Telekanal AÇ-2020-nin oyunlarını İTV ilə birgə təqdim edəcək
Bir çox çempionatlarda olduğu kimi, İngiltərə premyer-liqasında da mövsüm başa çatdı. Azərbaycanlı futbolsevərlər son turların qarşılaşmalarına düz-əməlli baxa bilmədilər. Buna səbəb “İdman TV”nin yayını təşkil edən şirkətə borcunun yaranması olub. Türkiyə şirkəti də bu səbəbdən telekanala premyer-liqa matçlarının siqnalını ötürməyib. “İdman TV”nin direktor müavini Rövşən Binnətli qəzetimizin ötən saylarında problemi aradan qaldırmağa çalışdıqlarını bildirsə də, çempionatın son turunun görüşləri də Azərbaycan tamaşaçısına təqdim olunmadı.
Builki problemləri kənara qoyub, gələcəyi düşünək. “İdman TV” növbəti mövsüm İngiltərə premyer-liqasının matçlarını təqdim edəcəkmi? Avropanın ən maraqlı çempionatının yayın hüququ yenə bu telekanala məxsus olacaq? Rövşən Binnətli sualı belə cavabladı: “Mövsüm başa çatdı. Bir sıra problemlər yaşadıq. Yeni mövsümdə nələr baş verəcək? Hələ ortada konkret fikir yoxdu. Qarşıda bizi bəzi tədbirlər gözləyir. Məsələn, Avropa çempionatının yayın hüququ “İctimai TV” ilə birgə bizdədi. Yay Olimpiya Oyunlarını da tamaşaçılara yüksək keyfiyyətdə təqdim edəcəyik. İndi bu tədbirlərlə bağlı hazırlıq işləri görürük. Bu yarışlar bitəndən sonra yeni mövsümlə bağlı müzakirə aparıb, qərarlar qəbul edəcəyik. Hazırda dəqiq nəsə deyə bilmərəm”.
Tanınmış şərhçi növbəti mövsüm üçün yenidən Türkiyə şirkəti ilə əməkdaşlıq edib-etməyəcəkləri ilə bağlı isə bunları söylədi: “Bayaq qeyd etdiyim kimi, hələ yeni mövsümlə bağlı qərar verilməyib. Avropa çempionatı, Yay Olimpiya Oyunları bitəndən sonra yayın məsələsi ilə bağlı strategiyamız bəlli olacaq. Hələ ki bu böyük turnirləri tamaşaçılara keyfiyyətli şəkildə təqdim etmək barədə düşünürük. Sağlıq olsun, soruşduğunuz məsələ ilə bağlı yenilik olanda həm ictimaiyyətə, həm də həmkarlarımıza geniş məlumatda veriləcək. Amma indi konkret bir söz deyə bilmirik. Çünki məsələni dəqiqləşdirmədən yayının olub-olmayacağını desək, yalan informasiya vermiş olarıq. Bu səbəbdən də müzakirələrdən sonra hamıya bu istiqamətdə yekun məlumat verəcəyik”.
İLKİN SULTANLI