Sizin reklam burada

De Byazi yığmanın simasını dəyişib

Title
Ceyhun Əliyev: “Millimiz istər sonuncu ötürmə, istərsə də həlledici nöqtəni qoymaq sarıdan ifaçı qıtlığı yaşayır”
Səbuhi Səfiyarlı: “Bu görüşlər yoxlama oyunlarıydısa, hamıya şans verilməliydi”
Vüsal İsgəndərli: “Etiraf edirəm ki, millinin siması De Byazinin gəlişindən sonra dəyişib”

Mayın 25-də təlim-məşq toplanışına start verən yığma srağagün Kişinyovda qarşılaşdığı Moldova ilə oyunla növbəti toplanışı başa vurdu. Üç görüşdən yalnız birində qalib gələn Canni de Byazinin yetirmələri məğlub olduqları oyunlarda heç də pis təsir bağışlamasalar da, yaxaladıqları qol imkanlarından yararlana bilmədiklərindən sonda meydanı başıaşağı tərk etməklə yadda qaldılar. Bəs görəsən, ölkə futbol ictimaiyyətinin nümayəndələri yığmanın son görüşlərdəki performansına, sərgilədiyi oyuna hansı qiyməti verirlər?
Bu məqsədlə öncə futbol yazarı, sport24.az saytının baş redaktoru Ceyhun Əliyevin fikirlərini öyrəndik: “Bu üç oyunun nəticəsinin prinsipial fərqi yox idi. Şəxsi fikrim belədi ki, toplanışa dəvət alan bütün futbolçulara şans verilməliydi. Ancaq Canni de Byazinin fərqli düşünməsinin də səbəbi bəllidi. İtaliyalı mütəxəssis sentyabrda güvənməyi planlaşdırdığı heyətin oyunçuları ilə müxtəlif düzülüşləri, taktiki gedişləri yoxlamağı üstün tutub. Fikrimcə, 67 yaşlı çalışdırıcı lokal məqsədlərə (cari seçmə tsikldə nisbi uğurlu nəticələr) çatmaq üçün yaxın gələcəyi uzaq perspektivdən üstün tutur. Bilavasitə oyunlara gəlincə, De Byazinin komandası cari seçmə tsikldə görmədiyimiz qədər cəsarətli futbol sərgilədi. O başqa məsələ ki, futbolçularımız Belarus və Moldova ilə oyunlarda topa tam nəzarət etsələr də, “çərçivə”yə düşən zərbələrin sayı çox az idi. Millimiz istər son ötürmə, istərsə də həlledici nöqtəni qoymaq sarıdan ifaçı qıtlığı yaşayır. Konkret simalara keçsəm, ən çox məyus edən Emil Balayev oldu. İstedadlı qapıçı ən yaxşı formasından xeyli uzaq düşüb. Fikrimcə, Şahruddin sentyabra qədər optimal formasını yığmasa, növbəti 3 rəsmi oyunda “çərçivə” Mehti Cənnətova həvalə edilməlidi. Gənc Toral Bayramovun gündən-günə özgüvəninin artması da pozitiv məqam kimi vurğulanmalıdı. Höccət Haqverdi anlaşma baxımından müəyyən çətinliklər yaşasa da, hesab edirəm ki, tezliklə millinin əsas oyunçusuna çevrilmək şansı yüksəkdi. Rüstəm Əhmədzadə də şans qazandığı dəqiqələrdə özünü müsbət tərəfdən göstərməyi bacardı. Anatoli Nuriyevin bir qədər kölgəyə çəkilməsini mövsümün yorğunluğuna bağlayardım. De Byazinin israrla şans verdiyi Elvin Cəfərquliyev milli səviyyəsində futbolçu deyil. Ən azı indiki səviyyəsi bu tələblərə cavab vermir. Namik Ələskərov bu 3 görüşdə yetərincə şans qazansa da, rəqib qapısının torunu silkələyə bilməməsi, çətin ki, italiyalı mütəxəssisin ona inamını artırsın. “Köhnələr”ə gəlincə, fikrimcə, öndə Emin Mahmudov gedir. Onun oyununa artıq təəccüblənmirik. Ramil Şeydayevlə Aleksey İsayev haqda da müsbət rəy bildirmək olar. Bütün komponentləri topladıqda toplanış zamanı keçirilən üç görüşdəki futbolu qənaətbəxş saymaq olar. Amma istənilən halda bu hazırlıq idi. Əsas imtahan isə sentyabrda veriləcək”.
Agent Səbuhi Səfiyarlı yoxlama görüşlərində qeydə alınan nəticələrdən yox, yığmanın baş məşqçisinin futbolçu seçimindən narazı qaldığını dedi: “Millinin son 3 görüşü barədə heç də birmənalı fikir bildirmək olmaz. Bu qarşılaşmalara bir neçə prizmadan yanaşmaq lazımdı. Bizim səviyyədə olan yığmalar üçün yoxlama görüşlərində nəticədən danışmaq, onu xüsusi qeyd etmək düzgün olmaz. Çünki biz Avropada nəticə baxımından sabitlik yaxalamayan millilərdən biriyik. Bir oyunu yüksək səviyyədə keçirmək və növbəti qarşılaşmada zəif təsir bağışlamaq bizim üçün adi haldı. Berlarusla görüşdən sonra yığmanı tərifləyib, Moldova ilə qarşılaşma başa çatanda yenilgiyə görə “yıxıb-sürümək”, “komanda zəifdi” deməyimiz düzgün yanaşma olmaz. Müstəqilliyin ilk illərindən belədi: bir oyunu güclü, bir görüşü zəif keçiririk. Son yoxlama matçlarına görə yığmanı tərifləməyi və ya tənqid etməyi düzgün saymıram. Seçmə mərhələnin qarşıdakı oyunlarında Belarus və Moldova kimi rəqibimiz olacaq. Qalanlarının gücü hamıya məlumdu. Əslində hamımız özümüz üçün müəyyənləşdirməliyik ki, cari seçmə mərhələdə yığmadan gözləntimiz nədi? Baxımlı oyun tərəfdarıyıq, yoxsa bizə sırf nəticə lazımdı? Ola bilsin, kimsə qrupdan çıxmağı tələb edir. Ancaq gəlin etiraf edək ki, bu gün üçün bu real deyil. Ona görə də mən məsələyə başqa tərəfdən baxmaq istəyirəm. Məşqçinin komandaya münasibəti, futbolçuların performansı və s. Robert Prosineçki yığma üzvləri tərəfindən həmişə xoş sözlərlə xatırlanır, əvəzində Nikola Yurçeviç barədə yaxşı fikirlər səslənmir. Tez-tez De Byazinin Albaniya yığmasını AÇ-nin final mərhələsinə çıxradığını yada salırlar. Məncə, bu bizim üçün göstərici olmamalıdı. Yığmaya dəvət alan, ancaq 3 yoxlama görüşündə “23-lik”dən kənarda qalan oyunçular oldu. Halbuki çoxumuz həmin futbolçulara ölkə futbolunun gələcəyi kimi baxırıq. “Qarabağ”dan Rahil Məmmədov, “Sabah”dan Bəhlul Mustafazadə kimi oyunçuları meydana çıxan görmədik. Bu görüşlər yoxlama oyunlarıydısa, hamıya şans verilməliydi. İtalyan mütəxəssis, demək olar, müdafiə xəttində dəyişiklik etmədi. De Byazi müdafiədə yeni adlara güvənməyəcəkdisə, bunun nəyi yoxlama oyunu oldu? De Byazi başqalarının da nəyə qadir olduğunu bu qarşılaşmalarda müəyyənləşdirməliydi. Və ya başqa məqama toxunum. Biz hələ indiyədək görməmişdik ki, yığmanın çalışdırıcısı yoxlama matçında “23-lüy”ə üç qapıçının adını salsın və ikisini sona qədər ehtiyatda saxlasın. Başqa bir nüansa diqqət yetirmək lazımdı. Komandanın meydana 3 mərkəz müdafiəsi ilə çıxmasına baxmayaraq, ehtiyatda cəmi bir stopperə yer ayrılır. Təmkin Xəlilzadəyə heç bir oyunda normal oyun vaxtı verilmədi. Halbuki hamı bilir ki, Təmkinin istedadı var və bu oyunlarda ona mütləq şans verilməliydi. Mən niyə israrla “bu oyunçular olmalıydı, filankəslərə şans verilməliydi” söyləyirəm? Çünki ortada Emin Mahmudov nümunəsi var. O Millətlər Liqasında bəzi qarşılaşmalara, ümumiyyətlə, dəvət olunmadı. Dəvət aldığı matçların bəzisində isə ona az oyun vaxtı verilirdi. Həmin vaxt çoxları deyirdi ki, Eminə güvənmək və şans vermək lazımdı. Ancaq baş məşqçi elə düşünmürdü. İndi isə De Byazi səhv etdiyini gördü. Emin italyan baş məşqçinin çalışdırdığı komandanın vazkeçilməz üzvüdü. Burdan belə başa düşmək olar ki, italyan çalışdırıcının verdiyi qərarların heç də hamısı düzgün deyil”.
Son toplanışa dəvət almayan, bugünlərdə Türkiyə birinci liqasında çıxış edən “Keçiörəngücü” ilə anlaşan Vüsal İsgəndərli isə yığmanın yoxlama görüşləri ilə bağlı bunları söylədi: “Bir oyuna epizodlarla baxa bilsəm də, qalan iki qarşılaşmanı tam izləmişəm. Canlı izlədiyim Belarus və Moldova ilə görüşlərə gəlincə, Minskdə yığma çox yaxşı təsir bağışladı. Hətta Belarusla qarşılaşmada böyük hesabla qalib gələ bilərdik. Moldova ilə görüşdə yekun hesab xeyrimizə olmasa da, komanda oyun planında pis təsir bağışlamadı. Açığı, De Byazinin gəlişindən sonra milli heç də pis təsir bağışlamır. İtalyan mütəxəssis yığmada çox dəyişiklik edib. Bəlkə də karyeramı davam etdirdiyimə görə indi nəsə deməyim düzgün anlaşılmaz. Ancaq sizi inandırım ki, müsbət yöndə dəyişiklik var və bunu danmaq düzgün olmaz. Bu qarşılaşmalarda yığmanın düşərgəsində yer almasam da, ürəyim uşaqların yanında idi. Sosial şəbəkələrdə fərqli fikirlərin yazılması başadüşüləndi. Ancaq etiraf edirəm ki, De Byazinin gəlişindən sonra millinin siması dəyişib”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.