Sizin reklam burada

“Formula-1” və təkcə bu haqda yox…

Title
Açığını deyim ki, “Formula-1” üzrə dünya çempionatına görə Bakının bəzi küçələrinin bağlandığını görəndə ən çox deyinənlərdən biri də mən idim. Ən primitiv izahım budu ki, işə gəlib-getməklə bağlı ciddi çətinliklərlə üzləşirdim, taksi – metro – avtobus yerdəyişmələrində canım da gedirdi, əsəbim də, pulum da. Və yenə açığını deyim ki, bu yarış məndə heç vaxt qeyri-adi maraq oyatmayıb. Əlbəttə, ötüşmək, önə çıxmaq həvəsinin az qala hər oğlanın genetik kodlarına dərindən yazıldığını bilə-bilə. Nə isə, ötən şənbə növbəti dəfə taksidən “İçərişəhər” metrosunun yanında düşüb, üzüaşağı yönəlmişdim ki, adamların kiçik qruplar şəklində dayanıb, həvəslə telefonlarını işə saldığını gördüm. Gizlətmirəm, mən də onlara qoşuldum. Hətta maşınların hərəkətini daha yaxından görmək, mübarizə estetikasını duymaq üçün bir neçə dəfə yerimi dəyişdim. Doğrudan da, bu yarışı televizorda və canlı izləmək arasında fərq böyük imiş. Polis və mühafizəçilər bir neçə dəfə adamlardan telefonları yığışdırmağı xahiş etsə də, təbii ki, bu mümkün deyildi. O qədər adamın-azarkeşin hansına nəzarət edəsən?! “Formula-1” deyildiyi qədər də cəlbedici imiş. Sadəcə, təəssüratı korlayan yeganə məqam Bakı mərhələsinin şəhər trassında keçirilməsidi. Əminəm ki, heç bir başqa mərhələ yerli camaata bu qədər əzab-əziyyət yaşatmır. Alternativ yolların, geniş küçələrin olmadığı şəhərdə istər-istəməz narazılıq da olacaq, söyüş də, qarğış da. Canlı izləmək bu yarışa marağımı xeyli artırsa da, yenə də nəqliyyat problemlərini həll etmədən bu layihəni sürdürməyin yaxşı ideya olmadığını düşünürəm. Yenə iştirakçılar sırasında azərbaycanlı pilot olsaydı, dərdyarı…
Mahir Emreli pilot olmasa da, üzərinə çox böyük məsuliyyət götürdü və getdi. Bu keçid ətrafında böyük ajiotajın yaşanması hər bir azərbaycanlı futbolsevər kimi, məni də ürəkdən sevindirir. Əvvəlki yazılarda Mahirin mümkün transferinə dəfələrlə toxunmuş, onun karyerasını ölkə xaricində davam etdirməyə hər mənada hazır olduğunu vurğulamışdım. Müstəqillik dönəminin ən böyük transferi saymasam da, zəngin futbol ənənələrinə malik ölkənin ən titullu klubunun azərbaycanlı futbolçuya güvənməsi, ona əsas heyət oyunçusu gözü ilə baxması sıradan bir hadisə deyil. Mahirin əlinə Avropaya azərbaycanlı futbolçunun yeni obrazını təqdim etmək baxımından gözəl şans düşüb. O yalnız öz rifahını təmin, özünü təsdiq etməklə bağlı yox, həm də Azərbaycan futbolunun sabahına işıq salmaq üzərində düşünməlidi. Varşavada özünü göstərsə, qolları sıralasa, başqa həmvətənlərini də arxasınca aparacağı istisna olunmur. Bu transfer ətrafında indiyə qədər yaşananlardan belə görünür ki, Mahir də hansı yükün altına girdiyinin, irəlidə onu nə gözlədiyinin fərqindədi. Dünənki məktub onun qələminin, ağlının məhsuludusa, deməli, önümüzdə yaşından tez böyüyən, hər cür sınağa hazır olan azərbaycanlı gənc dayanıb.
Allahın qeyri-adi istedad bəxş etdiyi o qədər azərbaycanlı futbolçu olub ki… Həyat-qismət nərdivanında ayaqlarını doğru pilləyə qoymayıblar, bəzən ayaqları büdrəyən kimi yıxılıblar və o dəqiqə də ruhdan düşüblər. Pul ilə ulduz həyatı arasında qalanda istisnasız birincini seçiblər və bununla da bədbəxt olublar. Mahirin bütün bu təsəvvürləri dəyişmək, Azərbaycanı və azərbaycanlıları sevindirmək üçün unikal imkanı var. Biz – yəni azarkeşlər, futbolsevərlər, media əslində o qədər çox şey istəmirik axı. Sadəcə, qələbə sorağın gəlsin, 10 milyonluq xalqı Avropada layiqincə təmsil etmək üçün hər cür fədakarlığa hazır ol, kifayətdi. Xeyirli-uğurlu olsun!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.