Sizin reklam burada

Qardaş silləsi ilə gələn ardıcıl 4-cü məğlubiyyət

Title
Beynəlxalq yoldaşlıq oyunu
268. Türkiyə - Azərbaycan 2:1 (2:1)
12. Altay Bayındır
(23. Gökhan Akkan, 74)
18. Rıdvan Yılmaz
(17. Efecan Karaca, 46)
4. Çağlar Söyüncü
3. Merih Dəmiral
2. Mərt Müldür
22. Kaan Ayhan (k)
15. Taylan Antalyalı
19. Orkun Kökçü
(10. Abdülkadir Ömür, 67)
11. Halil Akbunar
(6. Ozan Tufan, 84)
7. Cengiz Ündər
(8. Kərəm Aktürkoğlu, 46)
9. Halil Dərvişoğlu
(16. Enes Ünal, 67)
Ehtiyat oyunçular
1. Mərt Günok
5. Okay Yokuşlu
13. Umut Meraş
14. Mahmut Təkdəmir
Baş məşqçi: Şenol Günəş

1. Emil Balayev
17. Elvin Cəfərquliyev
(3. Azər Salahlı, 63)
15. Bədavi Hüseynov
18. Anton Krivotsyuk
5. Maksim Medvedev (k)
13. Abbas Hüseynov
(21. Toral Bayramov, 72)
2. Qara Qarayev
20. İsmayıl İbrahimli
(10. Murad Xaçayev, 63)
8. Emin Mahmudov
(6. Vüqar Mustafayev, 79)
7. Namik Ələskərov
(19. Təmkin Xəlilzadə, 79)
11. Ramil Şeydayev
(9. Əli Qurbani, 63)
Ehtiyat oyunçular
12. Aydın Bayramov
23. Mehti Cənnətov
4. Rahil Məmmədov
14. Höccət Haqverdi
16. Sərtan Taşkın
22. Rəhim Sadıxov
Baş məşqçi: Canni de Byazi
Qollar: E.Mahmudov, 28 (0:1). H.Dərvişoğlu, 34 (1:1). K.Ayhan, 45 (2:1).
Vərəqələr: M.Medvedev, 54. Ə.Qurbani, 72 – sarı.
Hakimlər: GENC NUZA, Fatlum Berişa, Bujar Selimaj, Visar Kastrati (hamısı Kosovo).
27 may. Alanya. “Oba” stadionu. 400 tamaşaçı.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Bəlkə də çoxları yığmamızdan belə inamlı oyun gözləmirdi. Oyundan əvvəl hər iki düşərgədən gələn açıqlamalar görüşün dostluq-qardaşlıq ab-havasında keçəcəyindən xəbər versə də, 90 dəqiqə meydanda uduzmaq istəməyən, sona qədər mübarizə aparan iki komanda gördük. Şenol Günəşin şans verdiyi futbolçular AÇ ərəfəsində baş məşqçiyə özünü göstərmək eşqi ilə alışıb-yanırdısa, De Byaznin güvəndiyi oyunçular üçün bu matç özünütəsdiq anı idi. Və bu üzdən artıq ilk dəqiqələrdən meydanda sürətli oyuna şahidlik etdik. Əvvəlki oyunlardan fərqli, milli bu görüşdə heç də qorxaq təsir bağışlamadı ki, bunu da müsbət məqam kimi qeyd etmək olar. Adətən, meydanda “2-ci skripka” rolunda olan Azərbaycan millisi bu dəfə daha güclü meydan sahiblərindən çəkinmədi və ilk dəqiqələrdən rəqibin təklif etdiyi tempə uyğun futbol sərgilədi. Futbolçularımız çoxgedişli və sürətli hücumlar hesabına zaman-zaman “ay-ulduzlular”ın qapısı önündə təhlükəli vəziyyətlər yaratmağı bacarırdılar. Belə hücumlardan biri qolla nəticələndi. 28-ci dəqiqədə Emin Mahmudov Abbas Hüseynovun sağ cinahdan cərimə meydançasına ötürməsini təktoxunuşla qapıya göndərməklə hesabı açdı. Qolda həm Abbasın, həm də Eminin yüksək ustalıq nümayiş etdirməsini vurğulamaq lazımdı. Yeri gəlmişkən, “Qarabağ”ın futbolçusu meydanda olduğu müddətdə ən yaxşılardan biri idi. Ancaq De Byazinin yetirmələrinin qol sevinci uzun sürmədi. 6 dəqiqə sonra Dərvişoğlu standart vəziyyətdən qapımız önünə asmanı başla dəqiq tamamladı. Hissənin son saniyələrində isə Ayhan Balayevdən dönən topu çətinlik çəkmədən tora qovuşdurdu. Hər iki qolda Krivotsyukun səhvi var idi. Dərvişoğlunun fərqləndiyi an müdafiəçi onu boş buraxdısa, ikinci qolda qapıçıdan dönən topa vaxtında reaksiya verə bilmədi və bundan istifadə edən Ayhan adını tabloya yazdırdı. İlk yarınin son saniyələrində yığma qapısında qol görüb hesabda geri düşsə də, heç də pis təsir bağışlamadı.
Fasiıədən sonra hər iki baş məşqçi sərəncamında olan başqa futbolçulara da oynamaq şansı yaratdı. Bəlkə də bu üzdən 2-ci hissə birinci ilə müqayisədə o qədər də maraqlı və sürətli alınmadı. Meydan sahibləri müəyyən ərazi üstünlüyünə yiyələnib qapımıza doğru hücumlar etsələr də, bizimkilər də borclu qalmırdı. İkinci yarının ən real qol şansını sonradan meydana çıxan Təmkin Xəlilzadə boşa verdi. O, yaxın məsafədən topu qapının üstündən vurdu ki, həmin an meydan sahiblərinin, sadəcə, bəxti gətirdiyi. Beləliklə, yığmamız 2021-ci ildə keçirdiyi ardıcıl 4-cü oyunda məğlubiyyətlə barışdı. Əvvəlki oyunlarda Portuqaliya (0:1), Serbiya (1:2) və Qətərə (1:2) uduzmuşduq.
RƏŞAD

Reaksiyalar
Canni de Byazi: “Oyun ərzində bir neçə qol şansımız olsa da, bundan yararlana bilmədik. Standart vəziyyətdən iki qol buraxdıq ki, bu da məni çox əsəbləşdirdi. Məncə, o qolları buraxmaya bilərdik. Ümumilikdə komanda pis oyun nümayiş etdirmədi. Futbolçulardan razı qaldım. Heyətə gəlincə, ölkə kubokunun finalından sonra bəzi futbolçular yorğun olduğundan fiziki hazırlığı daha yaxşı olanlara şans verdim. Finalda iştirak edən futbolçular bu görüşdə 90 dəqiqə oynamaq iqtidarında deyildi. Buna görə də bəzilərini sonradan meydana buraxdım. Qarşıdakı Belarusla oyun barədə indidən fikir bildirmək istəmirəm”.
Şenol Günəş: "Hazırlıq matçı idi. Yeni oyunçuları görmək istəyirdik. Bəzilərini riskə atmaq istəmirik, bəzilərini isə daha çox yükləyirik. Səhvlərimiz və çatışmazlıqlarımız var. Amma qələbə qazanmaq həmişə gözəldi. Azərbaycan yığması son 3 oyunda heç də pis təsir bağışlamayıb. Komanda öz gücündən yaxşı istifadə etməyi bacarır. Bizə çətinlik yaşatdılar. Sürətli əks-hücumlara çıxırdılar. Halilin ayaq biləyində problem var. Ciddi olmayacağını düşünürük. Altayın vəziyyəti isə daha yaxşıdı. Sabah durumlarına tam aydınlıq gələcək. Bu matçda oyun sistemində müəyyən dəyişikliklər etdik. Əslində əsas məqsəd də elə bu idi. Rəqib yaxşı qapanıb, hücuma keçirdi. Hesabda da önə keçdilər. Amma sonradan qollar vurub üstünlüyü ələ aldıq. Qardaş komanda ilə dostluq matçı oldu. Əvvəlcə İtaliya ilə, ardınca isə Bakıdakı oyunlara hazırlaşacağıq. Bu gün qələbə qazanmaq istəyirdik. Qələbə qazanmaq yaxşıdı. Amma təndiq edəcəyimiz məqamlar da var. Bu gün fərdi səhvlər, top itkiləri əsas problemlərimizdi. Bütün bunlar sonra bizə çətinlik yaşada bilər. Rəqibin bu qədər hücum edəcəyini gözləmirdik. Biz isə əksinə, ön xətdə yaxşı çıxış etmədik”.
Kərəm Aktürk: “Çox həyəcanlıydım. Alanyada azarkeşlər önündə oynamaq da uzun fasilədən sonra çətin idi. Azərbaycanla oynasaq belə, qalib gəlmək gözəl idi. Yüksək tempdə mübarizə oldu. Fikrimcə, yaxşı oyun keçdi. Hər iki komandanı təbrik edirəm”.
Halil Dərvişoğlu: “Ay-ulduzlu” formada ilk oyunuma çıxdım. Qol vurduğuma görə sevincliyəm. Komanda şəklində elə də yaxşı oyun göstərmədik. Amma hazırlığımızı davam etdirib, daha yaxşı oynamağa çalışacağıq”.
Nihat Özdəmir, TFF-nin prezidenti: “Gözəl oyun və yaxşı mübarizə oldu. “Tək millət, iki dövlət” sloqanı ilə oynadıq. Azarkeşlər də oyunboyu komandaları dəstəklədilər. Avropa çempionatı yolunda ilk oyunumuzu Azərbaycana qarşı keçirdik. Uels və İsveçrə ilə matçı Bakıda keçirəcəyik. Bu bir başlanğıcdı. İnşallah, qrupdan çıxıb, yolumuza davam edəcəyik".
Rövnəq Abdullayev, AFFA-nın prezidenti: “Türkiyə millisinə Avropa çempionatında uğurlar diləyirəm. İnanıram ki, türkiyəli qardaşlarımız Romadan qələbə ilə Bakıya gələcəklər və Azərbaycanda da zəfər çalacaqlar. Onların bizi sevindirəcəyinə inanıram”.
Mövlut Çavuşoğlu, Türkiyənin xarici işlər naziri: “Milli komandanın AÇ-2020 ərəfəsində mənim şəhərimdə oynaması bizi məmnun etdi. Bir millət, iki dövlətə yaraşan hazırlıq matçı oldu. Hər iki komanda yaxşı təsir bağışladı. Bu gün az sayda azarkeş var idi. Xüsusilə alanyalı fanatlara təşəkkür edirik. Həm Türkiyə, həm də Azərbaycanın lehinə şüarlar səsləndirdilər. Siyasəti idmana qarışdırmırıq. Lakin tərəfdarlar Qarabağın kimə aid olduğunu gözəl şəkildə xatırlatdılar. İnanıram ki, yığmamız Avropa çempionatında qrupdan çıxıb, çempionluğa doğru irəliləyəcək. Şenol Günəşin rəhbərliyi altında komandamıza güvənirik. Komandamız yaxşı formadadı. Bilirsiz ki, bəzi görüşlərimizi Azərbaycanda oynayacağıq. Qardaş Azərbaycanın millimizə düşərli olacağına inanırıq".

Gözdən qaçmadı...
* Oyunu izləyənlər arasında Mövlut Çavuşoğlu ilə yanaşı, gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu da var idi. Onlar oyunu TFF başkanı Nihat Özdəmir və İdarə Heyətinin üzvləri ilə birgə izlədi. Tribunalarda yer alan azarkeşlərə Türkiyə bayrağı da verilmişdi.
* Alanyada çoxlu banner asılmışdı. “Börüler” fanklubunun stadionun hasarına yerləşdirdiyi bannerin üzərində “Bizim çocuklar size emanet, qardaş” yazılmışdı. Alanya bələdiyyə başqanı Adəm Murat Yücelin arena yaxınlığındakı divara qoydurduğu bannerdə isə iki ölkə bayrağının şəkil yerləşdirilmiş və onların ortasında Azərbaycan dilində “Evinizə xoş gəlmişsiniz” yazılmışdı.
* Oyundan əvvəl Şenol Günəş yığmamızdakı həmkarı Canni de Byaziyə maraqlı hədiyyə təqdim edib. Türkiyə millisinin futbolçularının imzaladığı ay-ulduzlu forma italiyalı mütəxəssisə verilib. De Byazi isə üzərində Azərbaycan bayrağı olan və arxasında Şenol Günəş yazılan 1 nömrəli formanı həmkarına bağışlayıb.
* Türkiyə yığmasının tarixində ilk dəfə qələbə sayı məğlubiyyət sayını keçdi.

Rəqəmlər...
* Maksim Medvedev start heyətində meydana çıxmaqla 68-ci dəfə milli forma geydi və Azərbaycan yığmasında ən çox oyun keçirən futbolçuların siyahısında 7-ci yerə şərik oldu. “Qarabağ”dakı baş məşqçisi Qurban Qurbanova çatan kapitan onunla eyni göstəriciyə malikdi. Xatırladaq ki, yığmanın mütləq rekordçusu 111 oyunla Rəşad Sadıqovdu.
* Dünən daha iki futbolçu yığmada debüt etdi. Bunlar Murad Xaçayevlə Toral Bayramovdu. Murad yığma tarixinə 251-ci, Toral isə 252-ci futbolçu kimi düşdü.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.