Sizin reklam burada

"Qarabağ"ın futbolçusu 2 aylıq sıradan çıxdı

Title
Vitse-çempion “Qarabağ” 2021/22 mövsümünə hazırlığı davam etdirir. Ağdamlılar son günlərdə daha üç futbolçusu ilə müqaviləni yeniləyib. İki gün öncə yarımmüdafiəçisi Qara Qarayevlə müqavilənin müddəti artırılıb. Ağdam klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, 28 yaşlı yarımmüdafiəçi 2 illik sənədi imzalayıb. Qara “Qarabağ”ın yetirməsidi. 2008-ci ildən əsas komandanın formasını geyir. Millinin də üzvü olan futbolçu Ağdam klubunun heyətində 300-dən çox oyun keçirib. O, “Qarabağ”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Ağdamlılar dünən daha iki futbolçu ilə anlaşıb. Bunlar yığmanın da şərəfini qoruyan müdafiəçilər Abbas Hüseynovla Rahil Məmmədovdu. Onlar ikiillik yeni sözləşməyə imza atıb. "Qarabağ" buna qədər kapitan Maksim Medvedev, Bədavi Hüseynov və Elnur Cəfərquliyev də “nigah təzələmişdi”.

Yuxarıda qeyd etdiyimiz kimi, “Qarabağ” ancaq öz futbolçularını saxlamağa çalışır. Klub ətrafında hansısa yeni transfer söz-söhbəti yoxdu. Lakin azarkeşlərin gözləntiləri tam fərqlidi. Fanatlar Ağdam klubunun rəhbərliyindən ötənilki kimi heyət çatışmazlığı yaşamamağı, yeni, səviyyəli futbolçuların cəlb olunmasını istəyir. Klub bu istəkləri nəzərə alacaqmı? “Qarabağ”, ümumiyyətlə, futbolçu axtarışındadımı? Suallarımızı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə ünvanladıq:

“Əlbəttə, çalışırıq ki, heyətimiz geniş olsun. Azarkeşlərimizə bir qədər səbirli olmağı tövsiyə edirik. Transfer çalışmalarımız davam edir. Lazım olan, “Qarabağ”ın meyarlarına uyğun futbolçuları heyətə cəlb etməyə çalışırıq. Bu yöndə yenilik olan kimi ictimaiyyətə məlumat verəcəyik. Necə ki, müqavilə yenilədiyimiz oyunçular barədə informasiyaları səhifəmizdə, saytımızda bölüşürük, yeni transfer olan kimi də eyni qaydada rəsmi şəkildə xəbər verəcəyik”.


Bildiyiniz kimi, yığmanın Moldovaya məğlub olduğu yoldaşlıq görüşündə Bədavi Hüseynov 80-ci dəqiqədə zədələnərək meydanı tərk etmişdi. 29 yaşlı futbolçunun durumuna aydınlıq gəlib. Gündüz bəy müdafiəçinin ikiaylığa sıradan çıxdığını dedi:

"Bədavi Hüseynov dizindən xəsarət alıb. İlkin müayinədən sonra 2 ay müddətinə sıradan çıxdığı dəqiqləşib. Bu isə o deməkdi ki, mərkəz müdafiəçisi "Qarabağ"ın təlim-məşq toplanışlarına qatıla bilməyəcək".


İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.