Sizin reklam burada

Unutduğumuz Vadim Vasilyev - YAZI

Title
İndiki azarkeşlər azərbaycanlı futbolçuları özünə kumir seçməyi xoşlamır. Bəlkə də düşünürlər ki, yerlilərin arasında buna layiq olan yoxdu. Amma “köhnə kişilər” demişkən, bizim vaxtımızda belə deyildi. Düzdü, mən Sovet İmperiyasının tərkibində olan Azərbaycanın futbolu ilə çox da dərindən maraqlana bilməmişəm.

Bir az ağlım kəsən kimi bu imperiya dağılmağa başlayıb. Bakıda 20 Yanvar qırğını yaşanıb, Azərbaycan müharibəyə sürüklənib, “keçid dövrü” adlanan uzun və çətin dönəmdən keçmişik. Həmyaşıdlarımın da yadında olar. 1990-cı illərin ortalarına doğru kənd həyatı xeyli çətinləşmişdi. Elektrik enerjisi fasilələrlə verilirdi, təbii qazın isə izi-tozu qalmamışdı. Belədə soyuq və qaranlıq evlərdə keçən uşaqlığımızda futbolla maraqlanmağa elə də çox imkanımız olmayıb. Amma ağlım kəsəndən futbola sevgimi sürətlə inkişaf etdirmişəm. Televizorda hansı oyunu göstərsəydilər, oturub sona qədər maraqla baxardım. Futbola dair jurnalları, qəzetləri, futbolçu şəkillərini toplayardım. Tələbə adını qazanıb, Bakıya gəldiyim 1998-ci ildə ilk gördüyüm işlərdən biri də Respublika stadionunun yolunu tanımaq, orda “Neftçi”nin oyununa canlı baxmaq olub.

Vadim Vasilyev bizim nəslin azarkeşlərinin yaxşı xatirindədi. Tam səmimiyyətimlə deyirəm ki, Vadim həmin vaxtlar azərbaycanlı azarkeşlər üçün kumir idi. Onun böyük istdedad sahibi olduğunu hamımız görmüşük. Özü də normal futbol məktəbi keçməyib, futbolçu kimi püxtələşəndən sonra da idman rejiminə əməl, qayda-qanuna riayət etmək ilə arası olmayıb. Ucundan-qulağından bu haqda eşitmişdim. Bugünlərdə onun komanda.az saytına verdiyi müsahibəni ürək ağrısıyla oxudum. Müsahibəylə tanışlıqdan sonra uzun müddət özümə gələ bilmədim. Belə bir istedad sahibi “bu yaxınlarda məni küçədə döyürdülər, onlar məni tanımadılar” deyir. Təsəvvür etmək çox çətindi. Əlbəttə, yaşadığımız cəmiyyətdə xeyli vecsiz, özündən zəif və içkinin təsiri altında olan adamı təkləyib döyəcək dərəcədə “qabiliyyətə” sahib adam var. Heç şübhəsiz, Vasilyev də belə dələduzlara rast gəlib, onlar da qarşılarında olan adamın kimliyinin fərqinə varmadan hücuma keçiblər. Həyatdı, döyülmək də var, döymək də. Məni yandıran bu boyda istedad sahibinin, vurduğu qollarla minlərlə azarkeşi ayağa qaldıran Vadimin düşdüyü acınacaqlı durumdu. Günahkar özüdü, yoxsa cəmiyyət? Bunu demək çox çətindi. İstənilən səbəb belə nəticəyə haqq qazandıra bilməz.

Vadim acınacaqlı duruma düşdüyünə görə nə qədər günahkardısa, biz də cəmiyyət olaraq o qədər günahkarıq. Bütünləşməyi, yardımlaşmağı, xarakteri zəif olanları qazanmaq üçün hərəkətə keçməyi yaxşı bacarmadığımız üçün. Vadim həmkarımın “xoşbəxtsizmi” sualına “yox” cavabını verib. Səbəbini də belə izah edib ki, heç kim tərəfindən sevilmir. Bəli, sevgi müqəddəs hissdi. Maddi qazanclar bir gün gəlib, o biri gün gedə bilər. Amma insan gərək özünü dəyərsiz hesab etməsin, həm sevsin, həm də sevilsin. İnsan dəyərli olduğunu ona görə hiss etməlidi ki, yaşamağa həvəsi olsun. Başqalarını da sevməlidi ki, onların xatirinə yaşasın, mənfi enerjidən uzaq olsun. Filosofluq etmək fikrindən uzağam. Aranızda belə məsələləri yaxşı bilən yetərincə oxucumuzun olduğuna da əminəm. Ona görə də nə mətləbdən uzaqlaşım, nə də ifrat xırdalığa varım. Mövzumuz Vadim Vasilyevdi. Daha doğrusu, onun düşdüyü ağır durum, keçirdiyi çətin günlər.

Məgər biz Vadim Vasilyevi sevmirik? Əlbəttə, sevirik. Onun “Neftçi”nin heyətində “Srvena Zvezda”ya, milli formada Slovakiyanın qapısına vurduğu qolları da unutmamışıq. Vasilyev qolları ilə bizə sevinc bəxş edib, həzz yaşadıb. İndi onun özünün bu sevincə, həyat eşqinə ehtiyacı var. Bu yaxınlarda dəyərli futbol veteranı Səmədağa Şıxlarovu itirdik. Ötənlərin məşhur futbolçusu ömrünün son günlərini çətinliklər içində, sevimli peşəsindən uzaq yaşadı. Günün günorta çağı da amansız bir qəzanın qurbanına çevrildi. Azərbaycanda Şıxlarov kimi neçə dəyərli futbol veteranı var? Bəli, əlimizin barmaqları belələrinin saymaq üçün yetərlidi. Təəssüf ki, nə AFFA, nə də futbol ictimaiyyəti belə dəyərli insanlara sahib çıxmaq, onlara nəvaziş göstərmək, tək buraxmamaq üçün heç nə etmir. Dindirsən, “Vadim Vasilyev çox içir, daim sərxoş olur” deyəcəklər. Guya içməyənlərin hamısına sahib çıxmağı, gün ağlamağı bacarmışıq. Lap elə Vadim gününü içməklə keçirirsə, ondan imtina etmək üçün əsasımız yoxdu. Əksinə, biz onu pis vərdişlərdən uzaq tutmalı, dəyər verdiyimizi hiss etdirməliyik. Özü də sağlığında bunu etmək lazımdı, ölümündən sonra dizimizə döyüb, başımızı yelləməklə heç nə dəyişməyəcək. Futbol veteranlarının hər biri bir dəyərdi. Bizim də borcumuz bu dəyərlərə sahib çıxmaqdı. Özü də AFFA başda olmaqla!


AMAL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.