Sizin reklam burada

Kəramət mundialın üçüncüsü oldu

Title
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçirilir. İlk yarış günündə 4 təmsilçimiz tatamiyə çıxıb. Birinci mərhələdən yarışa qoşulan Kəramət Hüseynov (60 kq) uyğun ardıcıllıqla Mohammad Raşnonezadı (İJF), Nikolae Foçanı (Moldova) və Ryuju Naqayamanı (Yaponiya) üstələyib. 1/4 finalda Valid Xyara (Fransa) uduzan milli üzvü təsəlliverici görüşdə Unibold Lxaqvayamtsı (Monqolustan), bürünc medal uğurunda görüşdə isə Maqjan Şamşadini (Qazaxıstan) məğlub etməklə fəxri kürsünün üçüncü pilləsində yer alıb. Bu çəkidə Davud Məmmədsoy ilk görüşdə Romarik Vend-Yam Buda (Fransa) ilə bacarmayıb. 48 kq-da Leyla Əliyeva startda Sabina Gilyazovaya (RJF), Aişə Qurbanlı isə Julia Fiqueroaya (İspaniya) uduzub.
Dünən daha üç təmsilçimiz mübarizəyə qoşulub. Orxan Səfərov (66 kq) Naton Barns (İrlandiya), Sərdar Nurillayev (Özbəkistan) və Veyl Ezziyə (Əlcəzair) qalib gəlib. Yarımfinalda Yoşiro Maruyamaya (Yaponiya) uduzan milli üzvü 3-cü yer uğrunda görüşdə Yaqub Şamilovla (Rusiya) da bacarmayıb və 5-ci yerlə kifayətlənib. Bu çəkidə Nicat Şıxəlizadə Lusyen Bors Dumitreskuya (Rumıniya) uduzub. Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda Tatyana Levitska-Şukvanidən (Gürcüstan) güclü olsa da, növbəti mərhələdə Astrid Qneto (Fransa) ilə bacarmayıb.
Budapeştdə səfərdə olan Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayevlə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer arasında görüş baş tutub. Abdullayev Vizeri növbəti 4 il müddətinə dünya cüdo təşkilatının rəhbəri seçilməsi münasibətilə təbrik edib. Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan Rövnəq bəy idmançılarımızın Olimpiadalarda, dünya və Avropa çempionatlarında qazandığı yüksək nailiyyətlərdən söhbət açıb. Ölkədə cüdonun da zəngin ənənələrə malik olduğunu deyən ACF prezidenti son vaxtlar təmsilçilərimizin dünyanın müxtəlif ölkələrində keçirilən “Böyük dəbilqə” turnirlərində medallar qazandığını diqqətə çatdırıb. Səmimi görüşə görə minnətdarlığını bildirən Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini deyib. Azərbaycan cüdoçularının növbəti beynəlxalq yarışlarda, dünya çempionatı və Olimpiadada da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən İJF prezidenti Bakıda ənənəvi “Böyük dəbilqə” yarışlarının həmişə yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb. Vizer sonda Abdullayevi 2-ci dəfə növbəti 4 il müddətinə qurumun İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib, İJF-nin xüsusi hədiyyəsini verib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.