Sizin reklam burada

“Araz”ın rəqibləri iyulun 7-də müəyyənləşəcək

Title
Rövşən Hüseynli: “Əvvəlki şöhrətimizi tədricən qaytarmalıyıq”
Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin qərarına əsasən ölkəmizi Çempionlar Liqasının 2021/22 mövsümündə “Araz” təmsil edəcək. Turnirin püşkü iyulun 7-də atılacaq. Püşkatmada ilkin və əsas mərhələdə mübarizə aparacaq klublar rəqibləri ilə tanış olacaq. İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan hərəyə iki komanda ilə mübarizə aparacaq. Son qalib “Sportinq” də daxil olmaqla həmin 8 klub yüksək reytinqə malik olduqlarından, əsas mərhələdən yarışa qoşulacaqlar. İlkin mərhələnin oyunları avqustun 20-dən 25-dək, əsas mərhələnin görüşləri oktyabrın 26-dan 31-dək, elit mərhələnin qarşılaşmaları noyabrın 23-dən 28-dək keçiriləcək. “Dördlər finalı”nda yarımfinal matçları gələn il aprelin 28-29-da, 3-cü yer və final görüşü isə aprelin 30-u və ya mayın 1-də baş tutacaq. İlkin mərhələdə komandalar hər birində 4 iştirakçı olmaqla qruplara bölünəcək. Qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci əsas mərhələyə yüksələcək.
Bu arada “Araz”ın qolkiperi Rövşən Hüseynli federasiyanın rəsmi saytına açıqlama verib. Milli komandanın da qapısını qoruyan qolkiper bunları söyləyib: “Federasiyanın saytında oxudum xəbəri. Əlbəttə, istərdik ki, vəsiqəni yüksək liqada mübarizə apararaq qazanaq. Ancaq mövcud durumla bağlı bu mümkün olmadı. Belə vəziyyətdə insan sağlamlığı hər şeydən üstündü. Biz də verilən qərarlara hörmətlə yanaşırıq. Bu günlər də tarixin səhifələrinə yazılacaq və illər sonra xatırlanacağıq. Çempionlar Liqasına gəlincə, hər şey açıqlanan reylamentə uyğun davam etsə, mübarizəyə avqustda start veriləcək. Əvvəlcə ilkin, oktyabrda isə əsas mərhələnin görüşləri təşkil olunacaq. Kimin hansı mərhələdən mübarizəyə başlayacağı hələ ki açıqlanmayıb. Reytinq cədvəli dərc olunandan sonra bunu biləcəyik. Son illərdəki nəticələrimizin ürəkaçan olmadığını deməliyəm. Bunun da fərqli səbəbləri var. Ötən il zallar bağlı olduğuna görə “Araz” Çempionlar Liqasının oyununa xalça üzərində 10-15 gün hazırlaşıb getdi. Halbuki normal hazırlıq keçsəydik, AEK-i böyük hesabla udacaqdıq. Üstəlik, reqlament də dəyişmişdi və cəmi bir oyun cütün taleyini həll etdi. İki il əvvəl isə səfərə komanda üzvlərinin, demək olar, yarısı ilə yollanmışdıq. İranlı legionerlərimizə viza verilməmişdi. Belə səbəblər uğursuzluğumuzla nəticələndi. Bunlar artıq tarixdə qalıb. Əvəzində milli komanda ilə uğurlu nəticə qazandıq və final mərhələsinə yüksəldik. Əlbəttə, hər zəif nəticə reytinq cədvəlində geriləməyimizə səbəb olur. Üstəlik, başqa klublar da inkişafdadı. Həm çempionatları güclənir, həm də klubları. Transferlərlə və hazırlıqla bağlı detalları baş məşqçi açıqlaya bilər. Məncə, bu mövsüm mümkün qədər irəliləməyə çalışacağıq. “Araz” həmişə favoritlər sırasında olub. Rəqiblərimiz bizə hörmətlə yanaşıb. Bizdən xal alanda seviniblər. Ona görə də əvvəlki şöhrətimizi tədricən qaytarmalıyıq”
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.