Sizin reklam burada

Arxa plana keçən idman

Title
Ötən il keçirilməli olan Tokio Yay Olimpiadası pandemiya səbəbindən bu ilə təxirə salınıb. İyulun 23-dən avqustun 8-dən təşkil olunacaq dördilliyin (əslində pandemiya səbəbindən Rio de Janeyroda təşkil olunandan 5 il sonra keçirilir) ən böyük idman yarışına hələ ki 30-a yaxın lisenziya qazanmışıq. Əvvəlki Olimpiadalarla müqayisədə bu çox aşağı göstəricidi. İndi əvvəlki yarışlarda neçə idmançı ilə təmsil olunduğumuzu sadalamağa həvəsim yoxdu. Ancaq o dəqiqdi ki, qarşıdakı iki ayda qazanacağımız (təbii ki, idmançılarımızı nəzərdə tuturam) lisenziya sayı çox olmayacaq. Ancaq nədənsə bu məqam heç kimi – nə MOK-u, nə AGİN-i, nə də müxtəlif idman növləri üzrə federasiyaları - narahat etmir. Niyə, nə üçün? Şübhəsiz, bu məqamda idman strukturları pandemiyanı əllərində dəstəvuz edib özlərinə haqq qazandıra bilərlər. Ancaq möhtərəm Prezident, ali baş komandan öz çıxışlarında, görüşlərində Azərbaycanın idman ölkəsi olduğunu dəfələrlə vurğulayıb, idmançılarımızın beynəlxalq əhəmiyyətli yarışlarda bayrağımızı yüksəyə ucaldılmasının vacibliyini söyləyib. Bunun üçün respublika ərazisində çoxlu idman qurğusunun inşasına göstəriş verib, federasiya prezidentlərinə rəhbərlik etdikləri qurumların təmsilçilərinə uğur qazanmaq üçün şərait yaradıb. Ötən illərə nəzər saldıqda ölkə başçısının idmanla bağlı siyasətinin düzgün, layiqli olduğunun şahidi olmuşuq. Bəs dəyişən nədi ki, önümüzdəki Olimpiadada iştirak edəcək idmançıların sayında bu qədər azalma olacaq?
Belə çıxır ki, ölkəmizin idman siyasətinin başında Qarabağ gerçəyi dururmuş? Nə qədər ki, Azərbaycan döyüş meydanında məğlub durumda, torpaqlarımızın 20 faizi düşmən işğalı altında idi, məmurlar idmana və idmançılara böyük diqqət ayırır, beynəlxalq yarışlarda dünya və Avropa çempionatlarında, eləcə də Yay və Qış Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunmağımız üçün dəridən-qabıqdan çıxırdılar. Bunun üçün oliqarx-nazirlər (adətən, Azərbaycanda federasiya prezidentlərinin nazirlər və ya oliqarx məmurlar olduğu sirr deyil) milyonlarla vəsait xərcləyirdilər ki, nədi-nədi, planetin ən mötəbər yarışından sonra medal götürən idmançının böyründə dayanıb Prezidentin qarşısına çıxsınlar və həmin idmançıya pul xərclədiyini nümayiş etdirsinlər. Ancaq ikinci Qarabağ savaşından sonra vəziyyət dəyişib. İndi nə idman, nə də idmançılar kiminsə vecinədi. Olimpidaya az sayda lisenziya qazanmağımız da heç kimi narahat etmir. Vəziyyət o dərəcədə acınacaqlıdı ki, milli idman növümüz olan güləşdə belə cəmi 7 biletə sahibik. Halbuki vaxt var idi Güləş Federasiyası seçim qarşısında qalır, yarışa kimin gedəcəyi üzərində baş sındırırdı. Güləş çöküb, ağır atletikanın anasını ağladıblar, boks və taekvondoya salavat çevirən lazımdı.
Sanki hər şey 44 günlük maharibənin başındaymış. Sanki döyüş meydanında qazanılan qələbələr idman sahəsində qazanılan uğurları söndürdü. Sanki uzun illər diplomatiya sahəsindəki uğursuzluqları ört-basdır edən idman indi hamı tərəfindən unuduldu. Sanki idman döyüş meydanındakı zəfərimizə qurban verildi.
Bəli, Qarabağa, Ağdama, Qubadlıya, Zəngilana, başqa işğaldan azad olunan torpaqlara qayıtmalıyıq, rayonlarımız, kəndlərimiz abadlaşmalıdı. Bunu mən də, sən də, 7-dən 77-yə hər bir azərbaycanlı da başa düşür. Ancaq bu o demək deyil ki, bir uğurun fonunda qazandığımız digər uğurları yaddan çıxarmalıyıq. Azərbaycan idman ölkəsidi, pəhləvanlar, igidlər oylağıdı. 44 günlük Vətən müharibəsində döyüşə qatılanlar arasında beynəlxalq yarışlarda ölkəmizin bayrağını ucaldan, himnini səsləndirən neçə-neçə bahadırımız oldu. Fikrimcə, ən azı bütün bunlar nəzərə alınmalı və idman yaddan çıxmamalıdı. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. İdman yaddan çıxandan sonra isə nə sağlam döyüşçülərimiz olacaq, nə də sağlam düşünən beyinlərimiz. Belə diqqətsizliyin fonunda yaxın gələcəkdə yenidən düşmən qarşısına çıxara biləcək igidləri də tapa bilməyəcəyik. Yəqin damarında təmiz azərbaycanlı qanı axan federasiya rəhbərləri ilk baxışdan xırda, amma əslində ciddi nüansları nəzərə alacaqlar və “Qarabağa qayıdış”a maliyyə ayırdıqları kimi, gələcəkdə sağlam gəncliyin olmasına da vəsait yatırmağı özlərinə borc biləcəklər.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.