Sizin reklam burada

Bir qədəh də kasıbların sağlığına...

Title
Futbolumuzda elə hadisələr baş verir ki, normal məntiqlə bunları qəbul etmək, bunlara izah tapmaq, səbəb-nəticə əlaqələri axtarmaq çətindi. Yox, Ramin Musayevin “oyundan əvvəl Riada demişdim ki, uşaqları çox yorma, onsuz da “Keşlə” qalib gələcək” kimi yersiz, statusuna yaraşmayan ifadəsinin “başına ip salmaq”, sözdən söz çıxarmaq istəmirəm. PFL-in prezidentinin jurnalistlər, publika ilə səmimi ünsiyyət istəyi bəzən o həddə çatır ki, dediyi sözün fərqinə varmır, nəticədə çoxrəngli futbol ictimaiyyətinin narazılıq və sual dalğası qaçılmaz olur. Əslində “Neftçi” ilə bağlı qəlbindən keçənləri dilə gətirməsi də faktiki “Qarabağ”a atmaca şəklində görünüb, Ağdam klubunun rəhbərliyi istəsə, milçəkdən fil düzəldə, ondan izahat tələb edə bilər.
Amma izahat tələb olunası birinci adam Ramin Musayev yox, “Keşlə”nin Müşahidə Şurasının sədri, AFFA İcraiyyə Komitəsinin üzvü, bir əldə çoxlu qarpız tutan Zaur Axundovdu. 7 uzatma dəqiqəsini də nəzərə alsaq, kubokun Masazırda keçirilən final oyunu 21.25-21.30 radələrində başa çatıb. Futbolçuların yuyunması, mükafatlandırma mərasimi, stadiondan çıxmaq da hardasa 23.00-a qədər davam edib. Gözünə döndüyüm Zaur bəy bundan sonra qafiləsini Bakıdakı restoranların birinə çəkib, komandaya Konfrans Liqasına qatılmağa imkan verən qələbəni-titulu böyük sevinc hissi ilə qeyd ediblər. Əlbəttə, kapitalın hökm etdiyi dünyada kiminsə bayram təntənələrinə qarışmaq, buna mız qoymaq mənasız olardı. Məni narahat edən və bölüşmək istədiyim məqam başqadı. Belə çıxır ki, karantinin belə məclisləri tənzimləyən sərt qayda-qanunları ancaq kasıblar üçündü. Kimsə ata-anasına ehsan vermək, övladına nişan taxmaq, toy etmək istəyirsə, dərhal polis başının üstünü alır, masaların və adamların sayına, maskaya qədər ən müxtəlif bəhanələrlə adamları cərimələməkdən ləzzət alır. Amma Axundov, “Keşlə” camiəsi şəhərin ən populyar restoranlarından birinə yığışa, gec saatlara qədər badə qaldıra, şənlik edə bilər. Ona görə ki, kimsənin qəzəbinə və cəzasına tuş gəlməyəcəklərinə, qanunun sərt sifəti ilə üzləşməyəcəklərinə əmindilər. Bunun adı harınlıq, qanun-qayda saymamaq, özünü başqalarından üstün tutmaq, mənəvi-əxlaqi dəyərlərə, cəmiyyətdəki birgəyaşayıq qaydalarına tüpürməkdi. “Arxalı köpək qurd basar” kimi sərt və kobud ifadədən də yararlana bilərdim, amma elə düşünün ki, heç bu ifadəni yazmamışam.
Mənə maraqlı olan belə məsələləri tənzimləyən dövlət qurumlarının hadisəyə verəcəyi reaksiyadı. Ortada “Keşlə”nin kubok şadyanalığı ilə bağlı onlarla sübut və dəlil var. Lazım gəlsə, həmin restorana ödənilən pulun məbləğini, məclislə bağlı başqa maraqlı detalları da üzə çıxarmaq olar. Amma bunun üçün gərək hüquq-mühafizə orqanları ortaya iradə qoya. Biçarə kasıbı yaxalamağa, onunla qanunun sərt dili ilə danışmağa, onu ən yüksək məbləğdə cərimələməyə nə var ki?! Axundovun “Keşlə” nümunəsi onu göstərir ki, ölkəmizdə qanun çoxdan hər tərəfə əyilən bilən plastilini xatırladır. O ancaq kasıblar üçündü, zənginlər isə bütün hallarda məsuliyyətdən qaçacaq. Deməli, Zaur bəyə də “gözünün üstündə qaşın var” deyən olmayacaq, bundan sonra da daim qanunları ayaq altına atacaq və tapdalayacaq. Mənim beləsinə və beləsini himayə edənlərə sözüm yoxdu. Canınız sağ olsun, Zaur bəy! Qədəhlərdən birini də sizin kimi məclis qurmaq istəyən, amma buna görə cəzalanan kasıbların sağlığına qaldırın!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.