Sizin reklam burada

“Neftçi” Sloveniyada toplanış keçəcək

Title
“Neftçi”nin 2021/22 mövsümünə hazırlıq planı müəyyənləşib. Təlim-məşq toplanışının ilk mərhələsi iyunun 8-dən 14-dək Bakıda baş tutacaq. Komanda tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq. Ayın 15-də İstanbula, orda bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq “ağ-qaralar” Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşacaq. Flaqman bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.
Xatırladaq ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin birinci təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq. Bu arada "Neftçi"nin transferini açıqlamağa hazırlaşdığı legioner müəyyənləşib. Bu, Portuqaliya çempionatından gətirilən hücumameylli futbolçu Harramizdi.
Tam adı Harramiz Quyeta Ferreyra Soares olan 31 yaşlı cinah yarımmüdafiəçisi "Eştoril"də çıxış edir, San-Tome və Prinsipi millisinin üzvüdü. Onun Bakıya birgünlüyə gələrək yeni klubuyla rəsmi müqaviləyə imza atdığı və geri döndüyü iddia olunur.
Harrimizin Lissabon təmsilçisi ilə bu ayın sonunadək müqaviləsi var. Ancaq o, son klubundan daha erkən ayrılmaq üçün təmasa girəcək ki, "Neftçi"ylə məşqlərə başlasın. Legionerin növbəti həftə paytaxtımıza gəlişi gözlənilir.
Onu da bildirək ki, "Eştoril" ötən mövsüm Portuqaliya 2-ci liqasının çempionu olaraq yüksək liqaya qayıdıb. Harramiz ötən il 11 matçda 3 qol vurub. Onun 2015-ci ildən cəlb olunduğu yığmanın heyətində 15 qarşılaşmada 2 qolu var.
Son çempion heyətindəki futbolçularla müqavilə yeniləməyə də üstünlük verir. “Neftçi” müdafiəçi Mamadi Mbocla müqavilənin müddətini artırıb. 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyəcək. Mboc “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb. Xatırladaq ki, bakılılar bundan əvvəl Ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlamışdı.
2020/21 mövsümünün ikinci yarısında Keysuke Honda transferi ilə gündəmə gələn flaqman daha bir dünya ulduzunun keçidini həyata keçirməklə azarkeşlərini sevindirmək niyyətindədi. Sosial şəbəkələrdə “ağ-qaralar”ın fanatları “xoş gəldin, Baba” tipli statuslar yazaraq sevinclərini ifadə edirlər. Məsələ ilə bağlı redaksiyamıza məlumat daxil olub. Belə ki, “Neftçi” dünyaca məşhur Demba Banı heyətinə qatmaq niyyətindədi. “Vest Hem”, “Nyukasl”, Göztəpə”, “Beşiktaş”, “İstanbul” BŞ kimi klublarda çıxış edən seneqallı forvard hazırda azad agentdi. Xəbəri dəqiqləşdirmək üçün “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi transferlərlə bağlı xəbərlərin dedi-qodu olduğunu dilə gətirdi: “Harramiz Quyeta Ferreyra Soares, həm də Demba Ba barədə nəsə məlumat yoxdu. Transfer xəbərləri ilə bağlı məlumatlar hal-hazırda dedi-qodudu. Bu səbəbdən də mən sizə dəqiq informasiya verə bilməyəcəm”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.