Sizin reklam burada

Arif Əsədov: “Yığmanın hücum planında “artırması” göz önündədi”

Title
Mayın 25-də təlim-məşq toplanışına başlayan milli iyunun 6-da keçirilən Moldova ilə oyunla hazırlığı başa vurdu. Bu müddətdə Canni de Byazinin çalışdırdığı komanda Türkiyə, Belarus və Moldovada meydana çıxdı. Bu üç qarşılaşmadan ikisində məğlub olan komanda Belarus üzərində əzmkar qələbə qazandı. Təbii, hər üç yoxlama görüşündə yığmadan yaxşı nəticə gözləyirdik. Ancaq yekun - xüsusilə də Moldova ilə görüş - istədiyimiz kimi olmasa da, utandırıcı da deyildi.

Bəs görəsən, yığmanın məşqçilər korpusu son toplanışdan, yoxlama görüşlərdində qeydə alınan nəticələrdən razı qalıb, ya yox? Bu suala cavab tapmaq üçün ölkənin əsas komandasında baş məşqçinin köməkçilərindən olan Arif Əsədovla danışmağı lazım bildik.

- Əvvəlcə son toplanışı dəyərləndirməyinizi istərdik.
- Əslində sizi maraqlandıran bütün sualları yığmanın baş məşqçisi Canni de Byaziyə ünvanlasaydız, daha yaxşı olardı. Komandanın çalışdırıcısı kimi o sizə lazımi məlumatı verərdi. Ancaq mənimlə əlaqə saxlamısızsa, etika xatirinə sizi qırmayacam, geniş olmasa da, bəzi suallarınıza cavab verəcəm. İlk növbədə onu qeyd edim ki, uzunmüddətli toplanış olsa da, çox məhsuldar alındı. Yığma üzvlərinin təxminən iki həftə bir yerdə olması yaxşı haldı. Meydandan kənarda da onların bir-birini yaxından tanıması vacibdi. Baş məşqçi bu dəfə toplanışa daha çox futbolçu dəvət etmişdi ki, bunun da səbəbləri var. İlk növbədə diqqət mərkəzinə düşənlərin hamısını iş başında görmək istəyirdi. Bundan başqa, mövsümün sonu olduğu üçün bilirdi ki, hamıda yorğunluq var.

- Baş məşqçinin hamıya şans vermək istədiyini bildirsəz də, elə futbolçular oldu ki, 3 qarşılaşmanın heç birində meydana çıxmadı. Bunun səbəbi nə idi?
- Əvvəlcə onu qeyd edim ki, yığmanın keçirdiyi hər 3 yoxlama görüşü məşqçilər üçün çatışmazlıqları görmək baxımından əla fürsət oldu. Bu matçlarda kimlər ki, meydana çıxmadı, onların bəzi problemləri var idi. Əsas səbəb zədə ilə bağlı idi. Yenə deyirəm, mövsüm başa çatdığından çoxlarında müəyyən zədələr var idi. Məşq prosesində bunu gördük və baş məşqçi rikə getməyi lazım bilmədi.

- Hər üç görüşdə müdafiədə səhvlərə şahidlik etdik. Xüsusilə də standart vəziyyətlərdə arxa xəttin oyunçuları rəqiblərə boşluq verirdilər ki, bunun nəticəsi kimi yığmanın qapısında gördüyü 4 qoldan üçü künc zərbəsindən sonra vuruldu. Bu nədən qaynaqlanır? Müdafiəçilər bəstəboydu, yoxsa başqa səbəblər var?
- Müasir futbolun tələbləri dəyişib. Əvvəllər biz futbolçularımıza rəqib oyunçularla birə-bir oynamağı tapşırırdıq. İndi isə xətti müdafiəyə üstünlük verilir. Belədə ayrı-ayrılıqda müdafiəçilərə rəqibin hansısa konkret oyunçusu ilə birə-bir oynamaq tapşırılmır. Bəli, matçdan öncə qarşı tərəfdən hansı oyunçuların “ikinci mərtəbə”də yaxşı oynadığını deyirik. Sadəcə, standart vəziyyətlərdə “sən məhz bu futbolçuya qarşı oynayacaqsan” deyilmir. İstər Türkiyə, istər Belarus, istərsə də Moldova ilə qarşılaşmada müdafiədə müəyyən səhvlər olsa da, hücumda yaxşı çıxış etdiyimizi vurğulaya bilərəm. Hər üç matçda yetərincə qol imkanı yaratmağı bacardıq. Yığmanın hücum planında “artırması” göz önündədi. Moldovaya minimal hesabla yenilməyimizə baxmayaraq, statistikaya nəzər yetirsəz, görərsiz ki, meydan sahiblərindən, demək olar, bütün komponentlərdə üstün olmuşuq. Hətta komanda 10 nəfərlə qalanda belə rəqibdən daha çox hücum edir, daha istəkli futbol oynayırdı. Türkiyə ilə matça xüsusi toxunmaq istəyirəm. Həmin görüşdə yığma yaxşı təsir bağışladı. Avropa çempionatının final mərhələsinə qatılacaq qardaş ölkənin yığması ilə qarşılaşmada hesabı açan tərəf olsaq da, təəssüf ki, üstünlüyümüzü sona qədər qoruya bilmədik. Bunun da səbəbini bayaq sizə dedim. “Standart”dan buraxılan iki qol bizi məyus etdi. Həmin oyunda yığma ən azı heç-heçəyə layiq oyun nümayiş etdirdi.

- Millinin əvvəlki toplanışlarında baş məşqçi futbolçuların fiziki hazırlığından narazı qaldığını demişdi. Bu dəfə oyunçuların fiziki durumu necə idi?
- Ağır mövsümdən sonra futbolçuların yorğun olacağını təxmin etmişdik. Elə buna görə də baş məşqçi toplanışa geniş heyətlə yollanmağı lazım bilmişdi. Yığmanın fiziki hazırlıq üzrə çalışdırıcısı hər matçda xüsusi avadanlıqla meydana çıxan hər bir oyunçunun fiziki durumunu qiymətləndirə bilirdi və baş məşqçi həmin göstəricilərə uyğun qərar verirdi. Ümumilikdə toplanışa qatılan yığma üzvlərinin fiziki durumunu qənaətbəxş saymaq olar. Düzdü, bu sözləri hamıya aid etmək düzgün çıxmaz.

- Belarusla görüşdə qələbəni böyük çılğınlıqla qeyd etməyiniz sosial şəbəkələrdə çox müzakirə olundu. Əksəriyyət bunu yaxşı qarşılamadı...
- Hər bir qələbə, uğur istənilən sahədə insanda müsbət emosiylar doğurur, komanda ruhunu yüksəldir. Yığma xeyli vaxt idi qələbə qazana bilmirdi. Sonuncu dəfə Millətlər Liqasında səfərdə Kipr üzərində qələbəyə sevinmişdik. İstər məşqçilər korpusu, istərsə də futbolçular qələbə qazanmaq üçün alışıb-yanırdı ki, Minskdə “qara zolaqdan çıxa” bildik. Burda pis, qeyri-adi nə var ki? Onu da nəzərə alın ki, Belarusla qarşılaşmada komanda geridönüş etməyi bacardı və son dəqiqələrdə qələbə qolunu vurdu. Bu həm də ondan xəbər verir ki, komandada əzmkarlıq var, hakimin final fitinə qədər futbolçular oyundan qopmurlar, sona qədər oynayırlar. Bu üzdən hamılıqla zəfəri bayram etdik. Moldova ilə oyunda isə məğlubiyyətə görə üzüldük. Oyunu izləmisizsə, özünüz də gördüz ki, hamının sifətində məyusluq var idi. Uğura sevindiyimiz kimi, uğursuzluğa görə də məyus oluruq. Minksdə yığma qalib gəlib, nə edək, heç nə olmayıbmış kimi başımızı aşağı salıb paltardəyişmə otağına yollanaq? Yaşıl meydanda qələbəni sevinclə qarşıladıq, sadəcə, sevindik. Bundan söz-söhbət yaratmaq, qələbəyə kölgə salmaq lazım deyil.

- Yoxlama görüşlərindəki nəticələr, komandanın sərgilədiyi oyun aldadıcı da ola bilər. Sentyabrda DÇ-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Yığmadan nə gözləyə bilərik?
- Son görüşlər göstərdi ki, hücum planında müəyyən inkişafa nail olmuşuq, yarımmüdafiədə yaradıcı oyun nümayiş etdirməyi bacarırıq. Geridə qalan üç görüş müdafiədə problemlərin olduğunu bizə göstərdi ki, baş məşqçi bu çatışmazlığı da aradan qaldırmaq yönündə çalışacaq. Təkrarçılıq olmasın, Türkiyə, Belarus və Moldova ilə yoxlama görüşləri bizə yetərincə material verdi ki, bunun üzərində çalışmalıyıq.

- Artıq sabah AÇ-2020 start götürür. Bu qitə çempionatında hansı millini favorit görürsüz?
- Açığı, turnir start götürməmiş proqnoz vermək bir qədər çətindi. Bilirsiz ki, bu dəfə final mərhələsində daha çox komanda çıxış edir. Kimin favorit olduğunu söyləmək üçün ən azı ilk turun qarşılaşmalarını izləmək lazımdı. Yalnız ondan sonra müəyyən fikirlər söyləmək mümkündü. Qitədə bəzi yığmalar – İngilətərə, İtaliya, Almaniya, Fransa, Portuqaliya, İspaniya – var ki, onlar iştirak etdikləri istənilən yarışda favoritlər arasında olurlar. Heyətləri dünya ulduzlarından formalaşan yığmalar hər turnirin bəzəyidi. İlk oyunlar bizə göstərəcək ki, hansı milli bu qitə çempionatına daha yaxşı hazırlaşa bilib, kimdə nə çatışmazlıqlar var? Bu səbəbdən konkret kimin favorit olduğunu deməkdə çətinlik çəkirəm. Ancaq inanıram ki, qardaş Türkiyə millisi hamımızı sevindirəcək.

RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.