İyunun 8-də Cənubi Amerikada DÇ-2022-nin seçmə mərhələsinin 8-ci turu keçirildi. Qrup turniri çərçivəsində baş tutan beş matçda ev sahiblərinin qələbə qazana bilməməsi diqqəti daha çox cəlb edən fakt oldu.
Braziliya seçmə turnirdə ardıcıl 6-cı qələbə ilə liderliyini bir qədər də möhkəmləndirdi. Titenin çalışdırdığı komanda səfərdə Paraqvayı iki cavabsız qolla məğlub etdi. Matçın qəhrəmanı hesabı açıb son dəqiqələrdə Lukas Paketaya məhsuldar ötürmə verən Neymar oldu. PSJ-nin forvardı milli formada vurduğu qolların sayını 66-ya çatdırdı. Onun seçmə oyunlarda 11-ci qolunu vurmaqla Kaka, Luis Fabiano, Ronaldo və Tostao kimi həmyerlilərini arxada qoyduğunu, indi bu planda daha iki əfsanə - Ziko və Romario ilə birgə liderliyi bölüşdüyünü də qeyd edək.
Barrankilyadakı qarşılaşma daha maraqlı keçdi. Kolumbiya – Argentina matçının ilk yarısı qonaq komandanın iki topluq üstünlüyü ilə sona çatdı. Səfər matçında buna ilk 8 dəqiqədə nail olan Argentina yığması son on ildə seçmə oyunda ən yaxşı başlanğıcı reallaşdırdı. Lakin Lionel Skaloninin çalışdırdığı komanda fasilədən sonra üstünlüyünü qoruya bilmədi. Halbuki “albiselesta” növbəti qolları da vura bilərdi. Əlverişli imkanları boşa verən qonaqlar müdafiə xəttində yol verdikləri səhvlərin güdazına getdilər. Ardıcıl ikinci oyunu da heç-heçə başa vuran Argentina millisi liderdən 6 xal geri düşdü. Reynaldo Ruedanın komandasının əzmkarlığı da qeyd edilməlidi.
Cəzalı olması üzündən aparıcı hücumçusu Kavaninin xidmətindən məhrum olan Uruqvay yığması Paraqvayla matçdan sonra Venesuela ilə də qolsuz heç-heçəyə razılaşdı. Oskar Tabaresin komandası ötən il noyabrın 18-də Braziliyaya evdə 0:2 hesabıyla məğlub olmuşdu. Uruqvay artıq ardıcıl üç rəsmi oyundu rəqib qapısına yol tapa bilmir ki, belə seriya 1981-ci ildən sonra ilk dəfə baş verir. “Selesta”nın qol vura bilmədiyi müddətin 287 dəqiqəyə çatdığını da qeyd edək.