Sizin reklam burada

“Onun "Legiya"nın üslubuna uyğun olduğunu düşünürəm”

Title
Jezniçakın Emreliyə ümidi böyükdü
Mahir Emrelinin “Qarabağ”dan ayrılıb “Legiya”ya keçidi hər kəsi ümidləndirir. Lakin burda bir məqam var. Azərbaycanlı futbolçu ona bəslənən ümidləri doğruldacaqmı? Bu, hər kəsi maraqlandıran məsələdi. Lakin ona güvənənlər çoxdu. Məsələn, Jezniçak ailəsi. “Qarabağ”ın sabiq müdafiəçisinin həm özü, həm də həyat yoldaşı hücumçunun “Legiya”ya keçidinə çox sevinirlər. Buna sübut kimi iki məqam göstərə bilərik. Həm model, həm də “instaqram” fenomeni olan Edita Zayats şəxsi profilində Mahirlə şəklini paylaşaraq bu fikirləri qeyd edib. O, forvarda karyerasında uğurlar arzulayıb: "Başqa bir anadan olan kiçik qardaşım şəhərdədi. Polşaya xoş gəldin, Mahir və "Legiya"da uğurlar".
Məşhur modelin həyat yoldaşı olan Yakub Jezniçak da keçidə görə sevinənlər siyahısındadı. "Qarabağ"ın və "Legiya"nın sabiq futbolçusu forvardın Varşava təmsilçisinə transferi barədə danışıb. Millimizin üzvü şənbə günü Polşaya gedib və bu həftə tərəflər arasında müqavilə imzalanacağı gözlənilir. Jezniçak isə "legia.net"ə müsahibəsində bu keçidlə bağlı sualları cavablayıb.
- "Qarabağ"da oynadığı dövrlərdən tanıdığınız Mahir Emreli "Legiya"ya qoşulur. Bu, paytaxt klubu üçün yaxşı transferdi?
- Məncə, çox yaxşıdı. Hər şeydən əvvəl Mahir hələ gənc oyunçudu. İkincisi, onun "Legiya"nın üslubuna uyğun olduğunu düşünürəm. Qeyd etmək lazımdı ki, "Qarabağ" da "Legiya" kimi çox oyun keçirir və yerli liqada üstünlük qurur. Düşünürəm ki, dərhal heyətə düşə bilən və komandanın oyun fəlsəfəsini dərk edəcək bir oyunçudu. "Legia"ya başqa klublardan və liqalardan gələn futbolçuların əvvəllər fərqli bir sistemdə çalışdıqları və fərqli tərzdə oynadıqları çox olur. Mahirə gəlincə, bu, problem olmayacaq, "Legiya"nın oyun üslubuna uyğunlaşacaq. Üstəlik, güclü, sürətli, çox yaxşı bir sol ayağı, texnikası var.
- Onun Azərbaycanın ən yaxşı futbolçusu olduğunu qeyd etdiz. Bəs onun liqanın ən yaxşı hücumçusu olacağını demək olar? Həmçinin "Qarabağ" əvvəlki mövsümdə "Legiya"ya 3:0 hesabı ilə qalib gəlib...
- Düşünürəm ki, bu cür müzakirələrin mənası yoxdu. Mahir "Legiya" üçün keyfiyyət göstərməli və qol vurmalıdı. Emrelinin böyük potensialı var. Düşünürəm ki, zərbə vuranda bu, onun komandasının xeyrinə olacaq. Mən onunla danışdım. "Legiya"ya transferinə möhtəşəm Avropa futbolunun bir dayanacağı kimi baxması çox xoşuma gəlir.
- Emrelinin ən böyük üstünlüyü nədi?
- Sol ayaq zərbəsi. Top ayağına düşəndə qapıya çox tez zərbə vurur. Zərbəsi çox güclüdü. Texniki cəhətdən də yaxşıdı.
- Əks-hücumlar üçün keyfiyyətlidi?
- Mahirin hər iki taktikaya uyğun gələcəyini düşünürəm. Kombinasiyalı oyuna da uyğundu. Azərbaycanda, ümumiyyətlə, hücumameyilli cinah oyunçuları var. Düşünürəm ki, Mahirin çıxışı kombinasiyalı oyunda da yaxşı alınacaq.
- Bəs onun zəif tərəfləri nədi?
- Hava mübarizələri və ya uzun ötürmələr zamanı problem yaşaya bilər. Onun “korpus”la oyunu yüksək səviyyədə deyildi. "Qarabağ"da çıxış etdiyim anı nəzərdə tuturam. Sonra oyunlarını izləməmişəm. Bu səhvləri düzəldibsə, deməli, çatışmazlıqlar çox deyil.
- Mahir həm də sizin dostunuzdu. O, hansı xarakterə sahibdi?
- İnsanlara çox açıqdı. Azərbaycanda elə bir mədəniyyət var ki, onlar yaxınları ilə görüşməyi və birlikdə vaxt keçirməyi çox sevirlər. Gənc olanda "Lans" akademiyasında təhsil alıb. O bir müsəlmandı. Həmişə yerli və əcnəbi komanda yoldaşları ilə çox yaxşı əlaqə qururdu. Zarafatlar edir və ingilis dilində çox danışır. Rus dilində də, Azərbaycan dilində də, türkcə də danışa bilir. O, fransız dilində də ünsiyyət qurur. Lakin "Qarabağ"da bu dildə danışacaq bir adamı yox idi. İnanıram ki, Polşa dilini də tez öyrənə bilər. Bildiyimiz kimi, rus dili polyak dilinə bənzəyir. Azərbaycanda oynadığım zaman rus dilində problemim olmadığı üçün belə düşünürəm. "Legiya"nın onunla heç bir problemi olmayacağına inanıram. Düşünürəm ki, uyğunlaşma tez və asanlıqla həyata keçiriləcək.
- Həmyerliləri Polşada onu çox isti qarşıladılar. Mahir Azərbaycanda o qədər çox bəyənilir, yoxsa azərbaycanlılar hamıya belə münasibət göstərir?
- Hər iki amil var. Bu, məni təəccübləndirmədi. Çünki Polşada bir neçə azərbaycanlı ilə tanış olmuşam. “İnstaqram”da onlarla yazışıb, görüşmüşəm. Azərbaycanlılar tanıdıqları şəxslə yaxından maraqlanan insanlardı. Digər tərəfdən, Mahir orda ulduz idi, çox populyar bir futbolçudu.
- Mahir də səmimi görünürdü.
- Hə. Hamı ilə çox tez əlaqə qurur. Azərbaycana gedəndən bir neçə gün sonra onunla tanış olduq. O və İbrahim Şehiç iki il ərzində ən yaxşı münasibətdə olduqlarım idilər.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.