Yaşar Vahabzadə: “Mircavadov, futbolçular ona baxırıq ki, bu nə edir?”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salır, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı futbol veteranı, butslarını mismardan asandan sonra müxtəlif klublarda və yığmalarda işləmiş, çalışdırıdığı yığma ilə hərbçilər arasında dünya çempionluğunu bayram etmiş, hazırda isə “Kəpəz”in “sükanı arxasında” olan Yaşar Vahabzadədi.
“Ala, az danış, deyəsən, dünən gecə bizim...”
Çalışdırdığım milliylə təlim-məşq toplanışında idim. Məşqlərin birində o vaxt AFFA-nın texniki direktoru vəzifəsində çalışan Bernard Lippert mənə yaxınlaşaraq “Yaşar, məşqin sonunda komandanı mənə verərsən, futbolçularla bir az işim var” söylədi. “Problem yoxdu” deyib, onun dedyi kimi etdim. Məşqin sonunda Lippert komandanı başına yığaraq futbolçuları cütlərə böldü, birə-bir futbol oynayacaqlarını dedi. Mən və köməkçilərim də kənarda dayanıb alman mütəxəssisin nə edəcəyinə baxırıq. Uşaqlar qapıları yaxınlaşdırdılar, hamı cütlərə bölündü və növbə ilə başladılar futbol oynamağa. İndi hamı müəyyən vaxtdan sonra meydanı tərk edir, yalnız qapıçı ilə bir oyunçudan başqa. Lippert həmin ikilinin oyunu davam etdirməsini istəyir. 1, 2, 3 oyun, bunlar meydandan çıxmırlar. 4-cü seriyada qapıçı dözməyərək almana etiraz etməyə başladı ki, hamını dəyişirsən, bizə isə dəymirsən. Lippert onun narazılığını gülə-gülə qarşılayıb, futbol oynamasını istədi. 7-ci seriyadan sonra ayaqüstə zorla dayanan qapıçı bu dəfə daha yüksək tonda Bernarda etiraz etdi və futbol oynamaq istəmədiyini bildirdi. Elə bu an onunla birlikdə olan futbolçu dözməyərək “ala, az danış, deyəsən, dünən gecə bizim “yat” komandasından sonra şəhərə çıxdığımızı Lippert görüb, ona görə də bizi cəzalandırır” dedi və topun arxasınca qaçdı. Artıq 8-ci oyundan sonra qapıçı özündən getdi və həkimlərin köməyi ilə onu paltardəyişmə otağına apardılar. Sən demə, bunlar gecə “odboy”dan sonra icazəsiz şəhərə çıxıblar və Lippert də görüb. Alman mütəxəssis bu yolla intizamı pozan cütlüyü cəzalandırdı.
“Mövsümboyu ehtiyat oyunçular skamyasında oturmuşam, ona görə...”
“Neftçi”də oynadığım vaxt idi. Baş məşqçimiz məşq zamanı qayıtdı ki “uşaqlar, hərə öz mövqeyinə getsin, növbəti tapşırığı yerinə yetirəcəyik”. Biz də oynadığımız mövqeyə çəkildik. Müdafiəçilər arxada, yarımmüdafiəçilər mərkəz xəttin ətrafında, hücumçular isə irəlidə yer aldılar. Elə bu vaxt adını çəkmək istəmədiyim futbolçulardan biri başını aşağı salıb qaçış zolağına tərəf yollandı. Mircavadov, futbolçular ona baxırıq ki, bu nə edir? Təsəvvür edin, baş məşqçi tapşırıq verib, bu isə icazəsiz, özbaşına meydanı tərk edir. Ağasəlim müəllim üzünü bizə tutaraq, “bu neynir, balam” deyib, bir neçə saniyə onun arxasınca baxdıqdan sonra “sən hara gedirsən” sualını vermişdi ki, həmin futbolçu “demədiz hərə öz möveyinə keçsin? Mən də öz yerimə gedirəm də. Mövsümboyu ehtiyat oyunçular skamyasında oturmuşam, ona görə də gedirəm skamyada oturmağa” söylədi. Bir neçə saniyə ortaya sükut çökdü və birdən hamımız gülməyə başladıq. Ağasəlim müəllim də bizə baxıb özünü saxlaya bilmədi, gülməyə başladı.
“Sən mənimlə “personalnı” oynamırsansa, niyə səni sağda da görürəm?”
Yenə “Neftçi”də oynadığım dönəm idi. Səfərdə Rostovun komandası ilə qarşılaşırdıq. Müdafiənin sol cinahında mən, sağda isə rəhmətlik Ələddin Ələkbərov oynayırdı. Onlarda da o vaxt SSRİ yığmasında oynayan Andreyev soyadlı bir oyunçu var idi. Matç ərzində görürəm ki, bu mənə birtəhər baxır. Hər dəfə ona yaxın duranda tərs-tərs nəzər salıb başını yelləyir. Hiss edirəm ki, adam nədənsə mənə təəccüblə yanaşır. Epizodların birində ondan topu alıb irəli vurdum. Bu geri qayıtmaq əvəzinə üzünü mənə tutaraq, “sən məndən nə istəyirsən? Sola gəlirəm, səni görürəm, sağa keçirəm, məndən əl çəkmirsən. Səndə nə qədər güc var” dedi. Onun bu sözləri məni bir qədər çaşdırdı. İndi özlüyümdə fikirləşirəm ki, mən nə vaxt sağ cinaha keçmişəm? Oyun başlayandan ancaq solda oynamışam, bu nə danışır? Bir neçə dəqiqədən sonra oyunda futbolçulardan kimsə zədələndi deyə meydana həkim çıxdı. Andreyev də tərslikdən həmin an mənim yanımda dayanmışdı. Fürsətdən istifadə edib, ona “mən ancaq solda oynamışam, sən nəyə görə deyirsən ki, məndən əl çəkmirsən?” Qayıtdı ki “sən mənimlə “personalnı” oynamırsansa, niyə səni sağda da görürəm?” Birdən mənə çatdı ki, o məni Ələddinə oxşadıb. Bir-birimizə çox bənzəyirdik, onda ikimiz də bığ saxlayırdıq. Bu yazıq da bizi səhv salıb. “Biz fərqli adamıq” demişdim ki, Andreyevin gözü kəlləsinə çıxdı, təəccüblə “ola bilməz, onda əkiz qardaşsız” söylədi. Əkiz nədi, ümumiyyətlə, qohumluq əlaqəmizin olmadığını demişdim ki, “mənə deyəndə ki, qafqazlıların hamısı bir-birinə qohumdu, inanmırdım. Bu gün bir daha şahidi oldum” söyləyib məndən uzaqlaşdı.
“Ayağının birində ayaqqabı, birində də “baxil” təyyarəyə mindi”
Bir dəfə rəhbərlik etdiyim yığma səfərə yollanırdı. Hamı bilir ki, hava limanında yoxlamadan keçəndə üstündəki metal məmulatlardan olan aksesuarları çıxarırsan. O vaxt ayaqqabını çıxarıb yoxlama aparatına verirdin. Texniki heyətdən olan rəsmilərdən biri kəmərini və ayaqqabısını çıxarıb yoxlamaya təhvil verdi. Bunu görən digər əməkdaşımız zarafat üçün həmin yoldaşın kəmərini və ayaqqabısının bir tayını götürüb uşaqların paketinin içinə atdı. Adam yoxlamadan keçib gözləyir ki, kəməri ilə ayaqqabısını götürsün. Biz də kənardan ona baxırıq. Gördük ki, bu ora-bura vurnuxandan sonra təngnəfəs bizə tərəf gəlir. Yanımıza çatan kimi “ayaqqabımın bir tayını və kəməri aparat yox elədi. Şalvar da əynimdən düşür. Mən indi neynəyəcəm” dedi. Biz də heç nə olmayıbmış kimi “bir şey fikirləşərik” cavabı verdik. Həkim “bint verim, şalvarı sıx” deyib ona minnət qoydu. Yazıq o saat razılaşdı. İndi təsəvvür edin, bintlə bağlanmış şalvar və ayağının birində ayaqqabı, birində də “baxil” təyyarəyə mindi. Yazıq gözləmə zalında utandığından yerindən də durmurdu. Təyyarəyə minəndə uşaqlardan biri ayaqqabı ilə kəməri stüardessaya verdi və tapşırdı ki, deyin sərnişinlərdən biri bunları unudub, kimindisə, götürsün. Təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra stüardessa əlində həmin paket elan verdi. Həmin şəxs elanı eşitmişdi ki, yerindən dik atıldı və “ikisi də mənimdi” deyib qızın üstünə qaçdı. Biz və təyyarədəki digər sərnişinlər bu olaya xeyli güldük. Ən maraqlısı o idi ki, yazıq qardaş səfərin sonuna qədər bunu öz uşaqlarımızın zarafatla etdiyini bilmədi.
“Toplardan muğayat olmağı tapşırıblar, futbolçulara nəzarət mənlik deyil”
U-21 ilə Avstriyaya - təlim-məşq toplanışına yollanmışdıq. Bizə yeni inzibatçı verilmişdi. Təzə olduğundan toplanış ərəfəsində AFFA-dan ona ciddi tapşırılmışdı ki, toplardan muğayat ol, məşqlərdə heç bir problem olmasın. Səfərin ilk günü məşq olmadı. Axşam komanda şam edərkən öz aramızda danışırıq ki, saat 1-dəki məşqdə bunu edərik, futbolçulara filan tapşırıqları verərik. Sən demə, inzibatçı bu söhbəti eşidir. Gördüm ki, yeməyini yarımçıq qoyub yeməkxanadan çıxdı. Şam yeməyini başa vurub oteldəki nömrəmə qalxırdım ki, inzibatçının çiynində topla dolu yekə çanta aşağı düşdüyünü gördüm. Açığı, bir az təəccübləndim. Soruşdum ki, “bu nədi, topları hara aparırsan?” İnzibatçı üzümə baxıb “müəllim, formalar artıq holldadı, topları da indi düşürdürəm. Məşqə kimi hər şey yüksək səviyyədə hazır olacaq” cavabını verdi. Qayıtdım ki, “başa düşmədim, sən bunları indi niyə hazırlayılrsan? Məşq sabahdı”. Bunu demişdim ki, yazığı elə bil cərəyan vurdu, dizləri qatlandı. Özünə gələndən sonra “siz bayaq saat 11 deyəndə elə başa düşmüşəm ki, məşq bu gecə saat 11-də olacaq. Ona görə yeməyi yarımçıq qoyub inventarları və formaları hazır etməyə getdim. Mənə bərk-bərk tapşırılıb ki, toplar itməsin, məşq prosesində problem yaranmasın” deyib, tərini sildi.
Ertəsi məşq zamanı toplardan biri stadionun yaxınlığından keçən kanala düşdü. İndi bu özünə əl qatıb, min bir yolla çalışır topu kanaldan çıxarsın, ancaq bacarmır. Bunu görən futbolçulardan biri “sən mənim ayağımdan tut, mən də uzanıb topu sudan çıxarım” dedi. İnzibatçı da razılaşdı. Nə isə, ikisi birləşib əməliyyata başlayıblar. Məni də maraq götürüb ki, bunlar topu çıxara biləcəklər, ya yox. Həmin futbolçu birinci topa çatmadı və qayıtdı ki, “bir az aşağıdan tut, irəli gedim”. Bu minvalla vəziyyət o həddə çatdı ki, inzibatçı az qala futbolçunun ayaq barmaqlarından tutur, o da topa yaxınlaşır. Birdən futbolçumuz topu ələ keçirib çətinliklə də olsa, onu geri tullaya bildi. İnzibatçı da futbolçunun ayağını buraxıb topu havada tutunca, qardaş su dolu kanala düşdü. Birtəhər uşağı kanaldan çıxardıq. Futbolçu quruya çıxan kimi üzünü inzibatçıya tutaraq “sən niyə məni buraxıb topu tutursan? Fikirləşmirsən ki, suya düşəcəm?” dedi. İnzibatçı da “mənə toplardan muğayat olmağı tapşırıblar, futbolçulara nəzarət mənlik deyil” dedi, topu da götürüb hadisə yerindən uzaqlaşdı. Onun sözləri hamımızı şoka salmışdı.
RƏŞAD