Aftandil Hacıyev: “Maliyyə durumu futbolçuların tələblərinə uyğun deyil"
Təxminən 10 gündü çempionat başa çatıb. Artıq klublar heyəti gücləndirməyə, həmçinin bəzi futbolçularla müqavilə müddətini uzatmağa, bəziləriylə yollarını ayırmağa başlayıb. Digər tərəfdən, yay toplanışı, hazırlıq planları da qurulur. Avrokuboklara qatılacaq dörd komandanın planlarını müəyyən qədər təxmin etmək olur. "Neftçi", "Qarabağ", "Sumqayıt" və "Keşlə" avrokubok mövsümünün başlamasına uyğun toplanışa başlayacaq. Bəs avrokuboklardan kənarda qalan komandalar planlarını necə quracaqlar? Həmçinin heyətlə bağlı planlar necədi? Bir sözlə, bizi maraqlandıran suallara cavab tapmaq üçün klublara üz tutduq.
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev komandanın iyunun sonunda hazırlığa başlayacağını dedi: "Hazırda toplanışla bağlı mümkün variantları müzakirə edirik. Hazırlığı Türkiyədə keçmək ehtimalı var. Bu, büdcədən asılıdı. Büdcə imkan versə, Türkiyədə hazırlıq keçmək istəyirik. Bu variant alınsa, iyunun sonunda Qəbələdə bir həftə hazırlıq keçib, sonra qonşu ölkəyə yollanacağıq. Ölkə xaricində toplanış alınmasa, iyunun son həftəsindən etibarən Qəbələdə hazırlığa start verəcəyik. Heyətə gəlincə, hələ ki nə gedən, nə də gələn futbolçu var. Bu məsələ ilə bağlı çalışmalarımız davam edir. Yaxın günlərdə kimin komandada qalacağını, kimin gedəcəyini biləcəyik".
"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov da Türkiyə variantının olduğunu açıqladı: "Yay toplanışı ilə bağlı məsələlər qarşıdakı günlərdə dəqiqləşəcək. Təlim-məşq toplanışının ölkə xaricində baş tutmaq ehtimalı var. Dəqiqləşən kimi bu barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik".
Premyer-liqa komandalarından toplanışla bağlı daha çətin vəziyyətdə olan "Səbail"di. Baş məşqçisi Aftandil Hacıyev son qərarı vermədiklərini söylədi: "Komandanın toplanışı böyük ölçüdə yeni mövsümün startından asılı olacaq. Hazırda toplanışla bağlı dəqiq planımız yoxdu. Yəqin ki, çempionatın başlama vaxtı müəyyənləşəndən sonra planımızı quracağıq. Toplanışı harda keçəcəyimizə gəlincə, maliyyə imkanımıza görə ölkə daxilində nəzərdə tutmuşuq. Amma hər an hər şey dəyişə bilər. Premyer-liqa klublarından hansısa burda qalmasa, necə olacağını bilmirik. İmkanımıza uyğun ən sərfəli qərarı verəcəyik. Hələ ki müzakirələr gedir".
"Dənizçilər" heyətlə bağlı da qeyri-müəyyənlik yaşayır: "Hazırda futbolçularımız üçün təklifləri hazırlayırıq. Hələ hansısa futbolçuya yollarımızı ayırmaq istədiyimizi deməmişik. Yəqin gedənlər olacaq, amma hələ konkret ad yoxdu. İstərdim ki, ən azı bu heyəti qoruyaq. Çünki imkanımız çox geniş deyil. Amma necə olacağını bilmirəm. Maliyyə durumu futbolçuların tələblərinə uyğun deyil".
"Zirə"yə gəlincə, qəsəbə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadənin sözlərinə görə, yay toplanışı ilə bağlı plan hələ müəyyənləşməyib.
AYGÜL