Sizin reklam burada

Fransa favoritdi, amma bizimkilər Türkiyənin çempionluğunu arzulayır

Title
Sabahdan bütün dünyanın diqəti Avropaya yönələcək. Artıq söz yazmağa, səbəbini izah etməyə ehtiyac yoxdu. Avropa çempionatı elə turnirdi ki, futbol sahəsində çalışanlar istəsə də, istəməsə də, onu izləməyə məcburdu. Çünki belə yarışlarda dünya futbolunun hansı istiqamətdə inkişaf edəcəyi, yeni, müasir futbolun meyarları müəyyənləşir. Tarixdə ilk dəfə qitə çempionatı 11 şəhərdə keçiriləcək ki, bunlardan biri də Bakıdı.

Bəs görəsən, azərbaycanlı mütxəssislərin AÇ ilə bağlı proqnozları necədi, kim hansı komandaya azarkeşlik edir və niyə? Bu suallara cavab tapmaq üçün futbol təsərrüfatının müxtəlif sahələrində çalışanlara, həmkarlarımıza tribuna verməyi lazım bildik.

Ceyhun Sultanov (finksioner): “Hansısa komanda haqda “bu mənim favoritimdi” deyə bilməyəcəm. Çünki beləsi yoxdu. Sadəcə, Türkiyə yığmasına azarkeşlik edəcəm. Nəyə görə? Türkiyə, qardaş ölkənin millisi olan yerdə, şansları az olsa belə, ikinci yığma barədə danışmaq yersizsi”.

Erkin İbrahimov (agent): “Açığı, mən Fransanı düşünürəm. Fikrimcə, onlar bu turnirin favoritidi. Heyət baxımından başqa komandaları üstələyirlər. Ola bilsin, hücumda çatışmazlıq var idi. Ancaq Benzema da yığmanın düşərgəsinə dəvət olundu. “Real”ın forvardı əlindən gələni edəcək ki, bombardir və çempion olsun. Yığma səviyyəsində uğura ac olduğundan hər şeyin yaxşısını etməyə, özünü göstərməyə çalışacaq. Fransa oturuşmuş heyətə malikdi və hər mövqedə rəqabət yüksək səviyyədədi. Mənim proqnozum fransızların lehinədi. Ancaq İngilətərəni də vurğulamaq istəyirəm. İngilislər bəlkə heyət baxımından Fransadan da güclüdü.Lakin nədənsə böyük turnirlərdə onlarınkı alınmır. Söylədiklərimi konkretləşdirsəm, Fransanı AÇ-nin favoriti sayıram”.

Riad Rəfiyev (“Sumqayıt”ın prezidenti): “Fikrimcə, budəfəki Avropa çempionatının əsas favoriti Fransadı. Çox güclü futbolçulardan qurulan heyəti var. Türkiyə millsini də yaddan çıxarmaq olmaz. Fikrimcə, türklər ən azı 1/4 finala qədər gedəcək. Ola bilsin, yarımfinalda da onların adına rast gəldik”.
Ceyhun Əliyev (sport24.az saytının baş redaktoru): “İngiltərənin çempion olacağını düşünürəm. Həmişə axına qarşı üzməyi sevmişəm. İngilislərin çempion olacağını bu səbəbdən söyləyirəm. Onu da nəzərə almaq lazımdı ki, futbolun yaradıcıları heç vaxt qitə çempionu ola bilməyib. Favoritlər arasında İngiltərə yeganə yığmadı ki, heç vaxt Avropa çempionu ola bilməyib. Mən İngiltərə deyirəm”.

Aslan Şahgəldiyev (PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): “Avropa çempionatında bizim üçün ən maraqlı oyunlar Türkiyənin yer aldığı qrupda keçiriləcək. Hamıya məlumdu ki, bizim ölkədə də azarkeşləri çoxdu. Türkiyə bizə qardaş ölkədi, vətənimizdə yetərincə azarkeşi var. Təsnifat mərhələsində son dünya çempionu Fransaya məğlub olmadılar (2:0, 1:1). Ancaq bütün qruplara nəzər salsaq, görərik ki, AÇ 2020-dən danışırıqsa, F qrupu mütləq vurğulanmalıdı. “Ölüm qrupu”du. Son dünya çempionu Fransa, son Avropa çempionu Portuqaliya, Almaniya və Macarıstan bu qrupda mübarizə aparacaq. Elə yığmalardı ki, tarixləri, uğurları haqda saatlarla danışmaq olar. Zənnimcə, turnirin qalibi də bu qrupdan olacaq . Digər qruplara diqqət yetirdikdə İngiltərə, İspaniya və İtaliyanı xüsusi vurğulaya bilərik. Sadaladığım millilərə əsas başağrı ola biləcək yığma kimi Belçikanı sayanlar da az deyil. Onlar təsnifat mərhələsində keçirdikləri 10 oyunun hamısında qalib gələn iki komandadan biridi (digəri İtaliya). Top fərqi də möhtəşəmdi: 40-3. O dövrdə qruplarının favoritlərindən olan (yeri gəlmişkən, Avropa çempionatında da eyni qrupda yer alıblar) Rusiyanın qapısından iki oyuna 7 top keçiriblər. Digər əsas favorit kimi İtaliya millisini göstərmək olar. İtalyanlar son 27 görüşdə məğlub olmayıb. İstənilən halda, pandemiyanın vüsət alması bütün futbol dünyasına təsir göstərib. Budəfəki çempionatda heç kimin gözləmədiyi ölkə də qalib ola bilər. Avropa çempionunun kim olacağını dəqiq demək mümkün deyil. Çox istərdim ki, ya İtaliya, ya da qardaş Türkiyə çempion olsun. Ancaq ürəyimə damıb ki, finalda Fransa İtaliya ilə üz-üzə gələcək və ikincilər çempion olacaq”.

Hakan Sünal (“Sumqayıt” Futbol Akademiyasının rəhbəri): “Çox çətin sual qarşısında qoyduz məni. Fikrimcə, almanlar ola bilər. Çünki Almaniyanın bütün hazırlıq matçlarını izləmişəm. Özünüz də bilirsiz ki, bu, Lövün millinin “sükanı arxasında” son böyük turniridi. Onu da nəzərə almaq lazımdı ki, Löv baş məşqçi kimi Avropa çempionu ola bilməyib. Ona jest olaraq komanda əlindən gələni edəcək ki, Lövü təmtəraqla yola salsın. Favoritim Almaniyadı”.
Mahmud Qurbanov (“Neftçi-2”nin baş məşqçisi): “İspaniya yığmasının sərgilədiyi oyun həmişə zövqümü oxşayıb. Və bu üzdən istəyirəm ki, turnirin qalibi İspaniya olsun. Onlara azarkeşlik edəcəm. Sevdiyim və yetirmələrimə aşılamaq istədiyim futbol fəlsəfəsi də İspaniyanın oynadığı futbolla üst-üstə düşür. Bacaracaqlar? Fikrimcə, hə. Çünki İspaniya daim Avropada futbol dəbini müəyyənləşdirənlədən olub. Ola bilsin, bu gün üçün yığmanın heyətində parlaq ulduz yoxdu. Buna baxmayaraq, komanda oyunu ilə hər şeyi “sığortalamaq” mümkündü”.

Firuz Abdulla (AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): “Həmişə olduğu kimi favoritim İtaliya yığmasıdı. Çünki italyanlara azarkeşlik edirəm. Bu yalnız azarkeşlik duyğusundan qaynaqlanan fikirdi və hisslərimlə bağlı hansısa təfsilatlı futbol incələməsi aparmaq istəmirəm”.
Sənan Qurbanov (“Keşlə”nin baş məşqçisi): “Maraqlı favoritlərim var. Bilirsiz ki, ötən ilin payızında ağır dönəm keçirdik və Vətən müharibəsində qalib gəldik. Həmin ərəfədə bizə yaxın olan, haqq mübarizəsində Azərbaycana dəstək verən ölkələrin sayı az olsa da, yox deyildi. İtaliya, Uktayna, Türkiyəni bu suyahıya salmıram, ona görə ki, onlar bizim qardaşlardı. Çox istərdim ki, finalda Ukrayna – Türkiyə qarşılaşmasına şahidlik edək. Bəlkə də bu istəyimi ciddi qəbul etməyəcəksiz. Ancaq mən məhz bu finalı arzulayıram. Qitə futbolunda real durumu nəzərə alsaq, məncə, finalda İngiltərə İtaliya ilə üzə-üzə gələcək. Uzun illər italyanların azarkeşi olduğuma görə onların qalib gəlməsini istəyirəm”.

Sərxan İbrahimov (“İdman TV”nin redaktoru): “Məncə, turnirin əsas favoriti Fransadı. Səbəb kimi onu deyə bilərəm ki, fransızlar oturuşmuş heyətə, özünü təsdiqləmiş baş məşqçiyə malikdilər. Həm də ötən illərə nəzər saldıqda İspaniya nümunəsini göz qabağına gətirmək olar. Onlar da dünya çempionu olandan sonra qarşıdakı Avropa çempionatında uğur qazana bildilər. Bu da uğur dadmış futbolçularda özünəinamın olmasından qaynaqlanır. Təcrübəni də unutmaq olmaz. Fransa ilə yanaşı, Türkiyəni də qeyd etmək istəyirəm. Nəyə görə? Yunanıstan Avropa çempionu olmağı bacarıbsa, qardaş ölkənin yığması niyə bunu bacarmasın?! Türklər qitə çempionatının final mərhələsində iştirak edən komandalar arasında bu titulu qazanmaq istəyən kollektivdi. Bəlkə də bu çempionluğa ən çox ehtiyacı olan qardaş ölkənin yığmasıdı. Şenol Günəş amilini də unutmaq olmaz. Bu məşqçi Türkiyəni dünya çempionatında 3-cü etməklə bacarığını göstərdi. Məncə, indi o daha təcrübəlidi və əlinin altında daha güclü heyət var. Açığı, Fransa ilə Türkiyə arasında seçim etmək məcburiyyətindəyəm. Ancaq inanıram ki, iki favoritimdən biri qitə çempionluğunu bayram edəcək”.

RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.