Sizin reklam burada

Abbasov “Sumqayıt”da qaldı, komanda Türkiyəyə gedir

Title
Ölkəmizi avrokuboklarda, daha dəqiqi, ilk dəfə keçiriləcək Konfrans Liqasında təmsil edəcək üç klubdan biri “Sumqayıt”dı.

Ancaq mövsüm başa çatandan sonra “bürünc” medalçının düşərgəsindən heç də ürəkaçmayan xəbərlər gəlirdi. Deyilənə görə, klubun əsas himayədarı olan “Azərikimya” ötən il olduğu kimi, yenə büdcəni artırmaq istəmirdi ki, bu da baş məşqçi Ayxan Abbasovun narazılığına səbəb olmuşdu. Ayxan bəy rəhbərliyi başa çatan mövsümdəki heyət qorunmayacağı təqdirdə “Sumqayıt”dan gedəcəyi ilə bağlı xəbərdar etmişdi.

Uzun sürən danışıqlardan sonra klub rəhbərliyi sponsorla razılağa gələ bildi. “Azərikimya” son illərdə yüksələn qrafik cızan klubun büdcəsini artırmağa razılıq verib ki, bu da Abbasovun postunda qalmasını şərtləndirib. Bir sözlə, Ayxan bəy növbəti mövsümdə də “kimyaçılar”ın “sükanı arxasında” olacaq. Artıq bununla bağlı rəhbərliklə baş məşqçi arasında razılıq əldə olunub. Qalıb münasibətləri rəsmiləşdirmək.

Ötən saylarımızın birində klubla müqavilə müddəti bitən futbolçuların hansı qərarı verəcəyinin, “Sumqayıt”da qalıb-qalmayacağının baş məşqçinin kimliyindən asılı olduğunu bildirmişdik. Onu da qeyd etmişdik ki, əksər futbolçular Ayxan bəy postunda qalacağı halda yeni müqavilə imzalamağa hazırdı.

Söylənilənlərə aydınlıq gətirmək üçün Ayxan bəylə əlaqə saxladıq. 41 yaşlı mütəxəssis işinin çoxluğundan yalnız axşam saatlarında, yəni rəhbəliklə bütün məsələləri yoluna qoyandan sonra danışa biləcəyini söylədi. Və Abbasov vədini tutdu, gec də olsa, yaşananlarla bağlı qəzetimizə açıqlama verdi:

“Demək olar ki, rəhbərliklə ortaq məxrəcə gələ bildik. İyunun 17-də məşqlərə başlayacağıq. Birinci toplanış Sumqayıtda olacaq ki, o da iki həftə nəzərdə tutulub. Burdakı hazırlıq prosesinin sonunda yoxlama görüşü keçirməyi planlaşdırmışıq. Hazırda rəqib axtarışı davam edir. Gələn ayın əvvəlində toplanış üçün Türkiyəyə səfər etməyi düşünürük. Rəhbərlik artıq bu məsələnin həlli ilə məşğuldu. Qardaş ölkədə olduğumuz müddətdə üç yoxlama matçı keçirməyi planlaşdırmışıq. Hələ kimlərlə qarşı-qarşıya gələcəyimiz bilinmir. Yalnız onu deyə bilərəm ki, Konfrans Liqasına daha yaxşı hazırlaşmaq üçün səviyyəli komandalarla üz-üzə gəlməyi toplanışı təşkil edən tərəfdən xahiş etmişəm”.


“Sumqayıt”ın köhnə-yeni çalışdırıcısı heyətlə bağlı da açıqlama verdi:

“Bu haqda onu deyə bilərəm ki, ilk növbədə ötənilki kollektivi qorumağa çalışırıq. Və çox güman, 90 faiz bunu bacaracağıq. Artıq bu gündən futbolçularla danışıqlara başlamışıq. Yalnız Mehdi Şərifi ilə yollarımızı ayırmışıq. Onun adaşı, qolkiper Cənnətovun “Zirə”yə keçdiyini də bilirsiz. Çalışırıq boş qalan mövqelərə transferlər edək. Əlbəttə, bununla bağlı klub rəhbərliyinə fikirlərimi bildirmişəm. Yəqin onlar da heyətin güclənməsi üçün imkan daxilində əllərindən gələni edəcəklər”.


RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.