Sizin reklam burada

Mahir, hava limanı səni gözləyir!

Title
Bizim futbolda istər nəticə, istərsə xaricdə təmsilçilik baxımından uğurların sayı o qədər azdı ki, adam bəzən kiçik bir ümidin ətəyindən yapışıb, ömürboyu sallanmaq, təkəm-seyrək legionerin başına karusel kimi fırlanmaq istəyir. Yadımdadı, futbolumuza maliyyə axını başlamayanda, başqa ölkələrdə legionerlərimiz olanda onların az qala hər addımını izləyir, məhdud internet imkanları və resursları əsasında ələ keçirdiyimiz hər informasiyanı oxucuya bal əvəzi satırdıq. Əlbəttə, bunda qəribəlik yox idi. Bir var futbolçu evdə, doğma divarlar, doğma tribunalar önündə oynasın, bir də var ondan daha yaxşı oyun gözləyən yad publika önündə. İndi bu baxımdan “qısırlıq” yaşansa da, vaxtilə Rusiya və Ukrayna çempionatlarında çıxış edən bizimkilər də arabir diqqət mərkəzinə düşürdü, oyunu ilə alqış-tərif qazanırdı. Detallara girmək istəmirəm, ona görə ki, yazının hədəfi başqadı.
Azərbaycan futbolunun milyonlarla (çox oldusa, “minlərlə” kimi oxuyun...) həvəskarı kimi, mən də günlərdi Mahir Emreli epopeyasının xoş sonluğa çatmasını gözləyirəm. Göydən üç alma düşməsi lazım deyil, sadəcə, Azərbaycan futbolunun ən böyük istedadlarından biri özünü layiqincə göstərə bilsin, yetər.
Mahir Təmkin Xəlilzadənin yolunu tutub, perspektivi yox, pulu seçsəydi bu gün bütün ölkə ona ikrahla baxardı. Mən hələ də Təmkinin hərəkətini anlamaqda çətinlik çəkirəm. Karyerasının ən yaxşı dönəmini yaşayan birisi avrokuboklara qatılacaq komandaları yox, “Zirə”ni seçirsə, deməli, çox ciddi sarsıntı içindədi və bu adama, sadəcə, doğru yol göstərən yoxdu. “Futbolçu ömrü qısadı” kimi poetik ifadə burda işə yaramır e... Futbolçu ömrü qısadısa, sonra karyerasını məşqçi, idman direktoru, inzibatçı, nə bilim, nə kimi davam etdirsin. Amma potensialın, gücün, səviyyən var, təəssüf ki, bütün bunların fonunda ağıl, düşüncə problemi yaşayırsan. Sadə bir məntiq var: klub və yığma ilə qarşıya qoyulan hədəflərə çata bilməyən istənilən futbolçu özünü göstərmək üçün hər imkandan yararlanmalıdı. Bizim futbolçuların əlinə belə imkan yayda – avrokubok mövsümündə düşür. Onu ayağının tozu ilə itələyib, pulun dalınca qaçana mən yaxşı heç nə arzulaya bilmərəm. Bu da mənim düşüncə tərzimdi. Səhvdi, düzdü – başqa məsələ...
Hə, Mahirin məsələsinə dönürəm. Yüzdəyüz əminəm ki, onun özünü Avropaya və avropalılara göstərmək, azərbaycanlı futbolçunun yeni imicini tanıtmaq baxımından hər cür imkanı, potensialı var. Biz dünyada musiqi, neft, nəhayət, hərb ilə iz qoyan xalqıq. Artıq futbolçularımız da bu prosesə töhfə verməlidi. Bu ölkənin üzə, ortaya çıxarılası yığması yoxdu. Düzdü, bunu qəbul etmək çətindi, ancaq hər acı reallığa görə özümüzü asası deyilik. Deməli, yük düşür futbolçuların üzərinə. Mahir isə yeni futbolçu nəslinin ən parlaq nümayəndələrindəndi. Mənə elə gəlir ki, onun Azərbaycan futbolundakı missiyası bitib. Vətəndə qalacağı təqdirdə nə bundan daha artıq pul qazanacaq, nə də səviyyəsi yüksələcək. Odu ki, təkliflərdən birini dəyərləndirib, ən qısa zamanda hava limanının yolunu tutmalıdı. Mahirin oyun üslubu, texniki və fiziki bacarıqları istənilən çempionatda özünü göstərməyə imkan verir. Sadəcə, düzgün qərar vermək, uyğunlaşmanı tezliklə arxada qoyub, azərbaycanlı futbolsevərləri sevindirmək lazımdı. Özü də Mahir mental baxımdan da fərqli futbolçu tipinə malikdi, elə ilk çətinlik anında vətən, Bakı, Azərbaycan üçün gözünün suyunu axıdanlardan deyil. Ona görə də imkan daxilində bu işi tez bitirməli, legioner həyatına başlamalıdı. Məhz onun azərbaycanlı futbolçunun yeni obrazının daşıyıcısı ola biləcəyinə nədənsə çox inanıram.
Mümkün transfer söhbətləri fonunda məni azacıq rəncidə edən yeganə məqam Mahirin “Qarabağ”a pul qazandırmadan getmək reallığıdı. Əslində zamanında klub və futbolçu bu məsələ üzərində ciddi düşünməli, ortaq məxrəcə gəlməliydi. Yəni klubun da illərboyu maliyyə təminatını ən yüksək səviyyədə həyata keçirdiyi futbolçunun transferindən nəsə ummağa haqqı çatır. Məsələnin məhz belə alınmasında klubun, futbolçunun, menecerlərin rolunun nədən ibarət olduğunu bilmirəm. Sadəcə, tarixi yaddaş üçün xatırlatdım. İnşallah, transfer baş tutandan sonra xeyir-duasını da ayrıca verərik.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.