Sizin reklam burada

Braziliya yığması Amerika Kubokundan imtina edir

Title
Bazar günü start götürməli olan Amerika Kuboku ətrafında həyəcan durmadan artır. Bir problem həllini tapandan sonra digəri ortaya çıxıb.
Xəbər verdiyimiz kimi, turnirin təşkilatçılığı ilə bağlı ciddi problem ortaya çıxsa da, çətinlik qısa zamanda aradan qaldırılmışdı. Qeyd edək ki, Amerika Kuboku 2020-ci ildə keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə ötən ilin martında yarışın bu ilin yayına təxirə salınması lazım bilinmişdi. Turnir Argentina və Kolumbiyada 13 iyun-10 iyul aralığında təşkil edilməli idi. Lakin bir neçə gün əvvəl hər iki ölkə təşkilatçılıq hüququndan məhrum edilmişdi. Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) qəbul etdiyi bu qərarına səbəb kimi hər iki ölkədə koronovirus pandemiyasının daha geniş yayılması, üstəlik Kolumbiyada vergi dərəcələrinin artırılmasına qarşı aprelin 28-dən başlayan etiraz aksiyaları göstərilmişdi.
KONMEBOL vəziyyətdən çıxış yolunu yarışa evsahibliyi etmək hüququnu Braziliyaya verməklə tapmışdı. Cənubi Amerikanın ən böyük ölkəsinin prezidenti Jair Bolsonaru məsələ ilə bağlı ötən çərşənbə axşamı verdiyi bəyanatında yerli ştatların qubernatorları ilə birlikdə oyunların keçiriləcəyi şəhərləri böyük ölçüdə müəyyən etdiklərini bildirmişdi. Lakin çox keçmədən Braziliya yığmasının Amerika Kubokunda iştirakdan imtina etdiyi məlum olub. Bu barədə üstüörtülü də olsa, baş məşqçi Tite ilə komandanın yarımmüdafiəçisi Kazemiro açıqlama verib. Onlar bir neçə gün əvvəl KİV-ə qısa açıqlamalarında bütün diqqətlərini DÇ-2022-nin Ekvador və Paraqvayla seçmə oyunlarına yönəltdiklərini və Amerika Kuboku haqda düşünmədiklərini bildiriblər. Kazemiro hər şeyə Paraqvayla oyundan sonra aydınlıq gətirəcəklərini əlavə edib. Yerli mənbələrə görə, məşqçilərlə oyunçuların turnirin təşkilatçılıq hüququnun Braziliyaya verilməsini sosial şəbəkələrdən öyrənməsi yığma üzvlərində kəskin narazılıq doğurub. Bu səbəbdən Tite və komandası vətəndə təşkili planlaşdırılan yarışda mübarizə aparmaq istəmir. Yerli mənbələr Titenin buna görə istefaya göndəriləcəyini də vurğulayır.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.