Sizin reklam burada

Mahir Emreli “Legiya”ya qoşuldu

Title
"Qarabağ"dan, məni mən edən iki klubdan birindən ayrılmaq çətindi”
Hazırda Azərbaycan futbolu üçün ən aktual mövzu Mahir Emrelinin “Legiya”ya transferidi. Varşava təmsilçisinin rəsmi “feysbuk” səhifəsində azərbaycanlı futbolçunun Polşa komandasına keçidi əsas mövzu olub. Belə ki, rəsmi hesab Mahirin Polşaya gəlişini xüsusi şəkildə paylaşıb. 23 yaşlı vingerin keçidini Şərqi Avropa ölkəsinin mətbuatı xüsusi olaraq qabardır. Polşalılar Mahiri “Legiya”nın gələcəyi sayırlar. Bəziləri forvardın Polşa təmsilçisinə keçidini xüsusi qiymətləndirir. Hətta bir çoxları Mahirin tezliklə bu liqanı tərk edəcəyini, Almaniya bundesliqasında oynayacağını bildirir. Düzdü, bunların hamısı fərziyədi. Arzuların həyata keçməsi uzun və sürpizlərə açıq prosesdi. Mahirin Polşadan Almaniya bundesliqasına keçmək ehtimalı varmı?
Bu sualı futbolçunun meneceri Tural Əsgərova ünvanladıq. Təcrübəli agent hər şeyin Emrelinin özündən asılı olduğunu söylədi: “Menecerlik işi əsasən məşqçi fəaliyyətinə bənzəyir. Bizdə çox dəbcə olan bir deyim var. Bu, bir çox futbolçular tərəfindən səsləndirlir. Siz jurnalistlər səsləndirirsiz ki, niyə azərbaycanlı oyunçular xaricə çıxmırlar, niyə getmirlər, ölkəni tək etmirlər? Həmin vaxt futbolçular bəhanə edirlər ki, təəssüf, menecerlər güclü deyillər. Belə deyək, oyunçu xaricə gedə bilməyəndə günah agentlərdə olur. Halbuki futbolçuların bir çoxu menecerlərlə işləməyə üstünlük vermirlər. Bir çoxları da düşünür ki, oyunçu xaricə gedəndə bu onun öz zəhmətidi. Mən belə şeylərdə o qədər də həssas deyiləm. Soruşsaz, mən də deyərəm ki, ölkə xaricində çıxış etmək Mahirin əməyidi. O, öz oyunu ilə layiq görülüb buna. Allahdan ona xeyir və böyük ümidlər arzulamağım qalır. O ki qaldı “Legiya”nın Mahir Emrelini böyük futbolçu kimi təqdim etməyinə, bu birmənalıdı. Ümumiyyətlə, təsəvvür edə bilmirəm ki, hansısa klub kiməsə ümid olmadan transfer etsin. Bu baxımdan təəccüblü bir şey yoxdu. Bundan sonra əsas iş Mahirin öhdəsinə düşür. Gəlin razılaşaq ki, nə qədər desək belə, Polşa çempionatı Avropanın əsas liqalarından biri deyil. Bundan sonra Mahirin özünü yaxşı tərəfdən göstərməsi yolunu açır. Bundan əlavə, azərbaycanlı futbolçuların bura transferinin daha da çoxalmasına səbəb olur və olacaq. Mən və başqa menecerlər bu istiqamətdə Mahirdən çox iş görə bilmərik. O ki qaldı Mahirlə gələcəkdə hansı işləri görməyimə, deyə bilərəm ki, onunla müqaviləmin müddəti başa çatır. Bundan sonra oyunçu ilə iş münasibətimə aydınlıq gələcək. Onunla davam edib-etməyəcəyimiz barədə söhbətimiz olacaq. Razılıq əldə olunsa, Allahın izni ilə daha yaxşı işlər görə bilərik. Amma bunun üçün vaxt lazımdı və gələcəyin işidi”.
Tural bəy “Legiya”nın planları barədə də danışdı: “Mənim üçün bu vacib deyil. Düzü, bununla maraqlanmamışam da. Özüm hazırda Bakıdayam. Polşaya və ya Varşavaya getməmişəm. Bu baxımdan mən də bilmirəm ki, “Legiya” nə vaxt yığışır, təlim-məşq toplanışı nə vaxt olacaq. Bütün bunları Mahirin özündən yavaş-yavaş öyrənərik. Ümid edirəm ki, futbolçumuz tibbi müayinnədən daha yaxşı keçsin, bundan sonra müqavilə imzalasın. Qalanını yavaş-yavaş öyrənəcəyik”.
Mahir artıq “Qarabağ”la vidalaşıb. 23 yaşlı hücumçu dünən bu barədə sosial şəbəkə hesabında paylaşım edib: “Bu yazını qələmə almaq çox çətindi. Bəzən elə anlar olur ki, hisslərini ifadə etməyə çətinlik çəkirsən. Amma hər son bir yeninin başlanğıcıdı. Kiçik yaşlarımda başlayan xəyallar məni "Bakı" akademiyasına gətirdi. Orda böyüdüm. 18 yaşım tamam olan gün, məhz doğum günümdə karyeramda ən önəmli qərarlardan birini verdim. Azərbaycanın ən böyük klubu - "Qarabağ" ilə müqavilə imzalamışdım. Yeniyetmə Mahir bəlkə də o dövrdə hara gəldiyinin, onu nələrin gözlədiyinin fərqində deyildi. "Qarabağ" təcrübəsi məni daha da böyütdü, müdrikləşdirdi. Şübhəsiz, bunda mənə yeri gələndə böyük qardaş, hətta ata əvəzi olan HOCAmın - Qurban Qurbanovun zəhməti danılmazdı. Ona nə qədər təşəkkür etsəm, azdı. 5 mövsüm ərzində ardıcıl çempionluqlar, Avropada qrup mərhələsi... Və "Qarabağ" tarixinin ən çox qol vuran ikinci futbolçusu... Futbol azarkeşləri üçün ana laylası qədər doğma olan Çempionlar Liqasının himnini canlı dinləmək. Hətta bu yolda ən vacib qollardan birini vurmaq. Sözlə ifadə olunmayacaq hisslərdi. Vaxt yetişmişdi. Avropada Azərbaycan futboluna, azərbaycanlı futbolçulara inam yaratmaq zamanı. Cənnət Qarabağ azad olunandan sonra "Qarabağ"dan ayrılmaq... Məni yeni çağırış gözləyir. Karyeramı vətəndən xeyli uzaqda davam etdirəcəm. Bunu çox yaxşı dərk edirəm ki, gözəl ölkəmi təmsil edəcəm. Bu sözləri qələmə alarkən qəhərlənməmək əldə deyil. "Qarabağ"dan, məni mən edən iki klubdan birindən ayrılmaq çətindi. Karyeramın qalan hissəsində hər addımımda dəstəyinizi hiss edəcəyimdən əminəm. Məni sevən və sevməyən, tərifləyən və tənqid edən, hətta bəzən təhqir edən bütün azarkeşlərimizin anasının əllərindən öpürəm. Burdan sizə dərin təşəkkürlərimi çatdırır, mənim üçün doğma olan "Qarabağ"a növbəti mövsümlərdə uğurlar arzulayıram. Yenə görüşəcəyik. "Qarabağ"ı Qarabağda izləmək üçün... Dərin hörmət və ehtiramla, Mahir Emreli”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.