Sizin reklam burada

Cavid Hüseynov “Qəbələ”dən ayrıldı

Title
Onun “Keşlə”yə keçidinə rəhbərlik mane olub
Maliyyə durumu o qədər də ürəkaçan olmayan “Qəbələ” daha bir təcrübəli futbolçusu ilə yolları ayırmağı lazım bilib. Söhbət Cavid Hüseynovdan gedir. Müəyyən fasilələrlə bölgə təmsilçisinin şərəfini qoruyan, “qırmızı-qaralar”ın aparıcı futbolçularından biri hesab olunan Cavid hazırda azag agent statusu ilə başqa klublardan təklif gözləyir. “Qırmızı-qaralar”la yolları ayrılan yarımmüdafiəçi “Qəbələ”dən gedişini belə əsaslandırdı: “Qəbələ” ilə müqaviləmin müddəti mövsümün sonunda başa çatırdı. Rəhbərlik səviyyəsində yeni anlaşma təklif olunmadığına görə “Qəbələ”dən ayrıldım. Hazırda azad agent statuslu futbolçuyam, istədiyim klubla müqavilə bağlaya bilərəm. Yeni təkliflərə gəlincə, açığını desəm, hələ ki ortada real heç nə yoxdu. Mövsüm yeni başa çatıb, komandalar istirahətdədilər. Bəlkə də bu üzdən heç kim hələ təklif göndərməyib. Bildiyimə görə, bəzi klublar mənimlə maraqlanır. Hər iki tərəfə sərf edən şərtlər olsa, qəbul edəcəm”.
Sənan Qurbanov “Keşlə”nin baş məşqçisi təyin olunduğu gündən Hüseynovu paytaxt təmsilçisində görmək istəyir. Qış fasiləsində Cavidin “qırmızı-ağlar”a keçidi gözlənilsə də, hansısa səbəbdən bu alınmadı. Mövsüm başa çatandan sonra düşünmək olardı ki, Hüseynovun “Keşlə” ilə müqavilə bağlaması yolunda heç bir maneə olmayacaq və Sənan bəy Cavidi çalışdırıdığı komandaya gətirəcək. Lakin bugünlərdə əldə etdiyimiz bilgiyə görə, “Qəbələ”nin sabiq oyunçusunun Bakı klubuna keçidi baş tutmayıb, daha doğrusu, rəhbərlik onun xidmətində maraqlı olmayıb. Söylənilənlərə aydınlıq gətirmək üçün Cavidlə söhbətdə sözügedən məsələyə də toxunduq: “Sənan Qurbanov məni çoxdan tanıyır. O “Qəbələ”nin məşqçilər koprusunda yer aldığı müddətdə mən də futbolçu kimi çıxış etmişəm. Futbolçu kimi nəyə qadir olduğumu yaxşı bilir, insani kefiyyətlərimə də bəlləddi. Bəli, hələ qış fasiləsində mənim “Keşlə” ilə müqavilə bağlayacağım gündəmə gəlmişdi. Həmin vaxt özüm komandanı dəyişmək istəmədim. Artıq söz-söhbət yarana biləcəyini nəzərə alıb, “Qəbələ”də qalmağı lazım bildim. Təəssüf ki, baş məşqçi mənə yetərincə oynamaq şansı vermədi. Hələ onda hiss etmişdim ki, mənə yeni müqavilə təklif olunmayacaq. Yay transfer dönəmində “Keşlə” ilə anlaşacağıma gəlincə, ölkə kubokunun final qarşılaşmasından öncə Sənan Qurbanovla danışdıq. Onda da bir daha “səni “Keşlə”də görmək istəyirəm” dedi. Ancaq finalın ertəsi əlaqə saxlayaraq, “rəhbərlik səni komandada görmür və buna görə də “Keşlə”yə keçidin alınmayacaq” söylədi. Mən də baş məşqçiyə durumu anlayışla qəbul etdiyimi bildirdim”.
Təcrübəli futbolçu kimi Cavidlə söhbətdə təmsilçilərimizin avrokuboklarda şanslarını dəyərləndirməsini də istədik: “İlk növbədə dörd klubun hər birinə beynəlxalq görüşlərdə uğurlar arzulayıram. Son mövsüm çox maraqlı alındı, sona qədər çempionluq uğrunda gərgin mübarizə getdi. “Qəbələ” də son 5 tura qədər Konfrans Liqasına vəsiqə qazanamaq şansını saxlayırdı. Təəssüf ki, sona qədər mübarziə aparmağa gücümüz çatmadı, bir qədər də şanssızlıq buna mane oldu. Avrokuboklarda çıxış edəcək klublarımıza gəlincə, bildiyiniz kimi, üçü yeni yaranan Konfrans Liqasında çıxış edəcək. “Qarabağ” heyəti bir qədər də gücləndirsə, həmişəki kimi bizi sevindirə biləcək. “Keşlə” ölkə kubokunun qalibi olmaqla potensiallı komanda olduğunu ortaya qoydu. Sənan Qurbanov ölkə daxilində uğur qazanamış mütəxəssis kimi çalışacaq ki, eyni uğuru beynəlxalq arenada da təkrarlasın. İnandırım sizi, Qurbanovun buna potensialı çatır. “Sumqayıt”ın vəziyyəti hazırda bir qədər qeyri-müəyyəndi. Mətbuatda oxuduğum xəbərlərə inansaq, Ayxan Abbasovun postunda qalıb-qalmayacağı, aparıcı futbolçuların yeni müqavilə imzalayıb-imzalamayacağı hələ dəqiqləşməyib. Rəhbərlik heyəti qoruyub saxlaya və ən əsası Ayxan müəllimi işini davam etdirməyə razı sala bilsə, “kimyaçılar”dan da ən azı ötənilkindən yaxşı nəticə gözləməyə dəyər. O ki qaldı Çempionlar Liqasında çıxış edəcək “Neftçi”yə, hər şey püşkdən asılıdı. İlkin təsnifat görüşlərində bakılıların qarşısına eyni gücdə rəqib çıxsa, Samir Abasovun çalışdırığı kollektivdən nəsə gözləməyə dəyər. Təbii ki, heyət daha da güclənməlidi”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.