da, yəni 20 gün əvvəl akkreditasiyanı təsdiqləyən bir məktub aldım. Etiraf edim ki, televiziya heyətində hər şey bir az sonra oldu, amma bu vaxt çox uzun deyildi. Ümumiyyətlə, hər şey belədisə, Tina Kandelakinin öz işçisini və kanalın aparıcı jurnalistini tərk etməsi hər cür xeyir və şərə kənar bir hadisədi. Ümid edirəm, hər şey uğurla həll ediləcək və Nobel akkreditə olunacaq. Ancaq taleyin ironiyasına bax ki, hər şey Azərbaycan təşkilat komitəsindən asılıdı. Bu, çox iyrəncdi”.


Görünən budu ki, Rabiner də səhvin Bakı ermənisində olduğunu bilir. Amma məsələni siyasiləşdirməyə çalışır.

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da məsələyə münasibət bildirib:

“Bilirəm ki, UEFA rusiyalı idman şərhçisi Nobel Arustamyanın Avropa çempionatını peşəkar şəkildə işıqlandırmasına imkan verəcək bir həll yolu axtarır. İnanıram ki, həll yolu tapılacaq. Dünən axşam bunun üçün müraciət etdik".


Azərbaycanın cavabı tutarlı oldu

Görünən odu ki, ruslar Nobelin erməni kimliyini və qaydaları pozduğunu nəzərə almayaraq, obyektiv olmayan açıqlamalar verirlər. Bəs yerli jurnalistlər və təşkilatlar məsələyə necə münasibət bildirirlər ? Onların Utkinin fikirlərinə münasibəti necədi? Məsələ ilə bağlı öncə Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyevə müraciət etdik: “Fikrimcə, təşkilat olaraq Arustamyan və Utkin kimiləri adam yerinə qoyub cavab verməyəz, onlarla bağlı məsələ qaldırmağımıza ehtiyac yoxdu. Bu, onlara özlərini reklam etməsi üçün əlavə vasitə olar. Jurnalistlərimiz, xüsusilə də rusdilli media nümayəndələri onlara layiq olduqları dildə cavab versələr, daha uyğun olar. Necə ki, dünən” CBC Sport”dakı həmkarımız Şəmsəddin Abbasovun Utkinə ünvanladığı cavabı oxudum və bəyəndim”.

AİJA-nın rəhbəri Eldar İsmayılov reaksiyası isə belə oldu:

“Akkreditəni Azərbaycan yox, UEFA edir. Akkreditədən keçib, viza ala bilmirsə, onda Azərbaycandan narazı qalmaq olar. O ki qaldı Utkinin azərbaycanlıları heyvan adlandırmasına, o, əvvəlcə öz soyadına nəzər yetirsə, yaxşıdı. Ördəyov. Ördək də quşdu, heyvan da demək olar”.


“İdman TV”də çalışan Siyavuş Əliyev bunları söylədi:

“Çox güman, UEFA yarışı qəbul edən bütün ölkələrdən bu məsələ ilə bağlı fikir öyrənib. Həmin şəxs də o vaxt Dağlıq Qarabağa səfər edib. Bu səbəbdən də avtomatik Azərbaycanın “qara siyahısı”na düşüb. Utkinin dedikləri birmənalı olaraq bizə yox, UEFA-ya ünvanlanmalıdı. Mənə elə gəlir ki, ən doğru cavabı həmkarımız Şəmsəddin Abbasov verib. Utkin çoxdandı şərhçilik etmir. Bu bacarığını itirib. Şərhçiliyini itirən adam haqda nəsə demək belə lazım deyil. Jurnalistika ilə məşğul olanlar onun həyat tərzindən də xəbərdardı. Bu səbəbdən də mən həmin adamı ciddiyə almıram. Sadəcə, Rusiyada çox populyardı, yetərincə auditoriyası var. Bu səbəbdən də bu kütlədən istifadə edərək xalqımıza müraciət etməsi yaxşı deyil”.


Şəmsəddin Abbasova da tribuna verdik. Ona təşəkkürümüzü bildirib, yazdığı posta görə təzyiqlərə məruz qalıb-qalmadığını soruşduq:

“Mənə nə təzyiq ola bilər ki? Bu, şəxsi sosial platformamdı. Yazdıqlarım şəxsi mövqeyimdi. Düşündüyümü tanıdığım adama yazmışam. Utkin Bakıda olanda “Lider”də çalışırdım. Ondan müsahibə də götürmüşdüm. Bir-iki dəfə Moskvada səfərdə olanda işlə bağlı görüşmüşük. Çox gözəl xatırlayıram, həmin vaxtlarda ölkəmiz, paytaxtımız haqda necə gözəl fikirlər səsləndirirdi. Amma indi nədənsə ingilis bayrağı kimi hərəkət edərək dediyini danır. Azərbaycanın bu qərarını dəstəkləyirəm. Ötən gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da məsələ ilə bağlı açıqlama verib ki, burda hansısa irqçilik və ya siyasi ayrı-seçkilik yoxdu. Azərbaycan qanunlarını pozan bir şəxsə qarşı bu addım atılıb. Bu adam dəfələrlə Azərbaycan tərəfinə məhəl qoymayaraq, icazə almadan ordumuz tərəfindən azad olunan torpaqlarımıza səfər edib, orda futbol turnirləri keçirib, jurnalistləri aparıb. Ümumilikdə ictimaiyyətdə, Rusiya cəmiyyətində reallıqdan uzaq olan fikirlərin formalaşdırılmasına çalışıb. Bu səbəbdən də qərarı tam dəstəkləyirəm. Amma Utkinin bu qərarı verənlərə, xalqımıza qarşı belə bir ifadə işlətməsi, təbii ki, mənə toxundu. Özümə borc bildim ki, ona cavab yazım. Bunu Utkinin rəsmi hesabına göndərdikdən sonra onunla bütün əlaqələrimi kəsdim. Nə zamansa hardasa görsəm, onunla heç salamlaşmayacam da. Qoy yenidən desin ki, Bakı gözəl şəhərdi, azərbaycanlılar əladı. Utkinlə bağlı hansısa tədbir görmək lazım deyil. Çünki onu bizimlə heç nə bağlamır. Baxmayaq ki, postsovet dövrünün ən tanınan, məşhur şərhçisi olub. Buna baxmayaraq, həyat tərzi karyerasının üstündən xətt çəkdi. Düşünürəm ki, onunla bağlı hansısa addımımız istənilən nəticə verməyəcək. Sadəcə, çox sevinirəm ki, həm Azərbaycanın, həm də Rusiyanın sağlam düşüncəli mətbuat nümayəndələri ona etiraz ediblər. Düzdü, bundan dərs çıxarmayacaq. İnsan, sadəcə, içki düşkünüdü. Vəziyyəti ağırdı. Sözün hər iki mənasında sağlam deyil. Bir şəxs reportaj ərzində içki içərək yatırsa, bu, onun normal olmamasından xəbər verir. Biz cavabımızı verdik. Yenə deyirəm ki, bu, telekanal adından yox, şəxsi mövqeyim idi. “CBC Sport”da da buna görə məni dəstəklədilər. Telekanal rəhbərliyi bildirdi ki, Utkinə layiqli cavab vermisən”.


Məsələ ilə bağlı “MATÇ TV”nin azərbaycanlı əməkdaşı Elvin Kərimovla da əlaqə saxladıq. Onun fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq:

“Bu mövzu haqda fikir bildirmək istəmirəm. Üzürlü sayın”.


Gördüyünüz kimi, hərə problem barədə fərqli mövqedədi. Azərbaycan da mövqeyini “dəmir yumruq” olaraq nümayiş etdirir. Ölkəmizin qanunlarını pozan vətənimizə ayaq basa bilməz. Utkinin fikirləri yanlış olsa da, bir mövqedi. Baxmayaraq ki, külək kimi bir tərəfə əsir. Əlqərəz, fikirlər dəyişkəndi. Utkin də ermənilərə aldanaraq bizimlə bağlı düşüncələrini dəyişib. Amma Elvin Kərimovun bu məsələdə səssiz qalmasını anlamaq çətindi. “MATÇ TV”dəki işini itirməkdən qorxur? Yoxsa Rusiyadan deportasiya edilməkdən? Gəlsin Bakıya, ona ölkəmizdə iş tapılar. Elvin anlamır ki, Utkin yazısında bütün azərbaycanlıları təhqir edir? Ölkəsi barədə deyilən sözün bir ucu da ona çatır. Əminəm ki, Utkin hansısa azərbaycanlının qarşısında bu ifadəni səsləndirə bilməzdi. Özünü azərbaycanlı sayan şəxs dərhal onun cavabını verərdi. Lakin Elvin Kərimov cavab vermək nədi, heç münasibət də bilmədi. Çünki həmişə bu məsələlərdə nəsə deməkdən qorxdu, indi də qorxur. Düzdü, o, yaxşı şərhçi, jurnalist ola bilər. Amma yaddaşlarda həmişə qorxaq kimi qalacaq. Qorxaq biri isə azərbaycanlı adını daşımağa layiq deyil. Şəxsən mənim üçün Elvin Kərimov azərbaycanlı yox, rusiyalı şərhçidi. Çünki o, heç vaxt azərbaycanlı adına layiq hərəkət etmədi…

İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.