Rəşad Sadıqov onu “Zirə”də görmək istəyir
“Sabah” klubla müqavilə müddəti bitən Ruslan Abışovla yolları ayırıb. Müdafiəçi 2019-cu ilin yayından komandanın uğurları üçün çalışırdı. O, bu müddətdə kapitan sarğısını daşıyıb. “Sabah” Abışova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Ruslan Masazır təmsilçisinin heyətində cəmi 13 qarşılaşmada meydana çıxıb və bu görüşlərin heç birində fərqlənə bilməyib.
Milli komandanın sabiq üzvü karyerasını bitirmək niyyətində deyil. 33 yaşlı mərkəz müdafiəçisi komanda axtarışındadı. Ruslanın xidmətində “Zirə” maraqlıdı. Rəşad Sadıqov sabiq komanda yoldaşını sərəncamında görmək istəyir. Futbolçu hazırda “qartallar”la danışıq aparır. Klub futbolçu ilə maaş məsələsində ortaq məxrəcə gəlməyə çalışır. Problem çıxmasa, Abışov növbəti mövsünü qəsəbə təmsilçisində keçirəcək.
“Sabah” müqavilə müddəti bitən Filip İvanoviçlə də yolları ayırıb. 2018-ci ildən komandanın üzvü olan serbiyalı müdafiəçi ilə yeni müqavilə bağlanmayıb. Filip “Sabah”da 59 oyun keçirib. Bakı təmsilçisinin heyətində Saşa Stamenkoviçdən sonra ən çox oyuna çıxan ikinci futbolçudu.
İLKİN SULTANLI