Sizin reklam burada

U-21-in futbolçuları Lobanovski turnirini faydalı sayır

Title
Şakir Seyidov: “Özbəkistanla oyunda o qədər də yaxşı çıxış etmədik”
21 yaşadək futbolçulardan ibarət milli komandamız ötən həftə Valeri Lobanovskinin xatirə turnirində iştirak etdi. Milan Obradoviçin yetirmələri Ukraynada keçirilən yarışı ikinci pillədə bitirdi. Baxmayaraq ki, U-21 ilk oyunda meydan sahiblərini “Qarabağ”ın forvardı Musa Qurbanlının qolu ilə minimal hesabla məğlub etdi. Ukraynanın heyətindəki oyunçuların çoxunun 19 yaşlılardan ibarət fulbolçuların dünya çempionatında qalib olduğunu nəzərə alsaq, Obradoviçin komandasının onları məğlub etməsini yaxşı nəticə saymaq olardı. Di gəl ki, yığma ertəsi gün Özbəkistana eyni hesabla uduzmaqla çempionluq şansını əldən verdi. Halbuki asiyalıları güc və hazırlıq baxımından millimizdən zəif hesab etmək olardı. Lakin özbəklər son görüşdə ukraynalı həmyaşıdlarını məğlub edərək turnirin qalibi olmaqla yığmamıza təsadüfən qalib gəlmədiklərini sübut etdilər. Bu nəticə ilə U-21 Lobanovskinin xatirə turnirini gümüş medala baş vurdu.
Bəs bu görüşlər yığmamız üçün nə dərəcədə faydalı oldu? Yarışın qalibi olmaq üçün nə çatmadı? Ardcıl iki gün meydana çıxmaq futbolçulara çətinlik yaratmayıb? Bu sualların cavabını ötən sayımızda millinin baş məşqçisi Milan Obradoviçə ünvanlamışdıq. Serbiyalı mütəxəssis həm bəxt, həm də oyunların 22 saat fərqlə keçirilməsi amilini qabartmışdı. Bəs U-21-in futbolçuları nə düşünürlər?
Şakir Seyidov: “Turnirin yüksək səviyyədə keçdiyini deyə bilərəm. Komanda olaraq özümüzü yaxşı tərəfdən göstərdik. Təbii ki, bundan artığın da edə bilərdik. Komandanın üzvlərində potensial var. Bu oyunlar bizə çox şey verdi. Avropa çempionatının seçmə mərhələsindən öncə yaxşı təcrübə oldu. Özbəkistanla oyunda o qədər də yaxşı çıxış etmədik. Təcrübəsizliyimizdən məğlub olduq. Düzdü, onlar heç də zəif rəqib deyildilər. Çünki bizimlə oyunun ertəsi Ukrayna millisini 2:0 hesabı ilə məğlub etdilər. İlk hissədə müdafiə olunduq. Lakin fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Düzdü, son dəqiqələrdə qalib də gələ bilərdik. Amma şanslardan istifadə edə bilmədik. Komanda olaraq üzərimizdə çalışıb, daha yaxşı nəticələr qazanacağıq. Buna inanıram”.
Vidadi Cəfərov: “Bu turnir mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Milli komandanın heyətində debüt etdim. Sevincimin həddi-hüdudu yox idi. Səfərimiz yaxşı keçdi. Çox əla kollektivimiz, mehriban və səmimi komanda yoldaşlarım var. Yığmanın heyətində ilk oyunuma çıxdım. Həqiqətən də çox qürurverici bir hiss idi. Ukrayna ilə qarşılaşma çox yaxşı keçdi. Əsl komanda oyunu nümayiş etdirdik. Bütün gücümüzü bu görüş üçün toparlamışdıq. Allaha şükür, bunun bəhrəsini gördük. 22 saat keçməmiş Özbəkistanla oyunda yorğunluq hiss olunurdu. Düzdü, onlarla görüşə də qələbə üçün çıxmışdıq. Amma çox təəssüf ki, alınmadı. Buna görə üzgünük. Lakin deyə bilərəm ki, hazırda U-21-də çox yaxşı potensiallı oyunçular var. İnşallah, bu il millimizin uğurlarına daha çox sevinəcəyik”.
Nicat Mehbalıyev: “Valeri Lobanovskinin xatirə turniri çox yaxşı keçdi. İlk qarşılaşmada meydan sahibləri ilə münasibətləri aydınlaşdırdıq. Baş məşqçimiz Milan Obradoviç rəqibi çox yaxşı təhlil etmişdi. Bakıdakı hazırlıq prosesində onlar haqda bütün məlumatlara yiyələnmişdik. Oyuna tam hazır idik. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Şükürlər olsun ki, qələbə qazana bildik. Özbəkistanla qarşılaşmanı təhlil etsək, görərik ki, ilk hissədə yüzfaizlik qol vəziyyətlərindən yararlana bilmədik. Amma sözsüz ki, bir gün əvvəl Ukrayna kimi komandaya qarşı oyun keçirib, ertəsi asiyalılarla matça tam hazır çıxmaq bir az çətin idi. Komanda yoldaşlarıma təşəkkür edirəm. Məğlub olsaq da, hamı meydanda can qoydu. Bütün futbolçular əllərindən gələni etsələr də, alınmadı”.
Turan Vəlizadə: “Bu turnirdə iştirak bizim üçün olduqca vacib idi. Yaxın vaxtlarda Avropa çempionatının seçmə mərhələsi start götürəcək. Bu oyunlar həmin qarşılaşmalar üçün çox yaxşı hazırlıq oldu. Hər iki görüşü bizim üçün sınaq hesab etmək olar. Çox yaxşı, formalaşmış heyətimiz var. Turnirdə olduqca sıx qrafikdə oynadıq. Məqşçimizin tapşırıqlarını komanda şəklində maksumum yerinə yetirməyə çalışdıq. Güclü Ukrayna millisini məğlub etdik. Onların oyununa bələd idik. Necə güclü rəqiblə qarşılaşdığımızı bilirdik. Ukraynalılarla görüşdə komanda şəklində çox yaxşı oyun nümayiş etdirdik. Özbəklərlə matçda isə turnirin sıx qrafiklə keçirilməsi təsir göstərdi. Nəticədə məğlub olduq. Lakin yenə turnirin komandamız üçün çox yaxşı sınaq olduğunu deyə bilərəm”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.