Sizin reklam burada

“Eştoril”in yarımmüdafiəçisinin transferi gündəmdədi

Title
“Neftçi” yeni mövsümün hazırlığına start verib. Komanda üzvləri təlim-məşq toplanışı çərçivəsində iki gün öncə doğma bazada ilk məşqə çıxıb. Hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. “Ağ-qaralar” dünən saat 12.00-da növbəti məşqə çıxıb. Samir Abasov fiziki durumun bərpa olunması istiqamətində çalışmaları həyata keçirib. Qeyd edək ki, toplanışın ilk mərhələsi iyunun 14-dək Bakıda, ikinci mərhələsi isə 16-dan 30-dək Sloveniyada təşkil olunacaq. “Ağ-qaralar” bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Bu arada "Neftçi”nin məşqçi korpusunda yeni təyinat olub. Klub saytının məlumatına görə, Mübariz Orucov əsas komandada köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssis buna qədər “Qarabağ”ın U-15 və U-17 komandalarında baş məşqçi, “Sumqayıt”da və U-17 millisində köməkçi kimi çalışıb. Futbolçu kimi “Xəzər” (Sumqayıt), “Viləş”, “Şəmkir”, “Qarabağ” və “Karvan”da çıxış edib.

Yeni mövsüm üçün heyətini formalaşdırmağa çalışan flaqman yetirməsi Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb. Anlaşmaya görə, 26 yaşlı hücumçu daha iki il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyəcək. Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyuna çıxıb, 20 qol vurub. “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Muradbəyli və Mamadu Mbocla yeni müqavilə bağlamışdı.

Xatırlayırsızsa, “Legiya” rəsmi saytı vasitəsilə iyunun 20-də “Neftçi” ilə yoxlama oyunu keçirəcəyini açıqlamışdı. Polşa klubu bu görüşdən imtina edib. Buna səbəb hər iki komandanın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bir-birlərinə rəqib olmaq ehtimalıdı. “Legiya” və “Neftçi" bu turnirdə mübarizəyə ilk təsnifat mərhələsindən başlayacaq. Polşa klubu “səpələnmişlər”, Azərbaycan çempionu isə “səpələnməmişlər” səbətində yer alacaq.

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi"nin transferini açıqlamağa hazırlaşdığı legioner müəyyənləşib. Bu, Portuqaliya çempionatında çıxış edən Harramizdi. Tam adı Harramiz Quyeta Ferreyra Soares olan 31 yaşlı cinah yarımmüdafiəçisi "Eştoril"də çıxış edib. San-Tome və Prinsipi millisinin üzvüdü. Afrikalının flaqmana mümkün keçidi ilə bağlı məlumatı dəqiqləşdirmək üçün klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. O, transfer məsələləri ilə bağlı hələ ki dəqiq məlumat olmadığını söylədi.

Lakin redaksiyamıza daxil olan informasiyaya görə, “ağ-qaralar” Harramizin keçidini həll etmək niyyətindədi. Amma “Neftçi” futbolçu ilə rəsmi müqavilə bağlamayıb. Çünki 31 yaşlı yarımmüdafiəçinin "Eştoril"lə müqaviləsinin müddəti bitməyib. Klub rəsmiləri anlaşma qüvvədən düşəndən sonra afrikalının keçidini rəsmən elan edəcək.

"Neftçi" Bolqarıstanın "Beroe" klubunun fransalı futbolçuüu Teddi Mezage ilə də maraqlanır. Bu ölkənin topsport.bg saytının məlumtına görə, 31 yaşlı sol cinah müdafiəçisinin xidmətində "ağ-qaralar"la yanaşı, Xorvatiyanın "Hayduk" və Fransanın bəzi ikinci liqa klubları da maraqlıdı. Mezage ölkəsində "Monpelye", Belçikada "Muskron", İngiltərədə "Leyton Orient", Rumıniyada "Dinamo" (Buxarest) və İsraildə "Hapoel"in (Raanana) də formasını geyinib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.