Son çempion “Neftçi” ətrafında söz-söhbət səngimir. Yerli mediada flaqmanın bir çox futbolçusunun ayrılıq xəbərləri yayılır, bir neçə yeni oyunçunu heyətinə daxil etdiyi bildirilir. Həmin informasiyaları diqqətinizə çatdırırıq.
"Neftçi" Bruno Teluşi ilə yollarını ayırmağı qərara alıb. Albaniyanın newsport.al saytının məlumatına görə, son çempion müqavilə müddəti başa çatan 31 yaşlı yarımmüdafiəçi ilə vidalaşıb. Buna baxmayaraq, Bruno karyerasını Azərbaycanda davam etdirə bilər. Belə ki, alban həmkarlarımız çempionatı 4-cü sırada bitirərək avrokuboklara düşməyən "Zirə"nin Teluşini heyətinə qatmaq istədiyini yazıb. Onun Albaniyadan da təkliflərinin olduğu bildirilib.
“Neftçi” müqaviləsinin müddəti başa çatan Tallison Diasla danışıqlar aparır. Braziliyalı futbolçu hələ ki komanda ilə sağollaşmayıb. Yaxın günlərdə sol cinah müdafiəçisinin taleyinə aydınlıq gələcək. Braziliyalı “ağ-qaralar”ın şərtləri ilə razılaşsa, onun növbəti mövsüm də komandada çıxış etmək şansı var. Lakin paytaxt təmsilçisi böyük ehtimalla 30 yaşlı müdafiəçi ilə yolları ayıracaq.
Çempionlar Liqasında çıxış edəcək "Neftçi" heyətini gücləndirmək üçün səfərbər olub. Paytaxt təmsilçisi "Sumqayıt"ın üzvü Xəyal Nəcəfovu rənglərinə bağlamağa hazırlaşır. 23 yaşlı yarımmüdafiəçi ilə 2024-cü il iyunun 30-dək razılığa gəlinib. Redaksiyamıza məsələ ilə bağlı məlumat daxil olub. Mənbəmiz iddia edir ki, Samir Abasov futbolçunun oyununu bəyənir. Lakin onun “Sumqayıt”la müqaviləsinin qüvvədə olması işləri çətinə salır. “Kimyaçılar” əsas futbolçusunu rahat əldən buraxmaq niyyətində deyil.
Ötən mövsüm hücumçu baxımından problem yaşayan “ağ-qaralar” bu mövqeyi gücləndirmək niyyətindədi. Flaqman menecerlər vasitəsilə Avropanın ortabab çempionatlarında çıxış edən hücumçu axtarışındadı. Son çempion bu mövqeyə azı iki futbolçu transfer etmək niyyətindədi. Əsasən Portuqaliya, Fransa və İspaniyanın ikinci liqalarında çıxış edən oyunçulara üstünlük verilir. Həm azad agent, həm də transfer qiyməti münasib olanlar arasından seçim ediləcək.
İLKİN SULTANLI