Sizin reklam burada

Faiq Həsənov çempionun dünya kubokuna qatılmasına mane olub

Title
Kişilər arasında ölkə çempionatının son qalibi Vasif Durarbəyli “feysbuk” hesabında maraqlı paylaşımla diqqəti çəkib. 29 yaşlı qrossmeyster Azərbaycan Şahmat Federasiyasının vitze-prezidenti Faiq Həsənovdan şikayətlənib: “Tarixdə ilk dəfə dünya kubokuna Avropa seçmələri hibrid formatda keçirilir. Məncə, yaranmış vəziyyətdə qənaətbəxş çıxış yolu bu idi və təşəbbüsü dəstəkləyirəm. Yarışda iştirak niyyətimi bir ay öncədən bəyan etsəm də, qatıla bilmədim. Səbəb isə Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitze-prezidenti cənab Həsənovun ölkəyə əcnəbi hakimin gətirilməsi xərclərinin AŞF tərəfindən ödənilməsinə qarşı olmasıdı. Hərçənd Qafqazın başqa ölkələri Ermənistan və Gürcüstan, eləcə də Avropanın əksər ölkələri əcnəbi hakim gətirib. Əlqərəz, Azərbaycan bu tarixi mötəbər yarışda təmsil olunmur”.
Fransada yaşayan Namiq Quliyev isə Faiq Həsənovu istefa verməyə dəvət edib. 2002-ci ilin sonunda AŞF ilə yaranan narazılıq üzündən 2003-də Azərbaycanı tərk edən “feysbuk” hesabında bunları paylaşıb: "Bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm: 2002-ci il Azərbaycan cempionatının nəticələrindən narazı qaldığıma görə 2003-ün əvvəlində Azərbaycanı tərk etmişəm. Bunun da əsas səbəbi Azərbaycan Şahmat Federasiyasının 1990-cı illərdən bəri apardığı özbaşına və heç bir idman prinsiplərinə hörmət qoymayan fəaliyyəti olub. Təkcə mənə qarşı ədalətsiz qərarların sayı yetərincədi. Bunu sübut edən faktlarım da var. Son Azərbaycan çempionatında oynamaq haqqım olduğu halda, heç yarışdan xəbərim olmayıb, mənə məlumat verilməyib. Bu gün başlayan dünya kubokunun seçmə mərhələsində, sadəcə, mən yox, belə başa düşürəm ki, heç bir Azərbaycan şahmatçısı iştirak edə bilməyib. Azərbaycan şahmatında bu günə qədər heç bir qayda-qanun, planlaşdırma olmayıb. Bu, özbaşınalıq və anarxiya ən azı 30 ildi davam edir. Ən sadəsi başa düşürəm ki, bu ölkənin qanunları hamıya aid deyil. Bizim federasiyanın vitse-prezidenti Faiq Həsənovun yaşı 80-i keçib. Ona möhkəm cansağlığı və uzun ömür arzulayıram. Ancaq Faiq Həsənov, imkan ver Azərbaycan şahmatçıları rahat nəfəs alsın və öz uğurları ilə azərbaycanlıları sevindirsinlər. Bu daşı tök ətəyindən, vəzifəni təhvil ver daha cavan nəslin nümayəndələrinə və rahat təqaüd illərini keçir, biz də rahat yaşayaq".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.